Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
O həmçinin vurğulayıb ki, Berlin Aİ-nin ümumi borcunun daha da artırılmasına qarşı çıxış edir.
"Masanın üzərindəki təklif əhəmiyyətli dərəcədə şişirdilib. Rəqəmlər azaldılmalıdır", - Merts MFF-in müzakirə edildiyi Aİ liderləri sammitinin ikinci gününün başlamasından əvvəl bildirib.
Onun sözlərinə görə, yeni çoxillik maliyyə planının razılaşdırılması Aİ-nin büdcə siyasətinin proqnozlaşdırıla bilməsini təmin etməlidir.
Merts müzakirələrin yalnız xərclər deyil, həm də büdcənin gəlir hissəsi üzərində cəmləşməli olduğunu qeyd edərək, Aİ-nin yalnız sərəncamında olan vəsaitləri xərcləyə biləcəyini vurğulayıb.
Kansler Aİ səviyyəsində yeni birgə borclanmaya qarşı Almaniyanın mövqeyini bir daha diqqətə çatdırıb.
"Mən Aİ-nin borcunun daha da artırılması yolu ilə getməmək barədə xahişimi bir daha təkrar edirəm. Biz bunu etməməliyik", - o bildirib.
Kanslerin sözlərinə görə, büdcə ilə bağlı hazırkı təklif yenidən işlənməlidir, bundan sonra üzv dövlətlər gəlir və xərclərin strukturunu müzakirə etməlidirlər. O, 2026-cı ilin ikinci yarısında ölkələrin ümumi razılığa gələ biləcəklərinə ümid etdiyini bildirib.
Ordu.az