Heydər Əliyev və Azərbaycanda hərbi təhsil sistemi – General-leytenant Heydər Piriyev yazır

2023/05/35-1683708691.jpg
Oxunub: 8449     16:34     10 May 2023    
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilatlandırılması və möhkəmləndirilməsi sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarixi fəaliyyətinin mühüm isitiqamətlərindən biri də Azərbaycanın hərbi təhsil sisteminin formalaşdırılması idi. Çünki silahlı qüvvələrin yaradılması və inkişafı üçün zəruri olan zabit heyətinin yetişdirilməsinin əsas bazası milli hərbi təhsil sistemidir. Bu baxımdan milli hərbi təhsil sistemi dövlətin hərbi qüdrətinin artırılması sahəsində strateji əhəmiyyətli sahəsidir.

Milli-hərbi kadr hazırlığı

Hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi zamanı Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirirdi və milli hərbi kadrların hazırlanmasının mənəvi-ideoloji konsepsiyasını da hazırlamışdı. Heydər Əliyevə görə milli zabit kadrların hazırlığı sadəcə olaraq milli zabitlərin sayının artırılması deyildi. Fəal mövqeyi, milli düşüncəsi ilə Ümummilli lider Heydər Əliyev bu məsələyə baxışda tamamilə yeni bir təfəkkür formalaşdırdı, bu prosesə Azərbaycanın gələcəyi və müstəqilliyi üçün əhəmiyyət kəsb edəcək mühüm bir məzmun verdi. Onun hesab etdiyi kimi, milli zabit kadrları Azərbaycançılıq məfkurəsinin və Azərbaycan xalqının milli qəhrəmanlıq ənənələrinin daşıyıcısı, Azərbaycanın müstəqilliyinin dayağı, azərbaycançılığın təmsilçisi olmalı idi. Sovet ideologiyası ehkamlarının kifayət qədər sərt olmasına, yerlərdə milli təfəkkürün oyanışına ən ciddi təzyiqlər göstərilməsinə baxmayaraq, Heydər Əliyev milli zabit kadrların hazırlığına məhz bu mövqedən yanaşırdı və öz mövqeyini açıq şəkildə səsləndirməkdən və əsaslandırmaqdan da çəkinmirdi.

Heydər Əliyev Azərbaycan xalqının öz müstəqilliyinə qovuşacağını görürdü və müstəqil Azərbaycan üçün milli-strateji əhəmiyyət kəsb edəcək məsələlərin, o cümlədən də milli zabit kadrların bazasının yaradılmasına hələ sovet dövründə çalışırdı. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində deyirdi: "22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil respublika olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".

Azərbaycanın müstəqil olacağına inanan Ümummilli lider bütün fəaliyyətini bu inam üzərində qurmuşdu. Azərbaycanda milli hərbi təhsil sisteminin yaradılmasına başlanması və milli zabit kadrların hazırlığına prioritet istiqamət verilməsi onun Azərbaycanın milli maraqlarına olan bağlılığından irəli gəlirdi.

Məlumdur ki, Azərbaycanda milli hərbi təhsil sistemi hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşdırılmışdı. Azərbaycan xalqının böyük sərkərdələri, Heydər Əliyevin öz çıxışlarında dönə-dönə istinad etdiyi Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski bu sistemin qurulması, təşkilatlandırılması və möhkəmləndirilməsində xüsusi fəaliyyət göstəriblər. Adları çəkilən generalları Azərbaycanın milli zabit kadrlarının hazırlanmasında, hətta Sovet hakimiyyəti illərində yaxından iştirak edirdilər. Zəngin hərbi təcrübəyə və biliyə malik olduqları üçün Əliağa Şıxlinski 1924-cü ilin sonlarında komandir heyəti üçün Azərbaycan birləşmiş hərbi məktəbinin rəis müavini təyin edildi. Səməd bəy Mehmandarov isə 1924-1928-ci illərdə Azərbaycanın komanda məktəbinin və Zaqafqaziya piyada məktəbinin baş müəllimi təyin edilmişdi. Bu generalların dərs dediyi hərbi məktəblərdə 6 nəfər azərbaycanlı general, 10 nəfərə yaxın diviziya komandiri, 10-dan çox alay komandiri, 4 nəfər Sovet İttifaqı Qəhrəmanı, o cümlədən də Həzi Aslanov yetişmişdi.

