Təxribata cəhd edən erməni əsgərinin anası küçəyə atılır

2019/10/74667-1572075752.jpg
Oxunub: 27027     17:48     29 Oktyabr 2019    
2015-ci ilin dekabrında işğal altında olan Cəbrayılda təxribata cəhd edərkən ölən erməni kəşfiyyatçı Ruben Aleksanyanın ailəsi, möcüzə baş verməsə, dekabr ayında küçəyə atılacaq. Ermənistan hökuməti və Müdafiə Nazirliyi ev məsələsində ailəyə yardım etməkdən imtina edib. Buna səbəb olaraq borcla alınmış olsa da, faktiki olaraq ölən hərbçinin anasının adına mənzil olduğunu göstərilib.

Ölən hərbi qulluqçunun ailəsi isə mənzil alınmasından qalan 17 min dollar borcu ödəyə bilmir. Erməni ordusunun ölən hərbi qulluqçusunun ailəsi, yəni Aleksanyanlar ailəsi Katnarat kəndindən olsalar da, illər öncə Taşir şəhərinə daimi yaşamağa köçüblər. Taşir şəhərində 30 min dollar dəyərində alınan fərdi mənzilin 13 min dollarını ödəsələr də, 17 min dollar borcu ödəmə qabiliyyətində deyillər. Ailənin əsgər övladı Cəbrayıldakı hərbi hissədə xidmət zamanı öldükdən sonra, ailənin digər oğlunun və atasının xəstəliyi səbəbindən ödəmə qabiliyyəti olmayıb.

Heç bir dəyişiklik baş verməsə ailə dekabr ayında mənzili boşaltmalıdır. 2019-cu il yanvarın 21-də müqavilənin müddəti başa çatsa da, ev sahibləri onları hələlik mənzildən çıxartmayıb.

Ailə maddi çətinliklər və ev sahibinin pulu tələb etməsi kimi tələblər qarşısında qalanda, ölən hərbi qulluqçunun anası Lusik Aleksanyan oğlunun xidmət zamanı qazandığı medalları götürərək, İrəvana gedir və müvafiq orqanlara geri qaytarmaq istəyir.

“Medallarla fəxr etməliydim, amma qəhrəman oğlum yoxdur. Bu gün dövlət tərəfindən hər hansı fəxr hissi yaşamağa imkan verilmir”, - deyə o bildirib.

Hərbçinin anasının sözlərinə görə, hökumət və ya Müdafiə Nazirliyidən heç bir müsbət reaksiya yoxdur.

“Paşinyana verdiyim məktubların cavablarını Müdafiə Nazirliyindən aldım. Dərk etdim ki, ona müraciət etməyin faydası yoxdur. Heç bir yolla kömək etmirlər. Buna səbəb kimi, mənzilin mənim adıma olmasını göstərirlər. Ancaq Ruben ölənədək mən 5 il Taşirdə kirayə yaşamışam, buna məhəl qoymurlar. Daha sonra mənzili qismən ödəmə ilə aldıq. Bu müddətdə böyük oğlum da öldü, ərim şəkər xəstəsi oldu. Borcu bağlaya bilmədik”, - deyə ölən erməni əsgərin anası hökumət qurumlarından narazılığını bildirib.

O, Ermənistan Müdafiə Nazirliyindən məzar daşının düzəldilməsi üçün verilən vəsaiti də məcburən mənzilin borcuna ödədiklərini bildirib.

Müdafiə naziri Tonoyanla görüşmək üçün bütün cəhdləri uğursuz olub. Müdafiə Nazirliyindən yardım edə bilməyəcəklərinə dair cavab aldıqlarını bildirib.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin