Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Antalya danışıqları onların xüsusi nümayəndələrinin daha əvvəl Moskva (14 yanvar) və Vyanada (24 fevral) keçirdiyi bir neçə görüşə təsadüf edib. Tərəflər diplomatik normallaşma üzrə danışıqları davam etdirmək üçün 2021-ci ilin dekabrında xüsusi nümayəndələr təyin ediblər. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ikinci görüşdə daha çox konkret addımlar müzakirə olunub və prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı əvvəlki razılaşma təsdiqlənib.
Kremlin fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə fonunda Türkiyə-Ermənistan barışıq səyləri yeni məna və əhəmiyyət kəsb edir. Kəskin və geniş hərbi eskalasiyadan əvvəl Moskva Ermənistan-Türkiyə diplomatik əlaqələrinin bərpasına dəstək verəcəyini bildirmişdi və hətta ikitərəfli danışıqların özündə iştirak etmədən xüsusi nümayəndələrinin ilk görüşünə ev sahibliyi etdi. Bu prosesə oxşar dəstəyi Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Antalya toplantısından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi, Qərbin Rusiyaya qarşı görünməmiş sanksiyaları və regionda yeni təhlükəsizlik vəziyyəti Ermənistan-Türkiyə dialoqunda tamamilə yeni dinamikanı hərəkətə keçirə bilər.
Bəzi erməni siyasi ekspertlər Rusiya-Ukrayna müharibəsini Ermənistan üçün yaxınlaşan təhlükə kimi görürlər, çünki münaqişə Rusiyanı potensial olaraq öz periferiyasında yerləşən ölkələr üzərində nəzarətini gücləndirməyə sövq edir. Bununla belə, onlar hesab edirlər ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini bərpa etməklə bu təhlükəni neytrallaşdırmaq və ya yumşaltmaq olar.
Məsələn, tanınmış “Hetq.am” media orqanının jurnalisti Samson Martirosyan “Tvitter” hesabında yazıb ki, Ukraynadakı müharibə fonunda Ermənistanın türk qonşuları ilə münasibətlərinin normallaşması həyati əhəmiyyət kəsb edir və Ermənistan sərt seçimlərlə üzləşərsə manevr üçün yer təmin edə bilər.
Analitik Areq Koçinyan da hesab edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistan üçün bir fürsət kimi qiymətləndirilməlidir: “Əks halda dövlətçiliyimiz ortamüddətli perspektivdə təhlükə altında qalacaq”.
Türkiyə ilə əlaqələrin tez bir zamanda normallaşması marağına əlavə olaraq ABŞ-ın Rusiyaya Qərb sanksiyalarının təsirindən yan keçməsində və ya təsirini yumşaltmaqda iştirak edən ölkələrə və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaları təsir edir. Fevralın ortalarında, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan əvvəl ABŞ-ın İrəvandakı səfirliyi Ermənistana Rusiyanın hərbi-kəşfiyyat şirkətləri ilə əməkdaşlıq sövdələşməsinin mümkün mənfi iqtisadi nəticələri barədə xəbərdarlıq etmişdi.
Ukraynada müharibə başlayandan bəri bu sanksiyaların əhatə dairəsi kəskin şəkildə artıb. Ermənistan isə Rusiyanın Avrasiya İqtisadi Birliyi (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müttəfiqi kimi xəbərdar edilib. Martın 14-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında ABŞ dövlət katibi Entoni Blinken “Moskva və onun havadarlarının Kremlin Ukraynaya qarşı əsassız müharibəsinə görə cavabdehlik daşıyacaqlarını” bildirib. O, Moskvaya sanksiyaları aradan qaldırmağa kömək edəcək fəaliyyətlərlə məşğul olmağı düşünən hər kəsə xəbərdarlıq edib.
Gələcəkdə Rusiyanın siyasi təzyiqinin hər hansı mümkün artımını bir kənara qoysaq, sanksiya təhdidləri hazırda Ermənistan hökumətinin Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü və aparıcı regional ölkə olan Türkiyə ilə münasibətləri düzəltmək istəməsi üçün kifayət qədər ciddi səbəbdir. Türkiyə və Ermənistan arasında dostluq münasibətləri və ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafı İrəvana Qərbin anti-Rusiya sanksiyalarının özü üçün mənfi nəticələrini əhəmiyyətli dərəcədə yumşaltmağa kömək edəcək.
Öz növbəsində, Ermənistanda, ümumiyyətlə, Cənubi Qafqazda gərgin vəziyyət Türkiyəyə region ölkələri ilə əlaqələrini gücləndirmək üçün yaxşı imkan yaradır. Türkiyə Ermənistanla diplomatik münasibətlərin bərpası və Türkiyə-Ermənistan sərhədinin yenidən açılması ilə bağlı danışıqlara Ermənistan-Azərbaycan sülh danışıqlarının da daxil olduğu regionda daha geniş münaqişənin həlli prosesinin bir hissəsi kimi yanaşır. Buna görə də Türkiyə liderləri Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Ermənistan-Azərbaycan yolu ilə paralel davam etdirəcəklərini dəfələrlə bildiribər. Bunu Türkiyənin xarici işlər naziri Çavuşoğlu bu yaxınlarda bir daha təsdiqləyib və bildirib ki, Ankara Bakının razılığı olmadan İrəvanla danışıqlarda heç bir kritik məsələyə toxunmayacaq.
Türkiyə üçün bu, həm də üçüncü tərəflərin vasitəçiliyi olmadan Ermənistan-Azərbaycan sülh prosesini ikitərəfli formatda yenidən təşkil etmək üçün əlverişli məqamdır. Çavuşoğlu martın 13-də Antalya Diplomatiya Forumunda bildirib ki, sülh sazişi üçün Ermənistan-Azərbaycan danışıqlarına üçüncü tərəfin qarışmasına ehtiyac olmamalıdır.
Qeyd edək ki, Bakı ilə İrəvan arasında danışıqlar 2020-ci ildə Qarabağ Müharibəsi başa çatdıqdan sonra ilk növbədə Rusiya tərəfinin vasitəçiliyi ilə irəliləyib. Ötən ilin sonunda Avropa İttifaqı bu prosesdə müəyyən rol qazansa da, Aİ-nin vasitəçiliyi ilə keçirilən görüşlər (14 dekabr 2021-ci ildə Brüssel; 4 fevral 2022-ci ildə onlayn sammit) danışıqlara yeni dinamika gətirə bilmədi və Rusiyanın vasitəçiliyi ilə artıq əldə edilmiş razılaşmaları bir daha təsdiqlədi.
Bununla belə, Ermənistan hökumətinin daha geniş regionda mövcud təhlükəsizlik vəziyyəti fonunda müstəqil xarici siyasət yeridə və maraqlarını nə dərəcədə qoruya biləcəyini görmək qalır. Paşinyanın apreldə Moskvaya gözlənilən səfəri bu baxımdan kritik məqam olacaq. Ermənistan və onun türk qonşuları arasında sülh prosesinə qarşı çıxan və Ermənistanın Rusiya-Belarus Birlik Dövlətinə üzvlüyünü müdafiə edən bəzi revanşist qüvvələr parlament müxalifətində qalmaqda davam edir.
Firuz Bağırov
Ordu.az