Bunu deməyə əsasən verən Ceyms Mettisin Ağ Evlə fərqli mövqe tutduğu heç bir məsələdə öz təklifini qəbul etdirə bilməməsidir.
Ən son olaraq Pentaqonun ordu daxilində yeni komandanlığın yaradılması ilə bağlı Ağ Evin təklifinə razılıq verməməsi, lakin daha sonra tamamilə fərqli bəyanat səsləndirilməsi buna bariz nümunədir.
Belə ki, ABŞ prezidenti Donald Trampın Kosmik Qüvvələrin formalaşdırılması ilə bağlı təklifinə Ceyms Mettis ilk olaraq o qədər də müsbət yanaşmadığını qeyd etmişdi.
“Şəxsi fikrimi soruşsanız mən buna qarşıyam. Düşünürəm ki, hazırda buna o qədər də ehtiyac yoxdur. ABŞ ordusu üçün yaradılan hazırkı maddi və fiziki imkanlar Kosmik Qüvvələrin formalaşdırılması üçün olduqca yetərsizdir”, - deyə Ceyms Mettis ötən ay etdiyi çıxışlardan birində səsləndirmişdi.
Lakin bu qərar təsdiqləndikdən sonra Braziliyaya səfər əsnasında Ceyms Mettis məsələ ilə bağlı jurnalistlərin verdiyi suala bu dəfə tamamilə fərqli münasibət göstərərək qeyd edib ki, o əvvəlcədən də bu layihənin əleyhinə olmayıb: “Mən bu qanun layihəsinə qarşı olmamışam. Sadəcə vurğulamaq istədiyimi məsələ o olub ki, hələlik bu layihə üçün olduqca tezdir”.
Bundan əlavə Ceyms Mettis Trampın KXDR-ə sərt üslubda təzyiqlərinin də effektiv olmayacağını bildirmiş və prezidenti başqa üsullara dəvət etmişdi. Lakin hazırkı vəziyyət Mettisin fikirlərinin o məsələdə də hökumət tərəfindən qəbul edilmədiyini və bunun da müsbət təsir göstərdiyini sübut edir.
Qeyd edək ki, bunlara baxmayaraq son günlərdə Trampın hərbi paradının təxirə salınması və daha sonra da ləğv edilməsi ilə bağlı qərarlar Ceyms Mettisin son zamanlarda kifayət qədər sarsılmış nüfuzunu müəyyən qədər də olsa bərpa etdi.
Lakin son aylarda ABŞ siyasətindəki dəyişikliklər Mettisin sürətlə kiçilən və hökumət daxilində qəbul edilməyən bir tərəf olduğu təsirini bağışlayır.
Dəyanət Ağalarlı
Ordu.az