MIT alimləri: Rusiyanın “Burevestnik” raketi uçuş zamanı radioaktiv iz buraxır

2026/06/Ekran-1782103815.jpg
Oxunub: 216     08:52     22 İyun 2026    
Rusiyanın 9M730 “Burevestnik” (NATO təsnifatında SSC-X-9 “Skyfall”) qanadlı raketində uçuş zamanı radioaktiv iz buraxan birbaşa dövriyyəli nüvə mühərrikindən istifadə edildiyi ehtimal olunur.

Ordu.az xəbər verir ki, bu nəticəyə Massaçusets Texnologiya İnstitutunun (MIT) iki alimi gəlib.

Tədqiqatçıların fikrincə, məhz bu konstruksiya raketin elan edilmiş uçuş müddəti və ölçülərini ən yaxşı şəkildə izah edir.

Qiymətləndirməyə əsasən, sistem belə işləyir: əvvəlcə raket bərk yanacaqlı sürətləndirici vasitəsilə buraxılır və ilkin sürət yığır. Daha sonra əsas nüvə mühərriki işə düşür.

Kompressor atmosfer havasını mühərrikə ötürür. Hava nüvə yanacağı ətrafında yerləşən çoxsaylı dar kanallardan keçərək nüvə parçalanması nəticəsində yaranan istilik hesabına qızdırılır. Sonra genişlənərək çıxış dəliyindən xaric olur və dartı qüvvəsi yaradır.

Bu sxemin adi təyyarə mühərrikindən əsas fərqi ondan ibarətdir ki, raket əsas uçuş mərhələsi üçün böyük həcmdə kimyəvi yanacaq daşımır. Onun uçuş məsafəsi kerosin və ya digər yanacağın həcmi ilə deyil, nüvə enerji mənbəyinin işləmə müddəti ilə məhdudlaşır.

Məhz buna görə Rusiya tərəfi raketin faktiki olaraq məhdudiyyətsiz uçuş məsafəsinə malik olduğunu bildirir. Qərb ekspertləri isə “Burevestnik” raketinin aşağı hündürlüklərdə çox uzun müddət uçuş qabiliyyətinə malik olduğunu hesab edirlər.

Lakin bu konstruksiyanın ciddi çatışmazlığı da var. Əgər hava birbaşa reaktordan keçirsə, radioaktiv parçalanma məhsullarının bir hissəsini özü ilə apararaq raketin uçuş marşrutu boyunca ətrafa yayır.

MIT mütəxəssislərinin təhlilinə görə, bu sxem ən real görünən variant olmaqla yanaşı, həm də ən təhlükəli variant hesab olunur. Birbaşa dövriyyəli sistemin bütün uçuş boyu radioaktiv maddələrin ətrafa yayılmasına səbəb olduğu ehtimal edilir.

Alimlər qapalı dolayı dövriyyəli variantı isə daha az ehtimal olunan həll hesab edirlər. Belə sistemdə reaktor havanı deyil, aralıq istilik daşıyıcısını qızdırır. Bu isə daha böyük ölçülər, daha çox kütlə və mürəkkəb konstruksiya tələb edir ki, bu da belə raket üçün məqsədəuyğun sayılmır.

Məhz buna görə tədqiqatçılar hesab edirlər ki, birbaşa dövriyyəli mühərrik “Burevestnik”in çox uzun müddət havada qalmasını izah etsə də, eyni zamanda uçuş marşrutu boyunca radiasiya təhlükəsi yaradır.

Bundan əvvəl raketin son sınağının 2025-ci il oktyabrın 21-də keçirildiyi bildirilmişdi. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin sözlərinə görə, həmin sınaq zamanı raket təxminən 15 saat havada qalıb və 14 min kilometr məsafə qət edib.

ABŞ kəşfiyyatı 9M730 “Burevestnik” raketinin ilk sınaq buraxılışlarını 2016-cı ilin iyun ayında qeydə alıb.

2016-cı ildən 2018-ci il fevralın 26-dək ümumilikdə 12-yə qədər buraxılış həyata keçirilib. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, onlardan yalnız biri, yəni 2017-ci ilin noyabrında həyata keçirilmiş sınaq uğurlu hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MIT   Rusiya   Burevestnik  


Bizi "telegram"da izləyin