“Leonardo” kompaniyası bildirib ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub: “İlkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya - Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir.
Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan “Leonardo”dan C-27J-nin alınması proqramı İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəticəsidir. Bu Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir”.
C-27J “Spartan” yük təyyarəsi 2007-ci ildən həm hərbi, həm də humanitar yardım missiyalarını uğurla yerinə yetirir. C-27J-ni rəqiblərindən bir addım önə çıxaran əsas xüsusiyyət onun əvvəldən hərbi nəqliyyat təyyarəsi kimi dizayn edilməsidir. Kabinəsi C-17, A400M və C-130 kimi strateji (və ya ağır) nəqliyyat təyyarələrindən boşaldılan yükləri kiçik parçalara ayırmadan birbaşa təyyarəyə yerləşdirməyə imkan verir.
Beləliklə, böyük həcmli yüklərin strateji nəqliyyat təyyarələri ilə əsas bazalara çatması, oradan isə üstün taktiki imkanlara malik olan C-27J ilə məntəqələrə çatdırılması mümkün olur. Kabinənin hündürlüyü tənzimlənə bilər ki, bu da ona yer dəstəyi olmadan yükləri yükləməyə və boşaltmağa imkan verir.
C-27J ağır nəqliyyat təyyarələrinin istifadə edə bilmədiyi qar, qum və tetrabromometandan (CBr4) aşağı sərtliyə sahib torpaq uçuş-enmə zolaqlarına enə və qalxa bilir. Hazırlanmamış uçuş-enmə zolaqlarında uçuş üçün 580 m, eniş üçün 340 m uçuş-enmə zolağının uzunluğu C-27J üçün kifayətdir. C-27J endiyi uçuş-enmə zolağında 180 dərəcəlik dönüş edib havaya qalxmaq üçün sadəcə 12,1 m uçuş-enmə zolağı eninə ehtiyac duyur.
Digər təyyarələrdə olan standart pəncərələrə (C-27J-də 8 ədəd) əlavə olaraq, C-27J-nin kabinəsində yuxarıda sağda və solda hər birində 2 pəncərə, yanlarda yenə sağda və solda 2 pəncərə var. Bu, pilotlara taktiki missiyalar, o cümlədən aşağı hündürlükdə uçuşlar zamanı bənzərsiz situasiya məlumatlılığı təmin edir.
Bir çox təyyarələrə uçuş zolağında mühərriki işə salmaq üçün köməkçi güc qurğusu lazımdır. C-27J təyyarəsi yerüstü dəstəyi olmayan uçuş-enmə zolağına endikdə onun mühərriklərini işlək vəziyyətdə saxlamağa ehtiyac qalmır, çünki köməkçi güc qurğusu sayəsində təyyarə öz mühərriklərini işə sala bilir.
Qaynar münaqişə bölgələrində yüksək performans
C-27J-nin digər mühüm xüsusiyyəti onun yüksək manevr qabiliyyətidir.
Nümayiş uçuşları zamanı döyüş təyyarələri ilə edilə bilən bəzi manevrləri asanlıqla yerinə yetirə bilən C-27J üçün “Ondan 30 tonluq döyüş təyyarəsi kimi istifadə edə bilərsiniz” ifadəsi işlədilir. Xüsusilə, bu təyyarələrin münaqişə zonalarında eniş və qalxmalarda təhlükəsiz hündürlük hesab edilən 10 min fut yüksəkliyə tez bir zamanda çatması vacib hesab edilir.
Bu hündürlükdən aşağıda təyyarələr yerdən atəşə məruz qalır. C-27J havaya qalxdıqdan sonra dəqiqədə 2500 fut hündürlüyə qalxaraq təxminən 5 dəqiqə ərzində 10 min fut yüksəkliyə çata bilir. C-27J yük təyyarəsi daşıma vəzifələrindən əlavə, VIP sərnişin daşımaları, komanda-nəzarət və müşahidə, radioelektron mübarizə, xüsusi əməliyyatlar, yaxın hava dəstəyi, havadan yanğınsöndürmə və dəniz patrulu kimi müxtəlif vəzifələri də yerinə yetirə bilər.
Yük təyyarəsi müxtəlif missiyalarda konfiqurasiya dəyişikliklərini tez həyata keçirə bilir. Bu dəyişikliklər təyyarə havada olarkən baş versə də, operatorla təxminən 40 dəqiqə ərzində tamamlana bilir.
