Ermənistan KİV-i: İqtisadi təhlükəsizlik hesabına siyasi qisas alınır

2026/06/1782365241.jpg
Oxunub: 292     09:30     25 İyun 2026    
“Ermənistan hakimiyyəti öz siyasi maraqlarını ölkənin iqtisadi sabitliyindən üstün tutur və bu məqsədlə ölkənin ən iri investorlarından və iş adamlarından birinə qarşı faktiki iqtisadi müharibə aparır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “İqtisadi təhlükəsizlik hesabına siyasi qisa” başlıqlı məqaləsində yazıb.

Nəşrin iddiasına görə, bu siyasətin ən bariz nümunəsi prokurorluğun Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə təqdim etdiyi iddialardır.

“Məhkəməyə təqdim olunan iddialarla “Araratsement” şirkətinə məxsus “Qızıl Açar” sanatoriyasının daşınmaz əmlakının müsadirə olunması, həmçinin Qaqik Sarukyan və “Multi Group Concern” ilə əlaqəli özəlləşdirmə və icarə müqavilələrinin ləğvi tələb olunur”, - deyə məqalədə qeyd olunub.

Qəzet yazır ki, hakimiyyət dairələri artıq bu proseslərin siyasi xarakter daşıdığını gizlətmir.

“Parlament seçkiləri kampaniyası zamanı Nikol Paşinyan şəxsən bəyan etmişdi ki, Qaqik Sarukyanın biznes dayağı hesab edilən Ararat sement zavodu yaxın vaxtlarda dövlətləşdiriləcək. Bu isə proseslərin sırf siyasi təqiblərin iqtisadi komponenti olduğunu göstərir”, - deyə nəşr vurğulayıb.

Məqalədə bildirilir ki, iri kapitala qarşı bu cür addımlar investisiya mühitinə ciddi zərbə vurur.

“Bu cür açıq hücumlar yalnız investisiya mühitini dağıtmır, həm də dövlət təfəkkürünün tam yoxluğunu nümayiş etdirir. Ölkə rəhbərinin iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan sənaye müəssisələrindən birini sıradan çıxarmağa hazır olduğunu açıq şəkildə bəyan etməsi ciddi narahatlıq doğurur”, - deyə qəzet yazıb.

Nəşr Ermənistan İqtisadiyyat Nazirliyinin davranışını da tənqid edib.

“İqtisadi inkişaf və sabitliyə cavabdeh olan nazir Gevorq Papoyan “Şanqri La” kazinosunun lisenziyasının ləğv edilməsi barədə məlumatı qalibiyyət tonu ilə ictimaiyyətə təqdim edir. Hakimiyyət nümayəndələri ölkədəki ağır sosial vəziyyətlə məşğul olmaq əvəzinə, biznesə problemlər yaratmaqdan və onun iqtisadi aktivlərinə zərbə vurmaqdan məmnunluq duyurlar”, - deyə məqalədə qeyd olunub.

Qəzetin məlumatına görə, qərarın iqtisadi nəticələri də ciddi ola bilər.

“Mətbuatda yayılan məlumatlara əsasən, bu qərar nəticəsində 500-dən çox insan iş yerini itirə bilər, dövlət büdcəsi isə hər il təxminən 6 milyard dram həcmində vergi daxilolmalarından məhrum olacaq”, - deyə nəşr vurğulayıb.

Məqalənin sonunda qeyd olunur ki, hakimiyyətin siyasi motivli qərarları ölkənin iqtisadi gələcəyinə mənfi təsir göstərə bilər.

“Bu korlaşdırıcı siyasi qisas siyasəti ayrı-ayrı şəxslərə deyil, Ermənistanın iqtisadi gələcəyinə zərbə vurur. Bu gün ölkənin iqtisadi perspektivləri hakim elitanın dar siyasi hesablaşmalarına qurban verilir”, - deyə qəzet yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Siyasi-qisas  


Bizi "telegram"da izləyin