Hərçənd, ötən ilin sentyabrında Ermənistan tərəfindən atılan analoji addım ağır nəticələrə səbəb olmuşdu. Buna baxmayaraq, Ermənistan hakimiyyətinin növbəti dəfə belə bir eskalasiyaya imza atacağı heç bir halda inandırıcı görünmür. Onda sual yaranır: Niyə ermənilər sərhədə hərbi güc cəmləyir?
Eskalasiya?! Əgər Ermənistandaxili proseslərə diqqətlə nəzər salsaq, görərik ki, münaqişənin tənzimlənməsi istiqamətində aparılan danışıqlar fonunda rəsmi İrəvanın yenidən müharibə vəziyyətinə qayıtması ölkədəki siyasi hakimiyyətin vəziyyətini daha da pisləşdirəcək.
Hazırkı vəziyyəti və hakimiyyətin siyasi gedişlərini mövcud reallıqlara uyğun hesablaya bilməyən erməni cəmiyyətində Paşinyan hökumətinə qarşı çağırışların və etimadsızlığın çoxaldığı danılmazdır. Belə bir zamanda, sərhəddə baş verə biləcək silahlı qarşıdurmanın ermənilərin növbəti məğlubiyyəti ilə başa çatması Ermənistandakı siyasi gərginliyi ikiqat artıracaq. Bu isə təbii ki, heç bir halda, arzuolunan deyil...
Müharibəyə cəhd?! Başa çatmasından üç ilə yaxın vaxt keçən 44 günlük müharibədə Ermənistanın üzləşdiyi nəticələr, bu gün də ermənilər tərəfindən həzm edilə bilməyən məğlubiyyət, Ermənistan ordusundakı çoxqütblülük, müharibədən çıxan hərbçilərə qarşı açılan cinayət işləri, bu cinayət işlərinə görə siyasi rəhbərliyə hiddət və ehtiramsızlıq, hərbi qulluğa etibarsızlıq və sayrə kimi faktlar İrəvanın müharibə aparmaq imkanlarının yetərincə olmadığına dəlalət edir.
Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını etiraf edib bundan sonra qonşu dövlətə müharibə elan etmək Ermənistanın beynəlxalq hüquq qarşısında daha da çıxılmaz vəziyyətə düşməsi ilə sonlanacaq. Həmçinin, sülh prosesinə doğru atılmış xeyli addımları puça çıxarıb yenidən başdan başlamaq üçün İrəvan heç bir əsas tapmır. Əgər söhbət Azərbaycan ərazisində yaşayan ermənilərin taleyindən gedirsə, İrəvan məsələnin sülhlə nizamlanmalı olduğunu çox gözəl anladığını Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bəyan etdi və danışıqların inkişafına marağını ortaya qoydu.
Ermənistanın müharibə müstəvisinə qayıtmamağa vadar edən daha bir amili də unutmamaq gərəkdir: Ermənistan sərhəddə hərbi gərginliyi artırmağa cəhd etdiyi halda, Azərbaycan tərəfinin Qarabağda çoxdan planlaşdırılan antiterror əməliyyatına start verəcəyi qaçılmaz olacaq.
Diqqəti cəlb etmə?! Ermənistan tərəfinin Azərbaycanla sərhəddə qüvvə cəmləməsi müharibə ehtimalının çoxluğu fonunu yaratmaqla dünyanın diqqətini yenidən bu məsələyə cəlb etmək cəhdi də ola bilər. Nəzərə alsaq ki, İrəvan-Moskva münasibətlərində son günlər artmaqda olan gərginlik öz ərazisində Rusiya hərbi bazaları olan Ermənistanı sığortalanmaq üçün dərindən və ciddi düşünməyə vadar edir. Bir tərəfdən də, Avropa İttifaqının müşahidə missiyasını ölkəyə dəvət edən rəsmi İrəvan vəziyyəti özünün gərginləşdirdiyini bu missiyanın gözü önündə sübut etmək üçün “dəridən-qabıqdan” çıxmaz.
Başqa bir amilin mövcudluğunu da unutmamaq gərəkdir. Xüsusilə, İran və Türkiyə ilə sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunan Ermənistan Azərbaycanla gərginliyin fonunda sözügedən istiqamətlər boyunca Rusiya ilə güc payının bölüşdürülməsində, yaxud da balanslaşdırılmasında maraqlı ola bilər. Avropa İttifaqının müşahidə missiyyasının fəaliyyət göstərdiyi ərazilərdə öz sərhədlərinə özünün sahib çıxdığını yumşaq formada ifadə etmək istəyi də İrəvanı sərhədə qüvvə toplamağa sövq edə bilər. Kremlin qəzəbinə tuş gəlməmək üçün ilkin olaraq, gərginlik olan hissədə sərhədi “bərkidən” Ermənistan ardınca rus sərhədçiləri tərəfindən qorunan rayonlarda da analoji “möhkəmlənmə” işini davam etdirə bilər.
Daxili auditoriyaya hesablanan gediş?! Son zamanlar Ermənistanda müharibəyə meylli, revanşist cərəyanların çoxalması Paşinyan hakimiyyətini daxili auditoriyaya hesablanmış addım atmağa vadar edə bilər. Bu zümrədən olanları “sakitləşdirmək” məqsədi ilə hökumətin müharibəyə hazırlıq işlərinin aparıldığı, yaxud müharibəyə hazır olmağın görüntüsünü yaratmaq cəhdi kimi dəyərləndirmək olar.
