Beləliklə, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Azərbaycan xarici siyasətdə ölkənin 1990-cı illərin ortalarında şüurlu şəkildə qəbul etdiyi balanslaşdırılmış yanaşmanı saxlamaqda davam edir. Azərbaycan-Rusiya münasibətlərinin yaxın tarixi (məsələn, keçmişdə Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın Ermənistana ənənəvi dəstəyi, 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı Moskvanın Ermənistana hərbi təchizat verməsi) Bakının ehtiyatlı Rusiya siyasətinin əsasını təşkil edir. Azərbaycan Rusiyanı açıq şəkildə tənqid etməsə də, münaqişə tərəfləri arasında əldə olunacaq atəşkəs üçün əsas kimi beynəlxalq hüququn, xüsusilə də suverenlik və ərazi bütövlüyünün vacibliyini vurğulayaraq, Ukraynaya dolayı dəstəyini bəyan edib.
Ukraynaya yardım və qeyd olunan açıqlamalar bu yaxınlarda imzalanmış Moskva bəyannaməsindən sonra Azərbaycanın bütün kritik beynəlxalq məsələlərdə birmənalı olaraq Rusiyanın yanında olacağını gözləyən bir çox müşahidəçilər üçün sürpriz oldu. Müharibə başlamazdan cəmi bir ay əvvəl və hərbi əməliyyatların kəskinləşməsi fonunda Prezident İlham Əliyev postsovet məkanından (Baltikyanı ölkələr istisna olmaqla) Kiyevə səfər edən yeganə lider idi. Prezident orada ikitərəfli əməkdaşlığın dərinləşməsinə dair bir sıra sazişlər imzaladı, eyni Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan etdi.
Bunun əksinə olaraq, Cənubi Qafqazda Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmağa can atan, habelə regionda Rusiya ilə ərazi münaqişəsində olan yeganə ölkə olan Gürcüstanın siyasi rəhbərliyi Ukraynaya səfər etməkdən imtina etdi. Gürcüstan hökuməti, ümumiyyətlə, kifayət qədər təmkinli mövqe tutdu.
Fevralın 25-də hakim “Gürcü Arzusu” partiyası parlament müxalifətinin təşəbbüsü və prezident Salome Zurabişvilinin dəstəklədiyi Ukrayna böhranı ilə bağlı növbədənkənar parlament iclasını keçirməkdən imtina etdi. Məsələ ilə bağlı hər hansı parlament danışıqlarının qarşısını almaq üçün spiker Şalva Papuaşvilinin tələbi ilə müxalifət deputatlarının plenar zala daxil olmasının qadağan edildiyi bildirilir.
Gürcüstan hökuməti Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmağı da planlaşdırmır. Gürcüstan Milli Bankı bu sanksiyalardan yayınmağa çalışan hər kəsə “kömək edə bilməyəcəyini və etməyəcəyini” bəyan edib. Baş nazir İrakli Qaribaşvilinin fikrincə, Qərbin ciddi şəkildə tətbiq etdiyi sanksiya rejiminə qoşulmaq yalnız Gürcüstana və onun xalqına ziyan vuracaq. Onun bəyanatını Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsi (parlamentin yuxarı palatası) rəhbərinin birinci müavini Vladimir Cabarov yüksək qiymətləndirib: “Belə bir qərarı ancaq alqışlamaq olar”.
Lakin Gürcüstan hökumətinin bu siyasi mövqeyi müxalifəti və Rusiyanın Ukraynaya təcavüzünü kəskin şəkildə pisləyən və baş nazir Qaribaşvilini istefaya çağıran geniş ictimaiyyəti qəzəbləndirdi.
Bu tənqidə cavab olaraq və qərarını müdafiə edən Qaribaşvili fevralın 28-də Ukraynanın bombalanmasının qarşısını almaq üçün heç bir qətiyyətli xarici gücün olmadığını bildirib və qeyd edib ki, sanksiyalar effektiv vasitə deyil: “Biz hamıya hörmət edirik, lakin ilk növbədə ölkəmizi və xalqımızı qorumalıyıq”. Lakin xalqın etirazlarına tab gətirə bilməyən Gürcüstan hökuməti Azərbaycana qoşularaq Ukraynaya 1 milyon lari (315 min dollar) dəyərində tibbi ləvazimatlar göndərib.
Hər iki ölkənin paytaxtlarında geniş ictimaiyyət Ukraynaya dəstək üçün izdihamlı nümayişlər təşkil edib. Prezident Zelenski fevralın 26-da tvitində gürcülərə Ukrayna tərəfdarı mitinqlərinə görə təşəkkür edib, lakin Gürcüstan hökumətinin münasibətini tənqid edərək, sözlərinə belə davam edib: “Həqiqətən də, elə vaxtlar olur ki, vətəndaşlar hökumət kimi olmur, hökumətdən daha yaxşı olur”. Ukraynanın Azərbaycandakı səfiri həmçinin azərbaycanlılara ukraynayönümlü nümayişlərə görə təşəkkür edib.
Öz növbəsində Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq olan yeganə Cənubi Qafqaz ölkəsi kimi diqqəti cəlb edib. Fevralın 25-də Ermənistan Rusiya nümayəndə heyəti ilə birlikdə Avropa Şurasında Rusiyanın Ukraynaya silahlı hücumu səbəbindən təşkilatdan çıxarılması barədə qərarın əleyhinə səs verib. Həmin gün Ermənistan Müdafiə naziri Suren Papikyan Moskvaya səfər edib və rusiyalı həmkarı ilə görüşüb, görüşün press-relizində Ukrayna müharibəsi ilə bağlı məsələlərin müzakirə edildiyi qeyd olunmayıb. Fevralın 26-da Ermənistan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə erməni hərbçilərin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı yayılan məlumatı təkzib edib.
Erməni analitik Riçard Qiraqosyana görə, İrəvanın Avropa Şurasında Rusiyaya dəstək verdiyi səsvermə “Ermənistanı təhlükəli şəkildə təcrid etsə də, Ermənistan üçün seçim çox az, hətta daha az alternativ olub”. İqtisadi və təhlükəsizlik sahəsində demək olar ki, tamamilə Rusiyadan asılı vəziyyətə düşən Ermənistanın xarici siyasətdə müstəqil manevr imkanları ciddi şəkildə məhdudlaşdırılıb.
Deməli, İrəvan da Rusiya əleyhinə beynəlxalq sanksiyaların regional təsirindən narahatdır. Fevralın 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın Nur-Sultan şəhərində Moskvanın nəzarəti altında olan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında çıxış edərkən bu böhranın təhlükəli nəticələri barədə xəbərdarlıq edib. “Sanksiyaların Avrasiya məkanındakı iqtisadi iqlimə birbaşa təsir edəcəyi göz qabağındadır”, - deyə o bildirib və əlavə edib ki, AİB üzvü olan ölkələr bu sanksiyaların öz iqtisadiyyatlarına mənfi təsirini minimuma endirmək üçün tədbirlər görməlidirlər.
Beləliklə, Cənubi Qafqazın üç respublikası indiyədək ya bitərəf mövqe tutub (Azərbaycan və Gürcüstan), ya da Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Moskvaya (Ermənistan) siyasi dəstək veriblər.
Aqil Məmmədov
Ordu.az