Ordu.az xəbər verir ki, ABŞ sabiq Müdafiə nazirinin müavini Robert Vork və Qreq Qrantın Yeni Amerika Təhlükəsizliyi Mərkəzi üçün hazırladığı hesabatda son illərdə Çinin hərbi gücünü artırması araşdırılıb.
Qeyd olunur ki, Çinin 1991-ci ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın “Səhrada Tufan” əməliyyatından götürdüyü əsas dərs o oldu ki, müharibənin ən erkən mərhələlərində düşmənə ağır və sürətli zərbələr vurmaq lazımdır.
Bu illərdən başlayaraq Çin öz ordusu üçün daha çox silah təmin etməyə başlayıb. Ötən əsrin sonlarında silah yarışlarında geri qalsa da, hazırda bu sahədə Çin dünyanın ən güclü ölkələrindən də irəlidədir. Son illər Çin ordusunun modernləşməsi istiqamətində bir sıra ciddi addımlar atılıb. Xüsuilə orduda suni zəkadan istifadə etmək üçün bu sahəyə ciddi sərmayə qoyulub.
Hesabatda qeyd olunub ki, Çinin son illərdəki hərbi sənayedə nəzərəçarpan inkişafları əsasən “sənaye oğurluğu” ilə əlaqədardır.
Ümumi olaraq, Çinin hərbi sənayedə ən çox sərmayə qoyduğu sahələr bunlardır: biotexnologiya, hipersəs silahları, ballistik və qanadlı raketlər.
Qeyd olunur ki, 2049-cu ilə qədər Çin dünyanın ən yaxşı silahlanmış ordusuna sahib olmaq niyyətindədir. Pentaqon silah yarışında uğursuz olsa, Çinin məqsədinə çatması yüksək ehtimaldır.
Sevinc Əliyeva
Ordu.az