Erməni hərbi ekspert: “Ölkəmizin hərbi personalı sosial sahənin ən aşağı səviyyəsindədir”

2019/04/80497-1554978618.jpg
Oxunub: 15916     10:12     01 Noyabr 2019    
2020-ci il üçün Ermənistan dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclər məsələsi son 2-3 həftə ərzində erməni mediasında və ictimai dairələrdə qızğın müzakirə mövzusu olub.

Belə ki, 2019-cu ildə hərbi xərclərlə müqayisədə 2020-ci il üçün hərbi və ya müdafiə büdcələrində artım olduqca kiçikdir. Yəni 2019-cu ildə dövlət büdcəsindən hərbi xərclər üçün 300 milyard 585 milyon 247 min dram ayırılıb, 2020-ci il üçün dövlət büdcəsi layihəsinə görə isə bu rəqəm 301 milyard 167 milyon 213 min dram olacaq. Bu da faiz hesabı ilə cəmi 0,8 faiz artım deməkdir.

“Təbii ki, Ermənistan-Azərbaycan münaqişə vəziyyətini və Ermənistanın təhlükəsizlik problemlərini nəzərə alaraq, bu rəqəm və göstəricilərinin təhlili ümumiyyətlə Ermənistan və Azərbaycan arasındakı rəqabət məntiqində aparılır və Azərbaycanın qeyd etdiyi rəqəmlərlə müqayisə edilir. 2018-ci ildə Stokholm İnstitutuna görə, Azərbaycanın hərbi xərcləri (təqribən 1.7 milyard dollar) 2017-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artmayıb (təxminən 1.5 milyard dollar), rəsmi məlumatlara görə 2019-cu ildə qonşu ölkənin hərbi büdcəsi 1.88 mlrd dollar təşkil edib. Azərbaycan hökuməti 2020-ci ilin büdcəsi layihəsinə əsasən müdafiə və milli təhlükəsizlik üçün 2 milyard 267 milyon dollar (3 milyard 853 milyon manat) ayırmağı planlaşdırır. Bu, 2019-cu ildə ayrılan məbləğdən 20,9% çoxdur”, - deyə erməni şərhçi Aram Sarkisyan bildirib.

Burada, əlbəttə ki, müdafiə və təhlükəsizlik xərclərinin real xərcləri barədə daha dəqiq məlumat əldə etmək üçün nəzərə alınmalı bəzi nüanslar var. Bu həm Ermənistana, həm də Azərbaycana aiddir.

“Hesablanmayan bəzi rəqəmləri nəzərə alsaq, Ermənistanın hərbi büdcəsinin həcmi təhlükəsizlik problemlərimizlə müqayisədə təsiredici görünmür. Bu, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin tənqidçilərinə ölkəmizin təhlükəsizlik sahəsinə laqeyd qaldığı bir vaxtda Azərbaycanın yeni müharibəyə hazırlaşdığını bəyan etmələrinə imkan verir”, - deyə Sarkisyan qeyd edib.

Erməni hərbi ekspert Hraç Petrosyants mövzu ilə bağlı Ermənistanın “Araçin Lratvakan” nəşrinə müsahibə verib.

- Cənab Petrosyants, 2020-ci il dövlət büdcəsi layihəsində təqdim olunan rəqəmlər ölkəmizdə hərbi xərclərin real həcmini əks etdirirmi, yoxsa yox?

- Stokholm İnstitutunun təqdim etdiyi məlumatlardan başlayaq. Bu bülleteni tərtib edərkən Stokholm İnstitutunun mütəxəssisləri əvvəlcə bir sıra meyarlara baxırlar ki, bunlardan ən vacibi orduya ayrılan vəsaitin ölkənin ÜDM-ə nisbəti neçə faiz olmasıdır. Ermənistanın 2018-ci ildə böyük bir artıma imza atması da, sadəcə, ölkəmizin büdcəsinin neçə faizinin orduya ayrılmasından asılıdır. Burada məsələ pul miqdarı deyil, büdcənin faizidir. Fərz edək ki, Azərbaycanın büdcəsi 20 milyard dollardır və hərbi sahəyə 2 milyard dollar ayırır və Ermənistanın büdcəsi 500 milyon dollardır və hökumətimiz 100 milyon dollar ayırır, həqiqi rəqəmlər müqayisə olunmur, amma faiz baxımından, belə çıxır ki, Ermənistan 20 faiz, Azərbaycan isə 10 faiz ayırır. Fərz edin. Nəticədə deyirlər ki, Ermənistan hərbi büdcəsində çox böyük bir artım qeydə alınıb. Təqdim olunan rəqəm yalnız bununla şərtlənir.

