Türkiyə üçün ən optimal seçim: S-400-lər Hindistana verilə bilər – ANALİZ

2023/04/1680854264.jpg
Oxunub: 6890     10:19     08 Aprel 2023    
“Reuters” bildirir ki, müharibə səbəbindən Rusiya Hindistana silah və hərbi texnika çatdırmaq üzrə öhdəliklərini yerinə yetirə bilməyib. Hindistan Hərbi Hava Qüvvələrinin Rusiyadan tədarük edəcəyi gözlənilən silah və texnikalar arasında S-400 “Triumf” hava hücumundan müdafiə sistemi, həmçinin Su-30MKI və “MiQ-29” döyüş təyyarələrinin ehtiyat hissələri də var.

Hindistan 2018-ci ildə 5,4 milyard dollara 5 ədəd S-400 sistemi sifariş edib. S-400 sistemi Rusiya hərbi təyinatına görə hava hücumundan müdafiə alayına uyğundur. İndiyədək sifariş edilən sistemlərdən üçü Hindistana çatdırılıb. Bu sistemlərlə qurulan alaylardan birincisi Hindistanın şimal-qərbindəki Pəncab əyalətinə Çin və Pakistandan gələn hava təhdidlərinə qarşı mübarizə aparmaq üçün yerləşdirilib. İkinci alay ölkənin şimal-şərqinə, üçüncü alay isə Pakistana qarşı olaraq Racəstana yerləşdirilib. Qalan iki sistemin 2023-cü ilin sonuna qədər təhvil verilməsi planlaşdırılırdı.

Rusiya bu günə qədər yalnız üç ölkəyə, Türkiyə, Çin və Hindistana S-400 “Triumf” ixrac edib. Çin və Hindistan Rusiyanın ənənəvi müştəriləri olduğu halda, NATO üzvü Türkiyə qeyri-adi və paradoksal nümunə göstərib.

2022-ci ilin fevralından sonra Rusiya müdafiə sənayesi Rusiya Silahlı Qüvvələrinin tələblərini yerinə yetirmək üçün mübarizə aparır. Hətta müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin gecikmələrə görə kameralar qarşısında Putin tərəfindən tənbeh edildiyinin şahidi olmuşuq. Öz hava hücumundan müdafiə sistemindəki boşluğu kompensasiya etmək üçün Suriyadan daha az inkişaf etmiş S-300 batareyalarını geri çəkməli olan Rusiyanın istehsal edilən/istehsal olunacaq bütün S-400-lərə ehtiyacı var. Xülasə, digər müştərilər xeyli müddət gözləməli olurlar.

Türkiyə 2017-ci ildə sifariş etdiyi S-400 sistemini (alayını) 2019-cu ildə təhvil alıb. Lakin bu birlik hələ də aktivləşməyib. S-400 sifarişi Türkiyənin F-35 proqramı ortaqlığına başa gəlib. Bu da yetərli olmayıb. Vaşinqton S-400-lərin işə salınacağı təqdirdə Türkiyəni ağır sanksiyalarla hədələyir. S-400-lər sonuncu dəfə 2020-ci ilin oktyabrında Sinop hava poliqonunda atış sınağı zamanı görülüb. S-400-lərin vəziyyəti o vaxtdan bəri bəlli deyil. Onların hələ də Mürted Aerodromu Komandanlığında (keçmiş Akıncı 4-cü Əsas Reaktiv Baza) saxlandığı təxmin edilir. Bir vaxtlar Egeydə Türkiyə-Yunanıstan gərginliyi alovlananda Kritdə yerləşdirilən Yunanıstan S-300-lərinin Türkiyə F-16-larına radar kilidi atdığı iddia edilmişdi. Bu cür hadisələr Türkiyənin S-400-ləri işə salması ehtimalını artırıb. Ancaq prosesin ardı gəlməyib.

Türkiyə S-400 sifarişinə görə ABŞ-ın qəzəbinə və CAATSA sanksiyalarına məruz qaldığı halda, Amerika rəsmiləri S-400 sifarişinə görə Hindistana sanksiya tətbiq etməyəcəklərini açıqlayıblar. Çünki Hindistan Amerikanın Çinlə rəqabətdə öz tərəfinə çəkməyə çalışdığı bir ölkədir. S-400 sifarişinə sanksiya tətbiq etmək Hindistanın ilkin mərhələdə itirilməsi ilə nəticələnə bilərdi.