Amma milli təfəkkürlü zabit kadrlarının yetişdirilməsini öz ideoloji platformasına uyğun hesab etməyən keçmiş mərkəz XX əsrin 30-cu illərində Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil sisteminə son qoydu və bu prosesi bütünlüklə mərkəzin nəzarəti altına aldı.

Böyük Vətən müharibəsi illərində bütün respublikalarda olduğu kimi Azərbaycanda da milli diviziyalar təşkil edildi və bu diviziyaların yaradılması ilə əlaqədar milli zabit kadrlarının hazırlığı zərurəti də ortaya çıxdı. Bu kadrlar sovet hərbi məktəblərində hazırlanırdı və milli hərbi kadrlara olan ehtiyacı ödəmək üçün İttifaqın bir çox hərbi məktəblərində milli kadrlar, o cümlədən də azərbaycanlılar üçün kvotalar ayrılmışdı. Həmin milli diviziyaların bəziləri 1956-cı ilə qədər mövcud oldu. Nə qədər ki, milli diviziyalar mövcud idi hərbi məktəblərdə milli zabit kadrlarına kvota ayrılması da diqqət mərkəzində idi. Amma 1956-cı ildən sonra bu məsələyə diqqət də xeyli zəiflədi. Mövcud olan faktlara görə, Heydər Əliyevin Sovet Azərbaycanının rəhbəri seçilməsi ərəfəsində, konkret olaraq 1967-ci ildə ölkə hərbi məktəblərinə cəmi 136 azərbaycanlı gənc sənəd vermişdi ki, onların çox az hissəsi məktəblərə daxil ola bilmişdi. Həmin il Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə 21 azərbaycanlı, Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə isə cəmi 2 azərbaycanlı daxil ola bilmişdi.

İttifaq mərkəzi Sovet Ordusunda milli zabit kadrların, xüsusilə rəhbər strukturlarda olmasına o qədər də rəğbətlə yanaşmırdı. Azərbaycanın o zamankı rəhbərliyi də İttifaq rəhbərliyinin bu xəttinə qarşı çıxmağa və milli iradə nümayiş etdirməyə maraqlı deyildi. Bunun nəticəsi idi ki, bir tərəfdən azərbaycanlı milli zabit kadrlar hazırlanmasında irəliləyiş yox idi, digər tərəfdən, Azərbaycandan olan çağırışçı ehtiyatı daha çox hərbi ixtisaslar verməyən hərbi hissələrə yerləşdirilirdi. Heydər Əliyev isə respublika rəhbərliyinə seçildiyi ilk günlərdən bu vəziyyətlə razılaşmadı və fərqli bir milli siyasət izləməyə başladı. Yaranmış vəziyyəti Heydər Əliyevin özü belə şərh edirdi: "Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur... Ümumiyyətlə, SSRİ ali hərbi məktəblərinə, əsasən, ruslar, ukraynalılar, beloruslar qəbul oluna bilərdilər. Qalan millətlərin gənclərinin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz İttifaqın bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Deməli, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən. Ona görə də mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum".

Heydər Əliyev bu çıxışında 1971-ci ili xatırladanda, əslində, Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin yaradıldığı ili nəzərdə tuturdu. Milli hərbi kadrlar hazırlığı məsələləri ilə o, Azərbaycana rəhbər seçildiyi ilk aylardan məşğul olmağa başladı. Çünki 1971-ci ilin aprelində milli hərbi kadrlar hazırlığına və respublikada hərbi çağırış məsələlərinə həsr edilmiş respublika Kommunist partiyası Mərkəzi Komitəsinin büro iclasında çıxış edərkən Heydər Əliyev bildirirdi ki, son bir il yarımda artıq üçüncü dəfədir ki, bu məsələ büroda müzakirə olunur. Bu büro iclasında Heydər Əliyevin o dövr üçün son dərəcə böyük cəsarət tələb edən bir çıxış etdi. Bu çıxışı milli hərbi zabit kadrlarının yetişdirilməsi ilə bağlı konsepsiyası kimi də dəyərləndirmək olar. Heydər Əliyev çıxışında belə dedi: "İl yarım ərzində biz üçüncü dəfədir ki, MK bürosunda orduya çağırış və hərbi məktəblərin komplektləşdirilməsi ilə bağlı məsələ müzakirə edirik. Bu, təsadüfi deyil. Çünki bu məsələ siyasi əhəmiyyəti olan çox mühüm məsələdir. Həm ona görə ki, biz bu sahədə işlərin əsaslı şəkildə yaxşılaşdırılmasına nail olmamışıq və bu məsələ ilə bağlı partiyanın tələblərinin yerinə yetirilməsini təmin etməmişik.

Bizdə orduya çağırışın aparılması pis gedir. Nöqsanlar haqqında əvvəllər danışmışıq. Bizdə hərbi məktəblərin komplektləşdirilməsi isə xüsusilə pis gedir. Mən bir daha qeyd edirəm ki, bu məsələ bizim respublikamız üçün son dərəcə siyasi əhəmiyyət kəsb edən fövqəladə mühüm bir məsələdir. Açıq deməliyəm ki, keçmişdə bizim hərbi ənənəmiz yox idi. Sovet hakimiyyəti qurulana qədər azərbaycanlılar, bir qayda olaraq, orduda xidmət etmirdilər. 50 və ya 100 il belə davam edib. Bütün tarixboyu isə azərbaycanlılar üçün orduda xidmətin tarixi ənənəsi yaradılmışdı. Bu, əlbəttə ki, hansısa səviyyədə isə bizim insanların hərbi təlim məsələlərinə öz təsirini göstərir. Bununla bərabər, nəzərə alınmalı və elə fəaliyyət göstərilməlidir ki, tarixdə yol verilən o böyük boşluq aradan qaldırılsın, biz bu məsələdə tarixi ənənələri və böyük keçmişi olan digər xalqlarla bir səviyyəyə qalxa bilək.

Biz öz böyük məktəbimizi nə vaxt yaradacağıq? Nə vaxt bizim respublikamız, bizim yerli millətimiz olan azərbaycanlılar Silahlı Qüvvələrdə öz yerini tutacaq və bizim ölkəmizin müdafiəsinə, onun hərbi qüdrətinin möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir?

Yoldaş Quliyev (respublikanın hərbi komissarı general-mayor Murtuz Quliyev nəzərdə tutulur – H.P.) məruzə etdi ki, seçilmiş 800 nəfərdən 170-i azərbaycanlıdır. Bu da uğurdur. Çünki keçən il onlar cəmi 57 nəfər idilər. Əgər biz 1100-1200 nəfər seçəcəyiksə (söhbət SSRİ ali hərbi məktəblərinə daxil olmaq üçün Azərbaycandan namizədlərin seçilməsindən gedir – H.P.) və respublikada əhalinin 74 faizini azərbaycanlılar təşkil edirsə, onda ən azı bu 74 faizi təmin edin. Əgər bütün 100 faiz verilərsə, onda biz bu sahədə keçmişdə yol verdiyimiz boşluğu aradan qaldıra bilərik. Əgər bu gün malik olduğumuz rəqəmlər qalacaqsa, onda biz öz vəzifələrimizi yerinə yetirə bilməyəcəyik. Bu baxımdan qarşımızda çox böyük vəzifə dayanır və biz milli hərbi kadrlara malik olmasaq bunu gələcək nəsillər bizə bağışlamaz".

Ümummilli lider Heydər Əliyev həmin vaxtlardan bu məsələyə tamamilə yeni tələblər irəli sürüldü, müvafiq təşkilatlar qarşısında çox ciddi vəzifələr qoyuldu. Bu vəzifənin həyata keçirilməsi isə çox böyük təşkilatçılıq işlərini nəzərdə tuturdu.

