Ordu.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosunun erməni bölməsi Ermənistan parlamentinin spikerinin ABŞ-a səfəri və ekspertlərin şərhini dərc edib.
Radionun erməni bölməsinə görə, ABŞ-da olan Mirzoyan keçən həftə ərzində, kifayət qədər diqqətçəkən bəyanat verib. Məlumata görə, Ermənistan parlamentinin spikeri ABŞ-İran münasibətlərindəki gərginliyin Ermənistan iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.

“İşgüzar səfərlə ABŞ-da olan Ermənistan parlamentinin sədri Ararat Mirzoyan keçən həftə ərzində, digər görüşlərlə yanaşı Vaşinqtonda Atlantik şuranın nüfuzlu analitik mərkəzində təşkil edilən müzakirələrdə kifayət qədər diqqətçəkən bəyanat etməklə iştirak edib. O, ABŞ-İran gərgin münasibətləri İrana qarşı ABŞ-ın müəyyən etdiyi sanksiyalar və Ermənistan-İran münasibətlərinə bu sanksiyaların ehtimal edilən təsiri barədə açıqlama verib. Mirzoyan rəsmi İrəvanın mövqeyini açıqlayaraq vurğulayıb ki, dost bir ölkəyə qarşı aparılan münasibətlərin inkişafı digər bir dost ölkənin hesabına aparılmamalıdır.
“Biz, İrana qarşı sanksiyalar gündəliyinə cəlb edilməsi üçün Ermənistana təzyiq edilməməsini istərdik. Ermənistan bu cür qiymət ödəyə bilməz”, - deyə Ermənistan parlamentinin sədri açıqlama verib
Ermənistan İranla ABŞ arasında
İrana qarşı qərbin və xüsusilə Vaşinqtonun siyasəti, Ermənistanın və erməni-İran münasibətlərinin ehtimal edilən mənfi təsiri məsələsi əlbəttə yeni deyil. İrana qarşı sanksiyalar siyasəti Qərb tərəfindən də çoxdan, artıq 40 ildir ki, həyata keçirilir. Bu sanksiyalar qonşu İranda baş verən İslam inqilabından və İranla ABŞ müttəfiqliyinin düşmənçiliyə çevrildiyi dövrdən davam edir. Sözsüz ki, Ermənistan bu münaqişə fonunda mürəkkəb vəziyyətdədir. Bir tərəfdən İran Ermənistanın bölgədəki az saylı dost ölkələrindən biridir. Tehranla çox vacib və özəl münasibətlərimiz var. İran sərhəddi Ermənistanın dünyaya açıq iki qapısından biridir. Digər tərəfdən Birləşmiş Ştatlar dünyanın bir çox ölkələri kimi Ermənistana görə də çox vacib tərəfdaş və dost ölkədir.
Lakin ABŞ-ın öncəki hökumətləri Ermənistanla İran arasındakı yaxın münasibətə anlayışla yanaşaraq dərk edirdilər ki, Ermənistan üçün alternativ çıxış yolu olduqca azdır. Ermənistan iki tərəfdən dost olmayan qonşularla blokadaya alınıb, şimaldan isə o qədər də sabit olmayan Gürcüstanla qonşudur. Coğrafi və siyasi baxımdan bu mürəkkəb şəraitdə, o cümlədən ciddi təhlükəsizlik problemləri ilə bağlı İrəvan strateji müttəfiqi olan Rusiyadan birtərfli asılı vəziyyətə düşüb. Təbii ki, yaxın müxtəlif ölkələrdə və bölgələrdə ABŞ-ın siyasi elitası, Rusiya ilə ABŞ-ın gərgin münasibətlərdə olduğu və bu münasibətlərdə təsirinin genişlənməsini ölkənin milli maraqlarına təhdid hesab edərək alqışlamır. Bu mürəkkəb şəraitdə Ermənistan öz xarici siyasətini, o cümlədən iqtisadi münasibətlərini şaxələndirmək və alternativ yollar tapmaq problemi ilə üzləşir.

İran bu baxımdan əlbəttə həyati əhəmiyyət daşıyan tərəfdaş ölkədir. İrana qarşı baxışları ilə seçilən Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Ermənistan üçün çağırışlar daha da mürəkkəbləşərək artıb. Hakimiyyətə gəldikdən sonra İran məsələsində öz baxışlarını bölüşən bir neçə seçilmiş siyasi xadimləri administrasiyasına cəlb edən Tramp xüsusilə məlum hərbi ritorikası ilə “şahin” kimi tanınan Con Boltonu və Mayk Pompeonu cəlb edib. Bu iki şəxsin yüksək vəzifəyə təyinatının əsasını məhz İran məsələsində onların radikal mövqedə olması rol oynayıb.
Yeni sanksiyalar və yeni çağırışlar
“İranı dünyada terrorçuluğun bir nömrəli himayədarı” hesab edən Tramp tərəfindən ABŞ-ın son illərdə beynəlxalq təhlükəsizliyin ən kəskin və mürəkkəb məsələlərindən biri olan İranın nüvə proqramını nizamlamağa yönəlmiş “Hərtərəfli fəaliyyət proqramı” adlanan Obamanın hakimiyyəti dövründə, 2015-ci ilin iyul ayında 6+1 formatı əsasında İran, Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya arasında imzalanmış nüvə sazişində iştirakına xitam verilməsi niyyətində olduğunu açıqlamasından sonra Ermənistanın maraqlarına ehtimal edilən təhdidlər daha çox nəzərəçarpan və gündəm olmağa başlayıb.
Sazişin əsas təşəbbüskarları və memarlarından, həmçinin onun irəli aparılmasının əsas lokomotivi olan ABŞ sazişdən çıxsaydı, bu o demək olardı ki, müqavilənin gələcək taleyi və onun çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası şübhə altına alınaraq, İran İslam respublikasına qarşı ABŞ sanksiyaları bərpa edilir. Düşünüldüyü kimi də oldu və 2018-ci ilin may ayında Tramp Birləşmiş Ştatların nüvə sazişindən çıxdığını elan edərək, yenidən İrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. Yeni sanksiyalar iki paket halında, müvafiq olaraq 7 avqust və 5 noyabr tarixlərində qüvvəyə minib. Ermənistanlı və xarici ekspertlər Ermənistan-İran münasibətləri ilə bağlı Tramp administrasiyasının mövqeyinə dair müxtəlif proqnozlar verirdilər. Çoxları, məsələn ABŞ ermənisi olan politoloq Riçard Kirakosyan hətta öz qeyri-ənənəvi baxışları ilə və gözlənilməz siyasəti ilə gözə çarpan Trampın rəsmi Vaşinqtonun mövqeyini dəyişməyəcəyinə və məsələyə anlayışla yanaşaraq, Ermənistanın İranla münasibətlərinin inkişafına və dərinləşdirilməsinə imkan verəcəyinə ümid edirdi.

Vaşinqtonun Karnegi beynəlxalq sülh fondunun Rusiya və Avrasiya proqramının aparıcı elmi işçisi Pol Stronski isə son günlərdə erməni KİV-lərinə verdiyi müsahibələrində bildirib ki, Ermənistan-İran dostluq münasibətləri Ermənistan üçün potensial problemdir və Birləşmiş Ştatlarla Ermənistan arasında ziddiyətlərə səbəb ola bilər.
Hazırda ABŞ-da olan Ermənistan nümayəndə heyətinin rəhbəri Vaşinqtonda Ermənistan-İran münasibətləri və ABŞ sanksiyaları ilə bağlı ABŞ hakimiyyətinə bu cür ismarıc ünvanlayırsa, bu əlbəttə ki, ciddi düşünməyə əsas verir. Maraqlıdır, görəsən bu cür ismarıc artıq ABŞ tərəfindən təzyiq cəhdlərinin olduğunu, yoxsa hələlik İrəvanın narahatlıqlarını ifadə edir. Mirzoyanın bəyanatı ilə bağlı analitiklər haqlı olaraq bir vacib məqamı vurğulayırlar. İlk öncə harada və hansı dinləyici kütləsinin qarşısında Ermənistan parlament sədrinin çıxış etdiyinə diqqət yetirməyə çağırış edirlər. Başqa sözlə, Atlantik Şurasında Ermənistan parlamentinin spikeri ekspertlər müzakirəsində iştirak edirdi. Bu cür mühitdə bir qayda olaraq səmimi və azad danışmaq, o cümlədən narahatlıqların ifadə edilməsi və müxtəlif risklərin dəyərləndirilməsi qəbul olunur.
İrəvan və Vaşinqton arasında konstruktiv müzakirə
Mövzu ilə əlaqədar Ermənistan KİV-lərinin xahişi ilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın Haydat komissiyasının icraçı direktoru Aram Hambaryan münasibət bildirərək məsələni bu cür şərh edib: “Biz belə başa düşürük ki, Birləşmiş Ştatlar və Ermənistan hökumətləri bu məsələ ətrafında qarşılıqlı maraqlardan irəli gələn bölgənin prioritetlərinə əsaslanmış ümumi yanaşma tapmaq məqsədi ilə məzmunlu və konstruktiv danışıqlar aparırlar”.
Hambaryanın sözlərinə görə, bəzi əlamətlər Tramp administrasiyasının Ermənistan-İran münasibətləri ilə bağlı maksimal mövqeyini artıq aydın şəkildə göstərir, lakin xoşbəxtlikdən ABŞ siyasətinin digər nüfuzlu xadimləri özlərinin real və sağlam yanaşması ilə bu optimist yanaşmanı tənzimləyirlər.
“Tarazlaşdırılmış şəraitdə ABŞ və Ermənistan münasibətləri möhkəm və dayanıqlı irəliləyiş nümayiş etdirir”, - deyə Haydat komissiyasının sədri əlavə edib.
Yaxud?
Amerikalı analitik ABŞ dövlət katibliyinin sabiq xüsusi müşaviri Vaşinqtonun dünya siyasəti insitutunun professoru Pol Qobl da Ermənistan-ABŞ münasibətlərindən və Ermənistanın gələcəyinə görə narahatdır. Lakin təəssüflə qeyd etməyə məcburdur ki, Birləşmiş Ştatların indiki prezidentinin Ermənistanın mürəkkəb coğrafi vəziyyətini başa düşdüyünə dair hər hansı əlamət və ya sübut görmür.

Qobl erməni KİV-lərinə verdiyi müsahibəsində diqqətə çatdırıb ki, Tramp daima öz diqqətini bir məsələdən digər məsələyə yönləndirir və bugünədək onun siyasətini həyata keçirəcək hər hansı komandaya malik deyil.
“Ehtimal edirəm ki, İranın təcrid edilməsi haqqında prezidentin bəyanatlarını bürokratiyanın əməkdaşları tərtib edir. Onlar başa salmağa çalışır ki, Ermənistan ya sanksiyalara qoşulmalıdır, ya da etibarsız əməkdaşlıq etməyən tərəfdaş kimi nəzərdən keçirilməlidir”, - deyə amerikalı ekspert Trampın mövqeyini bu cür şərh edib.
Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin işgüzar səfərinə gəldikdə isə Ermənistan nümayəndə heyətinin ABŞ-a nümayəndələr palatasının demokratik tərəfdaşlıq komitəsinin dəvəti ilə yola düşdüyü və liderlərin forumunda iştirak etməsi məqsədi daşıdığı bildirilib. Nümayəndə heyətinin tərkibində Ermənistan parlamentinin Ermənistan-ABŞ dostluq qrupunun rəhbəri, erməni parlamentinin “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts, Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan, Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan və Ermənistan parlamentinin hüquq məsələləri daimi komissiyasının sədrinin müavini Anna Karapetyan təmsil olunur.
ABŞ-a səfər növbəti həftənin sonu Nyu York şəhərində başa çatacaq. 14-18 iyul tarixlərində nümayəndə heyəti Vaşinqtonda, 19-21 iyul tarixlərində isə Bostonda olublar. Vaşinqtonda Ermənistan parlamentinin sədri, Konqresin erməni komissiyasının üzvləri, həmçinin ABŞ erməni icmasının iki fəal təşkilatının, yəni Haydat komissiyasının və ABŞ-ın erməni qurultayının nümayəndələri ilə görüş keçirib”, - deyə “Amerikanın səsi” radiosunun erməni xidməti Mirzoyanın ABŞ səfərindən sonra guya Ermənistan üçün nəyinsə yaxşılığa doğru dəyişəcəyini gözləməkdən başqa çarə olmadığını qeyd edir.
Alpər Mövludoğlu
Ordu.az