Hazırkı şəraitdə Ankaranın ABŞ-la bütün körpüləri qırmaq riski olmadan S-400-ləri işə salması mümkün deyil. Türkiyənin əlində ölü bir sərmayə var. Əvvəllər Türkiyənin müdafiəsinə heç bir töhfə verməyən, maliyyə, hərbi və siyasi yükə çevrilən bu raketlərdən qurtulmaq üçün müxtəlif variantlar müzakirə edilirdi. O vaxt hələ müharibə yox idi. Rusiyanın Türkiyəyə əlindəki S-400-ləri üçüncü ölkəyə təhvil verməyə icazə verməsi mümkün görünmürdü. Lakin Ukraynaya müdaxilə cəhdi ilə hər şey dəyişdi.

Müharibənin əvvəlində Amerika rəsmilərinin S-400-lərin Ukraynaya təhvil verilməsini təklif etdiyi xəbərləri paylaşılmışdı. Ancaq belə bir transfer Rusiya tərəfindən (haqlı olaraq) düşmənçilik hərəkəti kimi qəbul ediləcəyi üçün təklifə müsbət cavab verilməsi mümkün deyildi. Digər variant isə bu sistemlərin Rusiyaya qaytarılması idi. Hava hücumundan müdafiənin zəifliyini aradan qaldırmaq üçün hazır həll də Moskvanın işinə yarayacaqdı. Lakin bu dəfə Türkiyə Ukrayna əleyhinə cəbhəyə dəstək verməkdə ittiham oluna bilərdi.

Digər NATO üzvlərinin öz keçmiş Sovet/Rusiya sistemlərini Ukraynaya onun müdafiəsini gücləndirmək üçün göndərdiyi bir şəraitdə Rusiyanın müdafiəsinə əhəmiyyətli töhfə vermək müdrik seçim deyildi. Bu, Türkiyənin tamamilə təcrid olunmasına gətirib çıxara bilərdi. Bu nöqtədə S-400-lərin Hindistana təhvil verilməsi düşünülə biləcək bir variant ola bilər. Proses yaxşı idarə olunarsa, bir daşla bir neçə quş öldürülə bilər. İlk növbədə Türkiyə S-400-lərdən və onların yaratdığı problemlərdən qurtulmuş olacaq. Rusiya Hindistan qarşısında götürdüyü öhdəliyi qismən yerinə yetirir.

Bundan əlavə, bu sistem heç bir halda Rusiya-Ukrayna müharibəsinə birbaşa təsir edə biləcək bir ölkənin əlinə keçməyəcək. Hindistan tezliklə gözlədiyi iki sistemdən (alaydan) ən azı birinə sahib olacaq. Tərəflərə mümkün transferin faydaları bunlardır.

Bu variantla bağlı mümkün siyasi və maliyyə problemlərini belə sıralamaq olar: Amerika S-400-lərə görə Hindistana sanksiya tətbiq etməsə də, Türkiyənin onları Ukraynadan başqa bir ölkəyə verməsinə reaksiya verə bilər. İstənilən halda bu reaksiya S-400-lərin Türkiyə torpaqlarında aktivləşməsinə verilən cavabdan daha aşağı olacaq.

Digər tərəfdən, Hindistanın Pakistanla sərhədlərində yerləşdirməyi planlaşdırdığı S-400-ləri artıq almasına baxmayaraq, Türkiyənin yaxın siyasi və hərbi əlaqələri olan Pakistanın belə bir inkişafdan narahat olması demək olar ki, qaçılmazdır. Türkiyə S-400-lərinin iki ölkə arasında hərbi balansa birbaşa təsiri, ən azı indiki mərhələdə məhdud olacaq. Bununla belə, Hindistanın mümkün qaynar münaqişədə əlini gücləndirəcəyinə şübhə yoxdur.

Nəhayət, Türkiyənin S-400-lərinin pulunun kim tərəfindən və necə ödəniləcəyinə qərar vermək çətin danışıqlar tələb edəcək. Türkiyənin əlində olan sistem Rusiyadan kreditlə alındığı üçün hələ də ödənilməmiş məbləğlər ola bilər. Hindistan da yəqin ki, hələ almadığı sistemlər üçün pul ödəyib və ya ödəməyə davam edir. Kimin borc verən, kimin borc alan olduğunu müəyyənləşdirmək prosesi çətinləşdirə bilər. Ancaq Türkiyənin S-400-lərinin Hindistana təhvil verilməsində siyasi iradə nə qədər güclü olarsa, nizamlanma da bir o qədər asan olar.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hindistan  


Bizi "telegram"da izləyin