Milli zabit kadrların sayının artırılması üçün gənclərdə bu peşəyə həvəs yaratmaq lazım idi. Ona görə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında təbliğat işlərinin genişləndirilməsi, kənd rayonlarında rus dilinin tədrisinin yaxşılaşdırılması və s. digər işlər diqqət mərkəzinə gətirildi.

1971-ci ildə milli hərbi kadrların hazırlığı sahəsində ciddi nəticələrin əldə edilməsi üçün Heydər Əliyev daha qətiyyətli bir təşəbbüslə çıxış etdi. Bu təşəbbüsə əsasən həmin il Zığ qəsəbəsində yerləşən 2 nömrəli səkkizillik internat məktəbin bazasında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü xüsusi internat məktəbin əsası qoyuldu. Təşkil olunduğu illərdə bu məktəbdə təhsil VIII, IX və X siniflərdə nəzərdə tutulmuşdu və gələcəkdə zabit olmaq istəyən şagirdlər burada təhsil ala bilərdilər.

Bu məktəbin təsis edilməsinə görə Heydər Əliyevin İttifaq mərkəzindən böyük təzyiqlərə məruz qalması artıq məlum faktdır.

Heydər Əliyevin qətiyyəti nəticəsində bu xüsusi internat məktəb bağlanmadı, əksinə onun fəaliyyətinin yaxşılaşdırılması üçün lazımi qərarlar qəbul edildi. Məsələn, 1976-cı il aprelin 20-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Sovetinin "C.Naxçıvanski adına respublika orta internat məktəbin fəaliyyətinin yaxşılaşdırılması tədbirləri haqqında", 1978-ci il iyunun 30-da Azərbaycan SSR Nazirlər Sovetinin "C.Naxçıvanski adına respublika Xüsusi internat məktəbinin iş şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında", 1981-ci il iyun ayının 18-də Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin "C.Naxçıvanski adına respublika Xüsusi internat məktəbinin maddi-texniki bazasının genişləndirilməsi tədbirləri haqqında" qərarları qəbul edildi.

Məktəbin fəaliyyətinin təşkilinə respublika rəhbərliyi tərəfindən göstərilən qayğının nəticəsi kimi ildən-ilə onun məzunları sırasından kursant adı alanların sayı da çoxalmağa başladı. Məsələn, 1971-ci ildə C.Naxçıvanski adına Xüsusi internat məktəbinin 21 məzunu, 1975-ci ildə 24 məzunu, 1976-cı ildə 46 məzunu, 1977-ci ildə 68 məzunu, 1980-ci ildə 105 məzunu, 1981-ci ildə 107 məzunu, 1982-ci ildə 103 məzunu, 1983-cü ildə 133 məzunu ölkənin ali hərbi məktəblərinə daxil oldular. 1986-cı ildə isə məktəbin artıq 200-dən çox məzunu İttifaqın müxtəlif hərbi məktəblərinə daxil ola bilmişdilər.

Məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində yalnız C.Naxçıvanski adına Xüsusi məktəbin məzunlarından deyil, digər ümumtəhsil məktəblərinin məzunları arasından ölkənin ali hərbi təhsil müəssisəsinə göndərilənlərin sayı artır. İldən-ilə İttifaq ali hərbi təhsil müəssisələrinə respublikadan göndərilənlər arasında da azərbaycanlı gənclərin də sayında artım əldə edildi. 1972-1976-cı illərdə Azərbaycandan ölkə ali hərbi məktəblərinə göndərilənlərin statistikası aşağıdakı kimi idi.



Cədvəldən göründüyü kimi, 1973-cü ildən 1977-ci ilə kimi Azərbaycandan ölkə ali hərbi məktəblərinə göndərilənlərin ümumi sayında ildən-ilə müəyyən azalma baş versə də, həmin illər daxil olan azərbaycanlıların sayında artım olub.