C-27J xüsusi əməliyyat missiyaları üçün ideal təyyarədir
Amerikalı və italiyalı istifadəçilər C-27J-nin xüsusi əməliyyatlar və yaxın hava dəstəyi missiyalarında göstərdiyi performansdan razı qaldıqlarını bildirirlər. Xüsusilə, C-27J-nin gecə görmə eynəklərinə uyğun kabinəyə sahib olması diqqət çəkir. İstəyə əsasən baş üstü monitoru (head-up display/HUD) kabinəyə inteqrasiya oluna bilər. HUD xüsusilə pis hava şəraitində pilotlara kömək edir. Gecə görmə eynəkləri ilə də işləyə bilər.
Şəxsi heyətin və kritik komponentlərin yerləşdiyi bölmələrin ballistik zirehlə möhkəmləndirilməsinin xüsusi əməliyyatlar üçün ideal olduğu bildirilir. C-27J yük təyyarəsi C-130-dan daha yüngüldür və 30 mm-lik silah daşıya bilən yeganə təyyarədir. “Leonardo” həmçinin dəqiq idarə olunan mərmilərin təyyarənin buraxılış qurğusundan atılmasına imkan verəcək həll yolu üzərində də işləyib.
C-27J yük təyyarəsinin şüarı “Hər an və hər yerdə”dir. Təyyarənin dünyanın hər yerindən istifadəçilərinin olması da bu vəziyyəti dəstəkləyir. “Leonardo” şirkətinin istehsal etdiyi C-27J yük təyyarəsi indiyədək 16 fərqli müştəriyə çatdırılıb.
C-27J-nin texniki xüsusiyyətləri
Maksimum uçuş çəkisi: 31.800 kq
Maksimum eniş çəkisi: 30.500 kq
Maksimum yük: 11.100 kq
Yanacaq tutumu: 12.320 lt
Mühərrik: 2 ədəd “Rolls-Royce” AE 2100-D2A (3,458 kW, 4,637 shp)
Pər: 6 qanadlı “Dowty” R-391
Qalxma məsafəsi: (30.500 kq, ISA, S.L.): 580 m
Eniş məsafəsi (27.500 kq, ISA, S.L.): 340 m
Maksimum kreyser sürəti: 312 KTAS
Xidmət hündürlüyü: 30.000 ft
Müşahidə hündürlüyü (Seyir İrtifası): 27.000 ft
6.000 kq yüklə mənzil: 4.130 km
Maksimum daşıma (ferry) mənzili: 5,852 km
Şəxsi heyəti daşıması: 60-a qədər hərbi qulluqçu
Paraşütçü daşıması: 46 hərbi qulluqçuya qədər
Yük daşımaları: Böyük ölçülü yüklər, təkərli və tırtıllı vasitələr, təyyarə mühərrikləri və yüngül helikopterler də daxil olmaqla yükləri hər biri bir dəfəyə olmaqla
aşağıdakı konfiqurasiyalarda daşıya bilər:
- 3 ədəd HCU-6E 463L palleti (bir ədədi maksimum 5000 kq-a qədər) + buraxılış qurğusunda 1 ədəd HCU-12E
- 6 ədəd HCU-12E 463L palleti (bir ədədi maksimum 2500 kq-a qədər, 1 ədədi buraxılış qurğusunda)
Havadan yük atma:
- Ümumi çəkisi 9000 kq olan 2 platforma (1 ədədinin ağırlığı 6000 kq-a qədər çəkə bilər.)
- Hər birinin çəkisi 908 kq-a qədər olan 6 ədəd A22 CDS paketi
- LAPES ilə maksimum 5000 kq-a qədər çıxa bilən 1 və ya 2 yük
- Ümumi çəkisi 6000 kq-a qədər olan 3 ədəd HCU-6E 463L palleti
Hava təcili yardımı: 36 ədədə qədər xərək və 6 tibb işçisi
VIP: 6 VIP, 18 personal və bir xidmət modulu
Yanğınsöndürmə təyyarəsi: 6 ədəd “Guardian” sistem konteyneri (6.000 lt su və ya yanğın söndürücü)
Dəyanət Ağalarlı
Ordu.az