Başqa bir aspektdən yanaşsaq, belə hesab etmək olar ki, hakimiyyət sərhəddə gərginliyin artırılması ilə müharibə çağırışı edənləri müharibə dəhşətləri yaşamaq istəməyənlərlə üz-üzə qoymaq taktikasına üstünlük verir. Revanşistlərin və Paşinyanı hədəfə alanların çoxluğuna rəğmən, erməni cəmiyyətinin müharibəyə siyasi, iqtisadi, hərbi və psixoloji baxımdan hazır olmadığını istər Ermənistanda, istər Qərbdə, istərsə də Rusiyada çox gözəl anlayırlar. Ona görə də, ölkənin daxilində müharibə xofunun yaradılması sülh prosesinə doğru atılan addımların gerçəkləşməsində hansısa rol oynaya bilər.
Rusiyanı sərhədlərdən uzaqlaşdırmaq cəhdi? Qonşularından İran və Gürcüstanla heç bir ərazi-sərhəd problemi olmayan Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində siyasət yürüdür. Eyni zamanda, Türkiyə tərəfdən Ermənistana qarşı heç bir ərazi iddiası və təhdidin olmadığına dair rəsmi Ankaradan təminat alan İrəvanın İran, Gürcüstan və Türkiyə ilə sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasına zərurət qalmır. Azərbaycanla sərhədin bir qismində Ermənistan sərhəd xidmətinin, bir qismində isə erməni ordusunun bölmələri xidmət aparır.
Sülh prosesinin uğurla nəticələnəcəyi halda, Azərbaycanla sərhəddə də Rusiya sərhədçilərinin “yardımı”na ehtiyac qalmayacaq. Deməli, sərhədlərininin özü tərəfindən tam qorunmasına dair İrəvanda fikir formalaşa və Ermənistan sərhədləri boyunca buna dair addımlar atmağı labüd hesab edə bilər.
Zəngəzur dəhlizinə nəzarətdə pay sahibi olmaq?!
Zəngəzur dəhlizinin açılmasına dair ortaya qoyulan iradənin qarşısında çox tab gətirməyəcəyini gözəl anlayan İrəvan, “Laçın” sərhəd-keçid məntəqəsində rəsmi Bakının ortaya qoyduğu siyasi iradəyə cavab kimi, heç olmaya, Zəngəzur dəhlizinə nəzarətdə müəyyən mənada öz mövcudluğuna çalışır. Buna görə də, Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə sərhəd boyunca Ermənistanın müəyyən cəhdlərini təbii hesab etmək mümkündür.
Ən azından, buna nail olmaq erməni diplomatiyasının uğuru kimi Ermənistan cəmiyyətinə təqdim edilə bilər.
Tabe olmayanlar üçün boyunduruq-müharibə vəziyyəti?! Ermənistandakı ölkədaxili proseslərin müşahidəsi göstərir ki, 44 günlük müharibədən sonra erməni ordusunun yüksək rütbəli zabitlərinə qarşı çoxsaylı cinayət işləri açılıb, xeyli sayda sabiq vəzifəli şəxs həbs edilib və proses hələ də yekunlaşmayıb. Demək olar ki, xeyli sayda zabiti həbs, yaxud vəzifədən uzaqlaşdırılmaq təhlükəsi gözləyir. Bu da ordunun bir qismində rəhbər vəzifədə olan hərbçilərlə siyasi rəhbərlik arasında dərin uçurumun və etmadsızlığın olduğunu ortaya qoyur.
Bu gün Azərbaycanla sərhəddə müşahidə olunan hərbi kolonun kiçikliyini Ermənistan ordusundakı tabesizliyin, fikir ayrılığının bir predmeti də hesab etmək mümkündür. Belə ki, erməni siyasi elitası müharibədən yayınmağa çalışsa da, buna rəğmən, ordunun kiçik bir hissəsinin sərhəddə cəmləşməsi müşahidə edilir, bu qənaətə gələ bilərik ki, erməni ordusunda müharibə tərəfdarı olan vəzifəli şəxslər özbaşınlıq etməklə, yaxud tabesizlik göstərməklə sərhəddə möhkəmlənmə işi aparır.
Hərçənd, bunun fəlakətlə nəticələnəcəyini yaxşı dərk edən ermənilər müharibəni öz hakimiyyətləri tərəfindən “sındırılmaqdan” üstün tuta bilər.
Yaxud, aşırı “vətənpərvərlik” nümayiş etdirən erməni hərbçilər gərginliyə imza atmaqla, cəmiyyətdə siyasi hakimiyyətlə barışmadıqlarının nümayiş etdirə və ya müharibədəki məğlubiyyətin bütün məsuliyyətini hökumətin daşıdığına eyham vura bilərlər.
Məhz bu məqamda bir detalı da diqqətdən qaçırmayaq:
Ermənistan-Azərbaycan sərhəddində, həmçinin işağldan azad edilən Azərbaycan torpaqlarındakı Rusiya Sülhməramlı Kontingentinin məsuliyyət zonasından Azərbaycan Ordusunun bölmələrinə açılan
atəşin statistikası maraq doğurmaya bilməz.
Görünən odur ki, Rusiya SK-nın məsuliyyət zonasında yerləşən ərazilərdəki qanunsuz erməni silahlıları Azərbaycan Ordusuna daha çox atəş açır... Deməli, Azərbaycanla sərhədə hərbi texnika və sursat toplayan erməni hərbçiləri müharibəyə hazırlıq işi görürsə, onların “maya”landığı mənbəni uzaqda axtarmağa lüzum yoxdur.
Teymur Zahidoğlu
Ordu.az