Sonrakı illərdə də azərbaycanlılar arasından İttifaqın ali hərbi məktəblərinə daxil olan azərbaycanlıların sayı artdı. Məsələn, Heydər Əliyevin Moskvada yüksək vəzifəyə irəli çəkildiyi il, yəni 1982ci ildə respublikadan 1086 nəfər İttifaqın müxtəlif ali hərbi məktəblərinə daxil oldu. Onlardan 619 nəfəri azərbaycanlı idi. Sonrakı 1983-cü ildə isə Azərbaycandan İttifaq ali hərbi məktəblərinə daxil olan 1206 nəfərin 812-si azərbaycanlı idi.

Heydər Əliyevin respublika rəhbəri seçildiyi ilk illərlə müqayisədə onun Moskvaya yüksək vəzifəyə irəli çəkildiyi ildə İttifaq ali hərbi məktəblərinə daxil olan azərbaycanlıların sayı 20 dəfəyə yaxın artmışdı. Başqa sözlə,1972-ci ildə cəmi 46 azərbaycanlı ali hərbi məktəblərə daxil olmuşdusa, 1983-cü ildə onların sayı 812 nəfərə çatmışdı.

Bakıda yerləşən ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı gənclərin sayının artırılması üçün də Heydər Əliyev çox ciddi təşkilatçılıq işləri apardı. O, həmin məktəblərin fəaliyyəti ilə və ora azərbaycanlı gənclərin daxil olması səviyyəsi ilə maraqlandı və sonralar məktəblərin fəaliyyətinin Azərbaycanın milli maraqlarına uyğunlaşdırılması sahəsində görülən işləri sonralar belə xatırlayırdı: "Mən 1970-ci ildə bu məktəblərin işi ilə tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul etdiyi halda, Ümumi Hərbi Komandirlər Məktəbində cəmisi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi Dəniz Donanması Məktəbində isə 1-2 nəfər azərbaycanlı oxuyur. Hərbi məktəblər Azərbaycanda, Bakıda yerləşirdi, amma orada oxuyanların tam əksəriyyəti azərbaycanlı deyildi. Bu, bir tərəfdən o vaxt aparılan siyasət sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək vəzifələrdə başqa millətlərdən və xüsusən, Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər gördük. Biz Naxçıvanski adına hərbi məktəb yaratmaqla yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi məktəbə baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet Ittifaqı Müdafiə Nazirliyinə tabe idilər hər il azərbaycanlıların qəbul edilməsinə nail olduq".

Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbinin fəaliyyətində milli maraqların daha yaxşı təmsil olunması üçün Heydər Əliyev bu məktəbin rəisliyinə də azərbaycanlı zabitin təyin edilməsinə nail oldu və onun qarşısında məktəbə daxil olanların 50 faizinin azərbaycanlıların olması vəzifəsini qoydu. Respublika rəhbərinin təkidi bu istiqamətdə də ciddi nəticələr əldə edildi və ora daxil olanların tərkibində azərbaycanlıların sayı xeyli artırıldı. Respublika rəhbərinin təkidi ilə 1981-1983-cü illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində azərbaycanlı gənclər üçün ayrılan kvotanı 225 nəfərə, Xəzər Ali Hərbi Dənizçilik Məktəbində isə 125 nəfərə çatdırmaq mümkün oldu. Bu kvotaların sayının yüksəldilməsi, heç şübhəsiz, azərbaycanlı gənclərin həmin məktəblərə daxil olmasını xeyli asanlaşdırırdı.

Heydər Əliyev Moskvaya yüksək vəzifəyə irəli çəkildikdən sonra azərbaycanlı gənclərin zabit kimi yetişməsinin qarşısında yenidən ciddi maneələr ortaya çıxdı. Məsələn, 1983-cü ildə Azərbaycandan bütünlükdə 1206 nəfər ölkə hərbi məktəblərinə daxil olmuşdusa, 1985-ci ildə ölkə ali hərbi məktəblərində Azərbaycan üçün kvota 397 nəfərə qədər azaldıldı. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində isə Azərbaycan üçün nəzərdə tutulan kvota 225 nəfərdən 33 nəfərə endirildi.

