Təbriz Rəhim oğlu Rəhimov 11 avqust 1990-cı ildə Yevlax rayonu Gülövşə kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş çavuşu olan Təbriz Rəhimov, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.
Bu gün şəhidin adının əbədiləşdirilməsi üçün inşa edilən “Xatirə Bulaq – Abidə Kompleksi”nin açılışı olub. Valideynləri Təbriz barəsində olan xatirələrini bizimlə bölüşdülər.
Ordu.az komandası, olaraq şəhid Təbriz Rəhim oğlu Rəhimovun barəsində olan yazını sizlərə təqdim edirik.
Reyhan Rəhimova deyir ki, üç oğul övladı var. Təbriz onların ən kiçik övladlarıdır. Evdə uşaqların sonbeşiyi olmasına baxmayaraq, hər zaman öz davranışlarıyla seçilən biri olub.
“Bəzən elə xatirələrimiz olub ki, onu dilə gətirmək üçün çəkinirəm. Elə bilirdilər ki, oğlumu həddindən çox tərifləyirəm. Hər bir ana üçün övladı əzizdir buna söz yox. Amma, Təbriz tək mənim üçün yox, bu gün kənddə kimdən soruşsanız hər bir kəs onun barəsində müsbət fikirlər səsləndirər. Elə bil bu uşaq bizim üçün qeyri- adi əvəzolunmaz biriydi”.

Ana danışır. Gah dodaqları əsir, gah səsi titrəyərək sözləri tam deməyə imkan tapmır. Belə anlarda geri çönərək, divarda həkk olunan rəsminə baxıb özünə toxtaqlıq verərək sözlərinə davam edir. Ana deyir ki, oğlu müharibə zamanı səfərbərlik çağırışı gələndə sevinərək döyüşə gedirəm bildirib:
- Heç yadımdan çıxmaz müharibə zamanı səfərbərlik xidmətinə çağrılanda, evdəydim. Gördüm qapını açıb içəri girdi. Hər zaman o çöldən gələndə səs-küylü gələrdi. Hələ küçə qapısını açmadan məni çağırardı. Bu dəfə səssiz gəlişi məni bir az təəccübləndirdi. Çönüb üzünə baxdım. Xoş bir təbbəssümlə üzümə baxıb gülürdü. Ondan nə olduğunu soruşdum. Ana mənidə çağırdılar döyüşə gedirəm deyə cavab verdi. Bir anlıq nə deyəcəyimi bilımədim. Oğlumun üzündə olan dəyişikliyi sezdim. İnanın üzündə o qədər gözəl bir nur yaranmışdı ki, nə olduğuna məna verə bilmədim. Məni qucaqlayaraq öpüb bax haa birdən şəhid olaram deyə narahat olarsan dedi.
Bu sözləri deyib yenə də çönərək oğlunun rəsminə baxıb durdu. Sanki, dediyi sözləri təsdiq elətdirirmiş kimi ona “düzmü deyirəm” demək istəyirdi. Havanın isti olmasına baxmayaraq, ananın oğluyla olan lal danışıqlarını bölmək istəmədik. Bir neçə saniyə sonra, gözlərini rəsmdən çəkərək sözlərinə davam etdi:
“Müharibə qurtaranda mənə zəng edib dedi ki, bax narahat olurdun, amma müharibə qurtardı şəhid olmadım. Onun bu sözləri məni yaman tutmuşdu. Nədənsə o bu mövzuda söz açanda nitqim quruyurdu. Heç nə deyə bilmirdim. Danışıb qurtarandan sonra onun sözləri qulağımda əks-səda verirdi. Niyə onun bu sözlərinə sərt cavab vermədim deyə özümü qınayırdım. Müharibədən sonra, hərbidə qalıb xidmətini davam etdirməyə başladı. Xidmətini bir müddət öncə Zəngilan rayonu istiqamətində davam etdirirdi. Bir müddət sonra, onun xidmət etdiyi ərazidə ermənilərin təxribata cəhd elədikləri xəbərini aldıq. Elə həmin əməliyyatlarda da Təbriz şəhid olur. Təbriz şəhid olandan sonra onun simasındakı qeyri-adi nurun şəhidlik nuru olduğunu hiss elədim”.

Vətən müharibəsi bitdikdən sonra, Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətini davam etdirir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət qulluqçu kimi, xidmət etmək istəyir. O, valideynlərinin xeyir duasıyla MAXE kimi ilk olaraq Sərhəd Qoşunlarının Xızı rayonunda yerləşən “N” saylı hərbi hissəsində, xüsusi təyinatlı bölüyün kəşfiyyat-minaaxtaran bölməsində xidmət etməyə başlayır. Baş çavuş rütbəsinə yüksələn Təbriz Rəhimov Zəngilan rayonunda hərbi xidmətini davam etdirirdi. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədildi. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində, sərhəd toqquşması baş verdi. Döyüşlərdə Sərhəd Qoşunlarının baş çavuşu kimi iştirak edən Təbriz Rəhimov erməni hərbi birləşmələrinin onlarla əsgərini öldürərək 12 sentyabr 2022-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Yevlax rayonu Gülövşə kənd məzarlığında dəfn edilib.
Təbriz Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Təbriz Rəhimov və onun kimi, minlərlə şəhidlərimizin qanı bahasına düşmən tapdağından azad edilən torpaqlarımızda onların azad ruhu dolaşır. Bu gün şəhidlərimizin adlarının əbədiləşdirilməsi yolunda atılan hər bir addım, şəhid qanıyla yoğrulan VƏTƏN torpaqlarının qorunması və inkişaf etdiriıməsi yolunda, hər birimizin boynunda bir haqq yükü qoyur.
Daşqın Güneyli
Ordu.az