İran və İsrail keçmişdən bəri təlatümlü münasibətləri olan iki dövlət kimi seçilir. Diplomatik dairələr bu iki dövlət arasında Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişə və qütbləşməni “Kölgə müharibələri” kimi qələmə verirlər.
İran və İsrail arasında kölgə müharibələri
İran və İsrailin Yaxın Şərqdə davam edən “Kölgə müharibələri” iki dövlətin qarşılıqlı fəaliyyətləri nəticəsində özünü büruzə verməyə başladı. Ötən fevral ayında İranda Pilotsuz Uçuş Aparatı (PUA) obyekti vurulmuşdu, İsrailin İraqdakı kəşfiyyat bazası isə raketlərlə hədəfə alınmışdı. Bölgədən kənara sıçraya biləcək mümkün münaqişə təhlükəsi davam edir.
Ötən may ayında İsrailin PUA-sı İranın nüvə tədqiqat obyektinə hücum edib. Perçindəki obyektə edilən hücumda bir mühəndis həlak olub. Xüsusən son illərdə baş verən hadisələr Naftali Bennettin rəhbərliyi altında İsrail hökumətinin hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi “Oktopus doktrinası”na (İranın hərbi və nüvə fəaliyyət qüvvələrinə qarşı həyata keçirilən layihə – red.) daxildir.
İsrail İrana daxildən zərbə vurmaq üçün həyata keçirdiyi hücumlarını son illərdə daha çox gizli şəkildə, casuslar və kiber vasitələrlə həyata keçirib. Hər dəfə bu hücumlar İran alimlərini və nüvə obyektlərini hədəf alırdı.
Baş nazir Netanyahudan “Düşmən İran” açıqlaması
İsrailin Baş naziri Benyamin Netanyahu ötən ay verdiyi açıqlamada ölkəsinin əsl düşməninin İran olduğunu bildirib. İranın nüvə silahından istifadə edərək “İsraili məhv etmək” məqsədinin olduğunu deyən Netanyahu ölkəsinin bu planın qarşısını almaq üçün hər cür tədbir görəcəyini açıqlayıb.
Tehran hökumətinin “Hizbullah” vasitəsilə Livanda “polis məntəqəsi” qurduğunu və Suriyada yeni baza qurmaq istədiyini izah edən Netanyahu bildirib: “Biz onların hamısı ilə mübarizə aparmağa qərarlıyıq. Suriyada İran ordusunu vurduq. Suriyada İran ordusu ilə ancaq bizim ordu döyüşür. Qarşılaşdığımız əsl düşmən İrandır”.
Regionda keçmişdən bu günə qədər davam edən soyuq müharibənin gələcəkdə daha da şiddətlənəcəyi görünür.
İsrailin MOSSAD üzərindən İran planı
İran İsrail Milli Kəşfiyyat İdarəsi MOSSAD-ın onun yüksək rəhbərliyinə sızması təhlükəsindən şübhələnir. Ölkədə bir çox sui-qəsd və hücumların MOSSAD və İran hökumətindəki bəzi adlar tərəfindən həyata keçirildiyi bildirilir. Bu hücumlar arasında ən diqqət çəkəni 2020-ci ilin noyabrında İranın nüvə alimi Muhsin Fəhrizadənin öldürülməsi olub.
İran İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli komandirlərindən olan Əli Fədavi Muhsin Fəhrizadənin uzaqdan idarə olunan pulemyotdan açılan atəş nəticəsində öldürüldüyünü açıqlayıb. İranın kəşfiyyat naziri Mahmud Ələvi sui-qəsddən sonra verdiyi açıqlamada qətlin arxasında İranın ən elit hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olduğunu bildirib.
Bu sui-qəsdə aparan proses əslində 2018-ci ilin yanvarında başlayıb. Paytaxt Tehrandan 30 kilometr aralıda yerləşən sənaye zonasında yerləşən anbara 10-a yaxın naməlum şəxs daxil olub. Onlar 27-yə yaxın seyfin qıfılını sındıraraq yarım ton gizli nüvə arxivini götürüb yoxa çıxıblar.
Bu oğurlanmış sənədlər təxminən üç ay sonra Təl-Əvivdə ortaya çıxdı. İsrailin Baş naziri Benyamin Netanyahu oğurlanmış materialları nümayiş etdirərək sənədlərin İsrailin xarici kəşfiyyat təşkilatı MOSSAD tərəfindən həyata keçirilən əməliyyatla ələ keçirildiyini açıqlayıb.
2018-ci ildə keçirdiyi mətbuat konfransında oğurlanmış İran arxivlərini nümayiş etdirən İsrailin Baş naziri Benyamin Netanyahu həmçininm elə həmin gün İranın gizli nüvə silahı proqramında Muhsin Fəhrizadənin əhəmiyyətini xüsusi qeyd edib. Netanyahu bildirib: “Muhsin Fəhrizadə. Bu adı heç vaxt unutmayın”.