- Bəs indi artım olmasının səbəbi nədir?

- “Artım yoxdur”la bağlı fikrim dəyişməyib. Bu gün biz dövlət üçün çox vacib məsələlərə çoxlu pul yönəldirik, amma düşünürəm ki, müharibə vəziyyətində olan bir ölkə olduğumuzu və bütün iqtisadiyyatımızın müdafiəyə çalışmalı olduğunu unutmamalıyıq. Şəxsi fikrim budur. Çünki daha çox sosial məsələlərə və məişət mövzularına diqqət etdikdə, müdafiə sahəsinə ayrılan xərclər məsələsində geri qalırıq. Bu sahəyə nə qədər pul qoysaq da, Hovhannisyanın dediyi kimi, görünməyən müxtəlif məqamlar çoxdur, buna baxmayaraq, bu xərclər azdı, azdır və çox az olduğunu düşünürəm.

- Məsələn, bu il Rusiya kreditinin qaytarılması üçün gələn ilin büdcəsində planlaşdırıldığından daha çox pul ayrılıb?

- Bəli, bu da bir qədər artım göstərir. Əvvəllər belə kreditlər büdcəyə daxil deyildi. Bu dəfə daxil edilib, buna görə bir qədər artım görünür. Ancaq əhəmiyyətli bir artımın olduğunu söyləmək yəqin ki, çətin olacaq. Mən artım olmadığını görürəm.

Daha doğrusu, Azərbaycan 2017-ci ildə 1.5 milyard dollar, növbəti il 1.7 milyard dollar, keçən il 1.88 milyard dollar, bu il 2 milyard 267 milyon dollar xərcləyib. Bizim rəqəmlərimiz isə 600-650 milyon dollar arasında dəyişir. Bu vəsait təhlükəsizlik məsələlərini həll etmək üçün kifayətdirmi? Bu vəziyyətdə əlbəttə ki, Azərbaycanla eyni miqdarda silah əldə etməməli olduğumuzu vurğulamalıyıq, çünki maddi imkanlarımız müqayisə olunmaz dərəcədə azdır. Ancaq hər halda, cari həcmlər kifayətdirmi?

Geriyə baxıb keçmiş illərin təcrübəsini xatırlasaq, müstəqilliyin ilk illərində eyni vəziyyət olduğunu görərik. Bizim xərclərimiz və Azərbaycanın xərcləri, hərbi potensialımız və rəqibimizin potensialı müqayisə olunmaz idi. İndi bütün problem yenidən bu məsələdədir. Xərclər həqiqətən də kiçik ola bilər, o qədər də çox deyil, lakin onların effektivliyi müəyyən keyfiyyət verə bilər. Ancaq biz XXI əsrin ilk rübündə yaşayırıq və bir anda çox böyük xərc tələb edən əsaslı, köklü dəyişikliklər etməliyik.

- Ermənistan Müdafiə Nazirliyi rəhbərliyinin silah alınması ilə bağlı son açıqlamalarını xatırlayın. Mütəmadi olaraq yeni silahların, yeni hərbi texnikaların əldə ediləcəyi yada salınır. İyul ayında müdafiə naziri David Tonoyan “hərbi sürprizlər olacaq”, deyə açıqlama verib. Göstərilən rəqəmlərdə bu uğurlar əks olunmurmu?

- Düzünü desəm, bu dəqiq cavab verə bilmədiyim bir sualdır, çünki nə qədər pulun, hansı yollarla, haradan gəldiyi, hansı silahların alındığı və s. barədə bir məlumata sahib deyiləm. Bu gün biz yalnız Rusiya qırıcılarının alınması haqqında bilirik, amma qalanları, müdafiə nazirinin dediyi kimi, sürprizdir. Buna görə əsassız nəticələr vermək düzgün olmazdı. Ancaq təkrar edirəm, bu sektorun xərclərini ödəmək üçün milyardlarla dollar xərclənsə də, hələ də azlıq təşkil edir. Digər tərəfdən, hər şey texnika ilə müəyyən edilmir. Nəhayət insan amili var. Keyfiyyətli və səmərəli olmaq üçün isə ordunun hərbi qulluqçularını qaldırmalı, ən yüksək sosial təbəqə olmasını təmin etməyi bacarmalıyıq. Təəssüf ki, bu gün tamamilə əksinədir. Bu gün hərbi personal sosial sahənin ən aşağı səviyyəsindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin