Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçu Alyoşa Abrahamyanın anası Zabela Sarkisyan Paşinyan hakimiyyətinin özbaşınalığına qarşı hökumət binası qarşısında etiraz aksiyası keçirib.
3 övlad anası olan Sarkisyan Abrahamyana mənzil verilməsini tələb edib. Çoxuşaqlı ailə Qeğarkunik vilayətində keçmiş tədris binasında yaşayır. Lakin sonradan binanın qəzalı olduğu və orada yaşayanların mənzillərlə təmin edildiyi qeyd edilsə də, erməni hərbi qulluqçunun ailəsinə mənzil verilməyib.
O, Paşinyan, Tonoyan və İrəvan şəhər rəhbəri ilə birbaşa görüşə bilmədiyindən də şikayətlənib. Onlara yazdığı məktubların ünvana çatmadığından əmin olduğunu qeyd edib.
Şikayətçi qadın vurğulayıb ki, “Yekrapah” təşkilatının rəhbəri Sasun Mikaelyanla şəxsən görüşsə də sənədlərinə baxılmayıb, şikayəti dinlənilməyib. Hətta mənzil problemi ilə bağlı rədd cavabı da alıb.
Sarkisyan addımbaşı ədalətsizliyə rast gəlsə də, sonadək mübarizə aparacağını bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az