Netanyahunun bəyanatından iki il sonra Muhsin Fəhrizadə sui-qəsdə məruz qalaraq öldü. İranın keçmiş Prezidenti Həsən Ruhaninin baş müşaviri və İranın keçmiş kəşfiyyat naziri Əli Yunusi son müsahibəsində xəbərdarlıq edib: “MOSSAD-ın ölkənin bir çox bölgələrində təsiri o qədər genişdir ki, İran rəhbərliyinin hər bir üzvü həyatı və təhlükəsizliyi üçün qorxur.”
İsrailin İranın nüvə proqramına aid olduğunu bildirərək bəzi mətbuat orqanları ilə paylaşdığı sənədlərdə Muhsin Fəhrizadə İranın nüvə fəaliyyətlərinin rəhbəri kimi göstərilib.
İranın nüvə proqramına sıx nəzarət
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İdarə Heyətinə üzv ölkələrlə paylaşdığı İranın nüvə fəaliyyətlərini araşdıran rüblük hesabatında ölkədə yüksək zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyinə dair məlumat qeyd edib.
İran uranı 83,7 faiz saflıqda zənginləşdirməsi ilə bağlı iddiaların doğru olmadığını və ittihamların mövzusu olan miqdarın “mikroskopla görünməyən hissəciklər” olduğunu bildirib.
İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami ötən günlərdə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib. İslami bildirib: “AEBA ilə əməkdaşlığımız davam edir. AEBA bölmələrinin hesabatlarında qeyd olunduğu kimi, İranın nüvə fəaliyyətində heç bir sapma yoxdur”.
AEBA Baş direktoru Rafael Mariano Qrossinin yaxın vaxtlarda İrana səfər edə biləcəyini bildirən İslami qeyd edib: “AEBA-nın İrana psixoloji təzyiqi və öz məqsədlərinə çatmaq üçün siyasi təşəbbüsləri nəticəsiz qaldı”.
Təl-Əviv ordunun İranın nüvə obyektlərinə hücuma hazırlaşmaq üçün 1,5 milyard dollar ayırdığını açıqlayıb. İsrailin bu addımına cavab olaraq AEBA Baş direktoru Qrossi açıqlamalar verib. İsrail və ABŞ-ın İranın nüvə obyektlərini hədəfə alması ilə bağlı sualı cavablandıran Qrossi deyib: “Məncə, nüvə obyektinə edilən hər hansı hərbi hücum qeyri-qanunidir və hamımızın riayət etdiyi normativ strukturlardan kənardır”.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinə hərbi hücumun “qanunsuz” olduğunu deyən Qrossiyə sərt reaksiya verib. Netanyahu qeyd edib: “Bu hansı qanuna ziddir? Bizim məhv olmağımızı açıq şəkildə istəyən İrana bizi öldürəcək dağıdıcı silahları müdafiə etməyə icazə veriləcək? Özümüzü müdafiə etməyə icazə verilir? Aydındır ki, biz özümüzü müdafiə edirik və özümüzü müdafiə edəcəyik. Ölkəmizi müdafiə etməyə və düşmənlərimizin yəhudi dövlətini məhv etməsini əngəlləməyə heç nə mane ola bilməz”.
Təl-Əviv-Tehran münasibətlərində “Qəzza” gərginliyi
Qəzzadakı əməliyyatlarla bağlı Tehran və Təl-Əviv arasında gərginlik artmaqda davam edir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir müddət əvvəl İsrailin Qəzzaya hücumları ilə bağlı yazılı açıqlama verib. Kənani beynəlxalq təşkilatların və Qərb ölkələrinin İsrailin hücumlarına qarşı susqunluğunu şiddətlə qınadığını bildirib.
Baş nazir Netanyahu isə bu yaxınlarda verdiyi açıqlamada Qəzzanı qorxudub. İsrailin istənilən ssenariyə hazır olduğunu deyən Netanyahu vurğulayıb: “Bəlkə də Qəzzada başlarını qaldıra biləcəklərini düşünən insanlar var. Mən onlara cavabın ölümcül və ağrılı olacağını düşünmələrini tövsiyə edərdim”.
Qəzza ilə bağlı Tehran və Təl-Əviv arasında gərginliyin gələcəkdə daha da artacağı gözlənilir.
Azərbaycan-İsrail münasibətlərinin güclənməsi və İranın mövqeyi
Belə görünür ki, Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsi zamanı İsrailin münasibətindən sonra iki dövlət arasında münasibətlər möhkəmlənməyə doğru irəliləyəcək. İran isə bu iki dövlətin yaxınlaşmasından çox da məmnun görünmür.
Tehran hökuməti uzun müddətdir ki, İsrailin guya Azərbaycandan “mühasirə və terror aktları üçün baza kimi istifadə etdiyini” bildirir, Bakı isə bu münasibəti kəskin şəkildə rədd edir. İran hərbi ölçü əldə etməklə Azərbaycan-İsrail münasibətlərinin güclənməsini öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür.
İsrail birbaşa İranla anlaşacağı ana hazırlaşır. Onun İbrahim razılaşmaları ilə körfəzdə möhkəm dayanmasını bu məqsəddən ayrı hesab etmək olmaz. Eyni şeyi Azərbaycan-İsrail münasibətlərinə də aid etmək olar. İsrail indi Tehranın vəkalət müharibəsinə pirat hücumları ilə cavab verir.
Asif Cəfərov
Ordu.az