Xarici qüvvələrin mövcudluğu Yaponiyanın hərbi inkişafını əngəlləyir

2018/08/XVMa839700e-a6e1-11e8-962f-e053b231acdb-805x453_1535532653.jpg
Oxunub: 1942     16:49     29 Avqust 2018    
“Bu il üçün nəzərdə tutulan 46 milyard dollarlıq hərbi büdcənin təxminən 30 milyardı mövcud hərbi qulluqçuların ehtiyaclarının qarşılanması üçün ayırılıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Avstraliya-Yaponiya təqdiqat mərkəzinin rəsmisi Keyt Stivenson bildirib.

O qeyd edib ki, mərkəzin apardığı araşdırmaya əsasən, Yaponiyada hərbi inkişafın qarşısını alan başlıca nüans ölkədə xarici dövlətlərin hərbi qüvvələrinin saxlanılmasıdır.

Onun fikrincə bu, Tokionun əlindəki resursları müxtəlif istiqamətlərə doğru paylamasına və nəticədə yerli ordunun təkmilləşdirilməsi ilə bağlı işlərin kifayət qədər effektiv aparılmasına mane olur.

Belə ki, hazırda ölkədə saxlanılan ABŞ hərbi qüvvələri üçün xərclənən məbləğ kifayət qədər yüksəkdir və bu da Yaponiyanın hərbi xərclərini öz ordusuna lazımınca ayırmasına əngəl törədir.

“Araşdırmanın nəticələri onu göstərir ki, bu il üçün nəzərdə tutulan 46 milyard dollarlıq hərbi büdcənin təxminən 30 milyardı mövcud hərbi qulluqçuların ehtiyaclarının qarşılanması üçün ayırılıb. Yerdə qalan 15-16 milyard dolların təxminən 30-40 faizi ölkə daxilində başda ABŞ hərbi qüvvələri olmaqla müxtəlif xarici orduların saxlanlması üçün istifadə üçün nəzərdə tutulub. Məhz bu da Yaponiya ordusunun silahlanmasına əngəl törədən başlıca faktordur”, - deyə o, əlavə edib.

Elmi araşdırmaçı həmçinin onu da vurğulayıb ki, Yaponiya xaricdəki hərbi missiyalara da olduqca geniş maliyyə vasitələri xərcləyir: “Cənubi Sudandakı sülhməramlı missiyalar başda olmaqla, Yaponiya beynəlxalq hərbi fəaliyyətlər üçün bu il 2 milyard dollara qədər vəsait ayırıb. Bütün bunlar göstərir ki, 46 milyard dollarlıq hərbi büdcə silahlanma üçün olduqca azdır. Yaxud da Yaponiya hazırda beynəlxalq münasibətlərinə o qədər fokuslanıb ki, ordunun təkmilləşdirilməsi müəyyən qədər arxa planda qalıb”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin