BMT: Myanma BQ rəisi soyqırıma görə istintaqa cəlb olunmalıdır

2018/08/mnm2_700_1535359248.jpg
Oxunub: 1416     16:39     27 Avqust 2018    
BMT Myanma ordusunun Baş Qərargah rəisi general Min Aunq Hlainq Raxin ştatının şimalındakı soyqırımdan dolayı istintaqa cəlb olunmalı olduğunu iddia edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin bölgədəki hadisələrlə bağlı apardığı fakt-axtarış missiyasının hesabatında qeyd olunub.

Qeyd edək ki, Myanma ötən ilin avqustundan etibarən qiyamçılar üzərində həyata keçirdiyi zorakı əməliyyatlardan sonra 700 minə yaxın Rohinya müsəlmanı Raxine ştatından Banqladeşə qaçmaq məcburiyyətində qalıb.

Myanma birmənalı olaraq etnik təmizləmə iddialarını rədd edir və bu əməliyyatların Rohinya üsyançıları tərəfindən edilən hücumlara cavab olduğunu bildirir.

Lakin BMT missiyasının bu gün yaydığı hesabatda Myanma ordusunun taktikalarının aktual təhlükəsizlik təhdidləri ilə uzlaşmadığı göstərilib. 2017-ci ilin martında BMT İnsan Hüquqları Şurası tərəfindən yaradılan missiyanın yekun hesabatında Myanma ordusunun komandanlıq zəncirindəki yüksək rütbəli rəsmilərin istintaqa cəlb olunmalı olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Myanma   Rohinya  


Bizi "telegram"da izləyin