İsrail “Somalilend”də sualtı qayıqlar yerləşdirməyi planlaşdırır

2026/06/Ekran-1782103281.jpg
Oxunub: 214     08:41     22 İyun 2026    
İsrail qondarma “Somalilend”in Berbera limanında hərbi-dəniz mövcudluğu yaratmaq imkanlarını araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Defence-Network” nəşri məlumat yayıb.

Məlumata görə, ölkələr arasında formalaşan yeni münasibətlər İsrail Hərbi Dəniz Qüvvələrinə bu ərazidən “Dolphin” sinfinə məxsus sualtı qayıqların yerləşdirilməsi üçün istifadə etmək imkanı yarada bilər.

Berbera limanı Yəmənin qarşısında yerləşir. Bu coğrafi mövqe İsrailə Ədən körfəzində və Qırmızı dənizin cənub hissəsində husilərin və İranın fəaliyyətini izləmək baxımından strateji üstünlük verir.

Bildirilir ki, İranın mümkün eskalasiya addımlarına cavab vermək məqsədilə artıq ən azı bir “Dolphin” sinfinə məxsus sualtı qayıq Fars körfəzinə yerləşdirilib.

Bundan əlavə, həmin sualtı qayıqlar İsrailin dənizdəki qaz platformalarının mühafizəsini həyata keçirir və Aralıq dənizindəki əsas dəniz nəqliyyatı marşrutlarına nəzarət edir.

Bu sinfə məxsus sualtı qayıqlar müxtəlif növ raketlərin buraxılması imkanına malikdir. Onların arasında İsrail istehsalı olan “Popeye Turbo” qanadlı raketləri də var. Həmin raketlərin uçuş məsafəsinin ən azı 1500 kilometr olduğu ehtimal edilir.

Qondarma “Somalilend” rəhbərliyi artıq İsrail investisiyalarını alqışlayıb və limanlardan istifadə üçün imkan yaradıb. Bununla belə, sualtı qayıqların uzunmüddətli yerləşdirilməsi ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası qondarma “Somalilend”də hərbi-dəniz bazasının yaradılmasına icazə verilməsi qarşılığında bu bölgənin tanınması məsələsini nəzərdən keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Somalilend  


Bizi "telegram"da izləyin