İl ərzində 4 dron, 1 terrorçu və diversiya qrupları zərərsizləşdirilib - FOTOLAR (VİDEO)

2018/12/sddef-1545825280.jpg
Oxunub: 2895     14:41     31 Dekabr 2018    
Ermənistan Silahlı Qüvvələri il ərzində ön cəbhənin və təmas xəttinin bütün istiqamətləri üzrə müxtəlif xarakterli təxribatçı fəaliyyətlər icra edib. Silahlı Qüvvələrimizi təxribatlara çəkmək niyyəti güdən düşmən, kəşfiyyat-diversiya qrupları və Pilotsuz Uçuş Aparatlarından istifadə edərək mövqelərimizə qarşı bir sıra fəaliyyətlər icra edib. İstənilən halda görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub və Azərbaycanda terror aktı törətməyə cəhd edən bir kəşfiyyatçı ələ keçirilib.

Ordu.az budəfəki hesabatda düşmənin il ərzində aktiv diversiya fəaliyyətləri, PUA-larının zərərsizləşdirilməsi, o cümlədən Qazax istiqamətində terror aktına cəhdi barədə məlumat verəcək.

İlin ikinci ayında, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.


Belə ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus UAZ markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan UAZ avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.

Kəşfiyyat-diversiya qruplarından sonra düşmən fevral ayının sonlarında və stabil olaraq mart, aprel, iyun ayında kvadrokopter və PUA-lardan istifadə etməklə mövqelərimizin üzərində uçuşlar həyata keçirməyə cəhd edib.


İlk öncə, fevralın 21-də isə cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.


Martın 3-ü günorta saatlarında isə cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən zərərsizləşdirilib.


Aprelin 17-də isə cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopter vaxtında aşkar olunaraq məhv edilib.


Daha bir PUA, iyunun 19-da, səhər saatlarında isə cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən məhv edilib.

İyul ayının ortalarına yaxın dövlət sərhəd xəttində daha bir təxribat cəhdi qeydə alınıb. Belə ki, iyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.


Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə məhkəmə prosesi zamanı zərərçəkmiş Hadiyev Nazim Teymur oğlunun da təsdiq etdiyi kimi, o, bazarda partlayış etmək istəyib.

Hadiyev dindirmə zamanı bildirib ki, həmin bazar sovetlər dövründə ermənilərin daha çox gəldiyi məkanlardan olub: “Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

Qeyd edək ki, bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orada terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi.


Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinib.

Yuxarıda göstərilən faktlardan da göründüyü kimi, düşmən il ərzində bütün üsullara əl atmaqla, hətta Azərbaycan daxilində terror aktı törətməyə cəhd etməklə bölgədəki stabilliyi pozmağa çalışıb. Sadalanan təxribatçı fəaliyyətlər Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

Şahin Qocayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   PUA   Diversiya-kəşfiyyat   Terror  


Bizi "telegram"da izləyin