Ordu.az xəbər verir ki, Avqustun 25-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
Aksiyada Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı mütəxəssisləri 200-ə yaxın qazı və şəhid ailəsi üzvlərinin müayinəsini həyata keçirəcək. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə ediləcək.
Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20-dən artıq tibb heyəti Tərtərə ezam olunub.
İki gün davam edəcək aksiya çərçivəsində işğaldan azad edilən Talış kəndinə köçürülən keçmiş məcburi köçkün ailələri də tibbi müayinəyə cəlb ediləcəklər.
Daşqın Güneyli
Ordu.az