Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, layihənin ilk mərhələsində Ağrı vilayətinin Ararat və Vedi icmalarının birləşdirilməsi nəzərdə tutulur.
“Layihədə qeyd olunur ki, yeni icma klasterləri yaradılır. “Ararat” adlı klasterə Ararat və Vedi icmaları, onların tərkibindəki 32 yaşayış məntəqəsi ilə birlikdə daxil ediləcək”, - deyə qəzet yazıb.
Bildirilir ki, ikinci icma klasteri Lori vilayətində yaradılacaq.
“İkinci icma klasteri Vanadzor olacaq. Buraya hazırkı Vanadzor və Pambak icmaları, onların tərkibindəki 22 yaşayış məntəqəsi ilə birlikdə daxil ediləcək. Beləliklə, layihəyə 4 icma və 54 yaşayış məntəqəsi cəlb olunacaq, birləşmənin nəticəsində isə 2 yeni icma formalaşacaq”, - deyə nəşr qeyd edib.
Qəzet vurğulayır ki, hakimiyyət bu addımı inzibati islahat kimi təqdim etsə də, prosesin arxasında siyasi məqsədlərin dayandığına dair fikirlər mövcuddur.
“Artıq sirr deyil ki, bu proses yerli özünüidarənin inkişafına deyil, konkret seçki hesablamalarına xidmət edir. Vaxtilə müxalif deputat olan Nikol Paşinyan bu prosesi sərt şəkildə tənqid edir, bunun “kəndlərin boşalması”na gətirib çıxardığını bildirirdi. Bu gün isə onun rəhbərlik etdiyi hökumət həmin siyasəti davam etdirməklə yanaşı, ona yeni impuls verir”, - deyə məqalədə vurğulanıb.
Müəllifin fikrincə, iri icmaların yaradılmasından sonra keçiriləcək seçkilər hakimiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
“İriləşdirmə prosesindən sonra seçkilər keçiriləcək və aydındır ki, Paşinyan indidən qarşıdakı seçkilər barədə düşünür. Məqsəd isə arzuolunmaz icma rəhbərlərini neytrallaşdırmaqdır”, - deyə qəzet yazıb.
Alpər Mövludoğlu
Ordu.az