Bunun nəticəsi idi ki, sonrakı illərdə ölkənin ali hərbi məktəblərinə daxil olan azərbaycanlı gənclərin sayında da azalma özünü göstərməyə başladı.

Bununla belə, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində hələ sovet hakimiyyəti illərində müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin kadr bazasını təşkil edə biləcək milli kadrların hazırlanması əldə edildi.

Azərbaycan xalqı öz müstəqilliyini bərpa edəndən sonra milli zabit kadrların hazırlanması üçün daha yaxşı imkanlar açıldı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurucusu Heydər Əliyev bu sahəyə diqqəti daha da artırdı və Azərbaycanda mükəmməl hərbi təhsil sistemini təşkilatlandırdı. Bunun nəticəsi idi ki, öz həyatını zabit peşəsinə həsr edən gənclərin də bu məktəblərə axını başladı. Heydər Əliyev zabit peşəsini seçən gəncləri belə qiymətləndirirdi: "Vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir. Çünki müstəqil dövlətimiz, müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun çox güclü ordusu bu gün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra heç bir tərəfdən işgal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünyada məşhur olan və dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun. Biz bunu gözləyirik. Tam inanıram ki, Azərbaycan gəncləri içərisindən yaxın gələcəkdə belə sərkərdələr çıxacaq. Onlar nəinki Azərbaycanda, bütün dünyada tanınan sərkərdələr olacaq".

Yeni dövrün vəzifələrinin daha dolğun icrası və milli zabit kadr hazırlığı prosesinin təkmilləşdirilməsi üçün 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü orta məktəbin adı dəyişdirilərək C.Naxçıvanski adına hərbi lisey adlandırıldı. Heydər Əliyevin 1998-ci il mart ayının 13-də imzaladığı sərəncamla C.Naxçıvanski hərbi liseyin Naxçıvan filialının əsası qoyuldu və 1999-cu il oktyabr ayının 13-də həmin filialın açılışında şəxsən iştirak etdi və gələcəyini zabit kimi görmək istəyən gənclərə səmimi uğurlar arzuladı.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli hərbi təhsil sisteminin formalaşdırılması sahəsində də daha ciddi addımlar atıldı. Respublikada hərbi təyyarəçi kadrlara olan ehtiyacın aradan qaldırılması üçün 1995-ci ildə Azərbaycanda Uçuş Hazırlığı Təlim Mərkəzi yaradıldı və bu mərkəzdə 3 illik proqram əsasında təyyarəçi kadrların hazırlanmasına başlandı. 1997-ci il oktyabr ayının 15-də bu təlim mərkəzində təhsil alan heyətin ilk buraxılışı oldu və Heydər Əliyev bu buraxılışda iştirak etməklə gənc hərbi təyyarəçilər qarşısında çıxış da etdi.

Hərbi təyyarəçi kadrların hazırlığına xüsusi əhəmiyyət verildiyi üçün idi ki, 1998-ci ildə Uçuş Hazırlığı Təlim Mərkəzi "Bakı Ali Hərbi Təyyarəçilik Məktəbi" adlandırıldı. Bu məktəbə daxil olanlar 2 istiqamət və 4 ixtisas üzrə təhsil alırdılar. 2001-ci ildə isə bu məktəb Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Elə həmin ildə eyni fərmanla Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Ali Hərbi Dənizçilik Məktəbi isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Adları çəkilən bu məktəblərdə 1997-ci ildən etibarən zabit kadrlarının hazırlığı müasir standartlara cavab verən yeni proqram üzərinə qoyuldu və 2001-ci ildə bu məktəblərin ilk buraxılışı oldu. Həmin buraxılışda da Heydər Əliyev iştirak edərək müdavimlər qarşısında çıxış etdi: "Siz xoşbəxt adamlarsınız, xoşbəxt gənclərsiniz. Ona görə ki, bu məktəbdə dörd il təhsil almısınız, hərbi peşəni mənimsəmisiniz və şüurlu olaraq özünüzü bu şərəfli işə, hərbi peşəyə həsr etmək niyyəti ilə yaşayırsınız və Azərbaycan ordusunda şərəflə xidmət etməyə hazırsınız. Sizin qarşınızda çox böyük vəzifələr durur. Siz bu illər ərzində aldığınız təhsili, qazandığınız təcrübəni gərək Azərbaycanın xidmət edəcəyiniz hərbi hissələrində səmərəli istifadə edəsiniz. Birincisi, siz gərək öz xidmətinizlə sübut edəsiniz ki, dörd il müddətində aldığınız təhsil həqiqətən, Azərbaycan ordusunun peşəkarlığını, səviyyəsini qaldırmağa xidmət edəcəkdir. İkincisi, gərək hər bir hərbi hissədə əsgərlər üçün nümunə olasınız. Çünki siz müstəqil Azərbaycanın milli ordusunun, milli hərbi məktəbinin məzunlarısınız. Bu, çox şərəfli addır. Bu şərəfli adı siz axıra qədər şərəflə daşımalısınız".

Heydər Əliyev Azərbaycanın ali hərbi məktəblərinin 2002-ci ilin yayında olan buraxılışında da iştirak etdi və Silahlı Qüvvələrin sıralarına qoşulan gənc zabitlər qarşısında səmimi bir çıxış etdi, onlara öz tövsiyələrini və tapşırıqlarını verdi.

Azərbaycanda milli hərbi kadrların hazırlanması sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında qərar oldu. Bu məsələ ilə bağlı Prezident fərmanı 1999-cu ildə imzalanıb. Bununla da ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, onların ixtisasının artırılması sahəsində mövcud olan boşluğu da aradan qaldırmaq mümkün oldu.

Təsdiq olunmuş Əsasnamə ilə Hərbi Akademiyaya aşağıdakı vəzifələr həvalə olunmuşdu:

– Silahlı Qüvvələrin ehtiyacı baxımından hərbi elmlər üzrə yüksək nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmiş komandir və qərargah zabitlərinin hazırlanması;

– Azərbaycan Respublikasının müdafiəsinin möhkəmləndirilməsi, hərbi kadrların hazırlanmasının təkmilləşdirilməsi məsələlərinin həllinə yönəldilmiş fundamental elmi tədqiqat işlərini təşkil etmək və həyata keçirmək;

– elmi, elmi-pedoqoji kadrların hazırlanması, komandir və müəllim heyətindən olan zabitlərin ixtisasının artırılması;

– hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş hərbi-elmi tədqiqatlar aparmaq və təkliflər vermək;

– dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbistrateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təşkil etmək.


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə akademik kursu, Hərbi diplomatiya kursu və Adyunktura fəaliyyət göstərir. Silahlı Qüvvələr və Azərbaycanın digər güc strukturları üçün elmi kadrların hazırlanmasında Adyunkturanın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Bu sahənin fəaliyyətinin düzgün və səmərəli qurulması üçün Adyunkturanın işinə yetərli sayda alimlər və elmi işçilər cəlb ediliblər və onların səyləri ilə elmi tədqiqatlar aparılmaqla bərabər, həm də elmi kadrların hazırlanmasına da başlanıb. Hazırda 20 zabit fəlsəfə doktoru, 7 nəfər isə elmlər doktoru proqramı üzrə təhsil almaqla hərb elminin müxtəlif sahələri üzrə araşdırmalarla məşğuldurlar.

Nəticə

Beləliklə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri və uzaqgörənliyi nəticəsində bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlifsəviyyəli zabit kadrları ilə təmin edilməsi üçün bütöv bir hərbi təhsil sistemi yaradılıb. Bu təhsil sistemi uzun illər boyu Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün səmərəli fəaliyyətini davam etdirəcək.

Heydər Kamal oğlu Piriyev — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin rektoru, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin