Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryan tutduğu vəzifədən azad edilib, onun yerinə müavini Mher Xalatyan təyin edilib.
Məlumata görə, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyanın dövründə Aşot Qriqoryana qarşı cinayət işi qaldırılsa da sonradan xitam verilib. Paşinyan hakimiyyətə gəldikdən sonra cinayət işinin araşdırılması yenidən bərpa edilib, Aşot Qriqoryan tərxis edilib.
Xatırladaq ki, Ermənistan təhlükəsizlik xidməti iyunun 13-də 2014-2017-ci illər ərzində müdafiə nazirliyinin alqı-satqı və ordu quruculuğu sahəsindəki mənimsəmə faktları barədə məlumat yayıb. Həmin fakt üzrə əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin istehsalat şöbəsinin sabiq rəisi Qriqor Barseğyana, əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryana mənimsəmə, rəsmi sənədləri saxtalaşdırma, vəzifə səlahiyyətlıərindən sui-istifadə etməkdə təqsirli bilinərək ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az