Fundamental məsələlərdə heç bir dəyişiklik yoxdur? – İrəvan növbəti təxribatlara hazırlaşır

2023/03/1679321931.jpg
Oxunub: 7540     19:12     06 İyun 2023    
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Vaşinqtonda Bayramov və Mirzoyan ilə iyunun ikinci yarısında baş tutacağı bildirilən görüşlərin yeni mərhələsini gözlədiklərini açıqlayıb. Patel qeyd edib ki, onlar bunu səbirsizliklə gözləyirlər, çünki tərəflər Cənubi Qafqaz üçün dinc gələcək qurmaq üçün səylərini davam etdirirlər.

Azərbaycanın səylərini davam etdirməsi faktı göz qabağındadır. Bunun ən son nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı seperatçı ermənilərə amnistiya çağırışı ilə müraciət etməsi olub. Çağırış ABŞ Dövlət Departamenti tərəfindən xüsusilə alqışlandı və Ermənistandakı bir çox dairələrin məyusluğuna səbbə oldu. Beləliklə, Azərbaycanın istəyi ortada olsa da, Ermənistanın nə istədiyi bəlli deyil.

Üstəlik, Ermənistanın həm Azərbaycanı, həm də ümumən regionu təhdid etməkdə davam etdiyi göz qabağındadır. Formal mənada, əlbəttə ki, Paşinyan sülh axtardığını bəyan etsə də, rəsmi İrəvan sülhü yalnız öz şərtləri ilə axtarır. Və bu "sülh yolu" model ola bilməz, çünki istənilən sülh daha öncə qəbul olunmuş qərarların icrasını tələb edir. Lakin hələlik Qarabağda olan silahlıların tabe olması, habelə Zəngəzur dəhlizi kimi məsələlərin həlli nəzərə çarpmır.

Təhlükə ondadır ki, İrəvan və Bakının tamamilə fərqli keyfiyyət və xarakterli istəklərini fərqli məntiqlə eyniləşdirməklə Ermənistanın təxribatlarına əsaslanan siyasi metodologiya və yanaşma legitimləşdirilir, nəticələrinə görə məsuliyyət bölüşdürülməyə cəhd edilir.

Habelə ən azından verilən bəyanatlar sübut edir ki, demək olar ki, bütün əsas məsələlərdə tərəflər əks mövqelərdən çıxış edirlər. Bu o deməkdir ki, hər görüşdən sonra görüşün moderatorlarının yaxşı müzakirələr apardıqlarını və irəliləyiş olduğunu bəyan etmələrinə baxmayaraq, görüşlər məhsuldar keçirilmir. Tərəqqi barədə bəyanatlar səsləndirilsə də, İrəvanın bəyanatları sübut edir ki, fundamental məsələlərdə heç bir dəyişiklik yoxdur. Bu o deməkdir ki, ya "kölgə prosesi" həyata keçirilir, prosesi pozmamaq üçün, belə demək mümkündürsə, ziddiyyətli bəyanatlarla örtülür, ya da heç nə yoxdur və münaqişə saxlanılır. Məhz bu səbəbdən intensiv görüşlər daha da təhlükəli olur, çünki hazırkı şəraitdə yanaşmaların dəyişməzliyi risklərini aradan qaldırmaqdan daha çox partlayışı gücləndirmək rolu həyata keçirilə bilər.

Eyni zamanda, kölgəli, pərdəarxası proseslə lokal, idarə oluna bilən partlayışın “birlikdə” olması da mümkündür. Ən azı nəzəri cəhətdən şübhəsizdir ki, böyük və çoxqatlı siyasi proseslərdə problemlərin idarə oluna bilən “xaos” və ya idarə oluna bilən “destabilizasiya” yolu ilə həlli texnologiyası mövcuddur ki, bu texnologiya üzərində elitalar arasında siyasi razılığa gəlmək mümkündür. Bunun həyata keçirilməsi üçün isə ictimaiyyətin razılığını almaq mümkün deyil. Belə olan halda belə texnologiyadan istifadə etmək olar, ya yox? Bu suala dəqiq cavab vermək mümkün deyil, çünki vəziyyətin sabitliyini pozmaq üçün daha dərin və daha geniş beynəlxalq proseslərdə yatan başqa risklərin və motivlərin olduğu adi gözlə də aydındır. İstənilən halda, Ermənistanla yanaşı, münaqişənin sülh yolu ilə həlli üçün məsuliyyəti öz üzərinə götürən, lakin praktikada münaqişədən öz geosiyasi mübarizəsinin aləti kimi istifadə edənlərin hamısı istənilən sabitliyin pozulmasına görə məsuliyyət daşıyacaqlar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin