Ermənistan İstintaq Komitəsi hərbi qulluqçuların işgəncə faktına göz yumur – ƏTRAFLI

2019/05/73876-1558592669.jpg
Oxunub: 15342     20:17     23 May 2019    
Ermənistanda hərbi xidmət dövründə psixoloji problemləri yaranan Artur Hakobyanın işi üzrə cinayət işinin icraatı dayandırılıb. Nəticədə, erməni komandiri Civan Mkrtçyana qarşı cinayət təqibinin həyata keçirilməyəcəyi bildirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin hərbi istintaq Baş idarəsinin 9-cu qarnizon istintaq şöbəsi qərar verib.

Artur Hakobyanın vəkili Ara Qaragözyan qərardan əvvəl də cinayət işinin icraatının dayandırlacağına əmin olduğunu qeyd edib. Çünki cinayət işini 4 il əvvəl həmin işin icraatına xitam verən eyni şöbə araşdırıb.

2015-ci ildə Artur Hakobyan Aqarak şəhərində yerləşən hərbi hissədə qəddarcasına döyülərək, işgəncələrə məruz qalıb və nəticədə psixoloji problemlərlə üzləşib.

Baş vermiş hadisədən bir il sonra 9-cu qarnizon istintaq şöbəsində tabeliyindəkinə qarşı zorakılıq etmə, yaxud etməyə təhrik etmə maddəsi üzrə cinayət işi açılaraq, Artur Hakobyan zərərçəkən kimi tanınıb. Qısa vaxtdan sonra isə işin icraatına xitam verilib.

Onun vəkili Ara Qaragözyan bu qərardan apelyasiya şikayəti versə də, məhkəmə rədd edib. Kassasiya məhkəməsi isə erməni hərbi qulluqçunun işgəncələrə məruz qalması, hüquq və azadlığının pozulması faktını təsdiqləyib.

Artur Hakobyan ona işgəncə verilməsində komandiri Civan Mkrtçyanı ittiham etsə də, istintaq araşdırmaları zamanı onlar arasında üzləşmə baş tutmayıb. Lakin cinayət işinin araşdırılması yenidən bərpa edildikdə yalnız Cuvan Mkrtçyan deyil, əlavə iki nəfərlə də üzləşmə keçirilib.

Vəkil hesab edir ki, işgəncə faktının aşkarlanması üçün lazımi araşdırma aparılmayıb. O, cinayət işinin səhv maddə əsasında açıldığını və verilən son qərarın qanunsuz olduğunu, əsaslandırılmadığını qeyd edib.

Artur Hakobyan ilk öncə ifadə verərkən qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin 50869 nömrəli hərbi hissəsinin 1-ci taborunun qərargah rəisi mayor Civan Mkrtçyan onu ağacları sulamadığına görə vurub. Bu hal hər dəfə onu gördükdə təkrarlanıb.

Son dəfə, 2015-ci il oktyabrın 6-da saat 18:00 radələrində erməni mayor Civan Mkrtçyan Artur Hakobyanı və onun əsgər yoldaşlarını NBM-də, dükanın yanında hərbi hissədən çöldə görərək kobud şəkildə təhqir edib.

Daha sonra Hakobyan axşamçağı hamamın yanında kiminsə zərbəsindən huşunu itirdiyini və tibb məntəqəsində ayıldığını qeyd edib. Üzləşmə zamanı Artur Hakobyan bildirib ki, Mkrtçyan onu döyüb və işgəncələrə məruz qoyub.

Kassasiya məhkəməsinin qərarından sonra da araşdırma orqanının lazımi istintaq aparmadığı qeyd edilir. Buna görə də, Ermənistan Baş prokuroruna şikayət edildiyi bildirilir.

Vəkil əlavə edib ki, Baş prokuror məsələyə müdaxilə etmədiyi halda məhkəməyə müraciət edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İşgəncə  


Bizi "telegram"da izləyin