Ötən həftə Fransa və Almaniya altıncı nəsil qırıcı təyyarənin hazırlanması proqramında rəsmi olaraq yollarını ayırmağa qərar verdilər və bununla da İspaniyanın da iştirak etdiyi Gələcəyin Döyüş Hava Sistemi (FCAS) proqramına faktiki son qoyuldu.
Aprel ayında isə Fransa-Almaniya Əsas Quru Döyüş Sistemi (MGCS) proqramının ciddi problemlərlə üzləşdiyi barədə məlumat yayılmışdı. Həmin layihənin qrafikdən təxminən on il geri qaldığı bildirilirdi.
Bununla belə, Paris və Berlin üçün üçüncü cəhd uğurlu ola bilər. Bu yaxınlarda Fransanın paytaxtı yaxınlığında keçirilən “Eurosatory” müdafiə sənayesi sərgisində yeni proqram təqdim olunub.
Fransa-Almaniya CAPINT tankı haqqında
Fransa-Almaniya müdafiə qrupu KNDS hazırda Fransa Ordusunun köhnələn “Leclerc” tanklarını əvəz edə biləcək keçid dövrü tankı üzərində işləyir. “Aralıq İmkan” (CAPINT) əsas döyüş tankı adlandırılan bu platforma Almaniya istehsalı şassi və Fransa istehsalı əsas topla təchiz edilir.
Bu layihə təkcə Rusiyadan gələn artan təhdidlərə qarşı Fransanın müasir əsas döyüş tankına malik olmasını təmin etməyəcək, həm də həm “Leclerc”, həm də Almaniyanın “Leopard 2” tanklarını əvəz etmək üçün nəzərdə tutulan MGCS proqramının gələcək inkişafına kömək edə bilər. MGCS-in 2040-2045-ci illərdən əvvəl xidmətə qəbul olunması gözlənilmir. Fransa ordusunun “Leclerc” tanklarının həmin tarixə qədər xidmət göstərə biləcəyi isə məlum deyil. Paris daha qısa müddətdə daha qabiliyyətli zirehli maşına ehtiyac duya bilər.
Məhz burada CAPINT - yəni “aralıq imkan” konsepsiyası meydana çıxır. Yeni tank KNDS Deutschland tərəfindən istehsal edilən və “Leopard 2A” əsas döyüş tankına əsaslanan şassidən istifadə edəcək. Tank KNDS-in Fransa bölməsi tərəfindən istehsal olunan 120 mm çaplı əsas topla silahlandırılmış pilotsuz “Ascalon” qülləsi ilə təchiz ediləcək.
“Breaking Defense” nəşrinin məlumatına görə, “Leopard 2 A-RC 3.0” üçün hazırlanmış bu qüllə ilk dəfə 2024-cü ildə keçirilən “Eurosatory” sərgisində nümayiş etdirilib. CAPINT 2030-cu illərin əvvəllərində xidmətə qəbul edilə bilər. Hazırda Fransa ordusunun “Leclerc” əsas döyüş tanklarının 2038-ci ildə istismardan çıxarılması planlaşdırılır və bu da “aralıq tank” proqramına ehtiyac yaradıb.
Berlin də MGCS proqramındakı gecikmələrdən narahatdır. Ötən il elan edilmişdi ki, “KNDS Germany” və “Rheinmetall” şirkətləri “Leopard 2AX” və ya “Leopard 3” adlandırıla biləcək başqa bir keçid dövrü tankı hazırlayırlar.
Almaniya və İtaliya arasında daha bir əsas döyüş tankı hazırlanır
Əsas döyüş tankları sahəsində “əsas” sözü Berlin üçün “birinci dərəcəli” mənasını daşıya bilər, lakin hazırda İtaliya-Almaniya birgə müəssisəsi olan “Leonardo Rheinmetall Military Vehicles” (LRMV) tərəfindən daha bir tank proqramı da həyata keçirilir. 2024-cü ildə yaradılmış LRMV Paris yaxınlığında keçirilən silah sərgisində öz əsas döyüş tankının maketini nümayiş etdirib.
Perspektiv tank hava hədəfləri və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı istifadə olunmaq üçün 30 mm çaplı uzaqdan idarə olunan avtomatik topla nümayiş etdirilib. Məlumatlara görə, bu əsas döyüş tankı İtaliya Müdafiə Nazirliyinə təklif olunur.
Hazırda proqramın hansı mərhələdə olduğu tam aydın deyil. Lakin şirkət nümayəndələrinin sözlərinə görə, tank gələn onillikdə xidmətə qəbul edilə bilər. İtaliya ordusu hazırda C1 “Ariete” tanklarından istifadə edir. Bu tanklar 1990-cı illərdən etibarən İtaliya Ordusunun tank qüvvələrinin əsasını təşkil edir.
Bundan əlavə, İtaliya Ordusu artıq təkmilləşdirilmiş mühərrik, rəqəmsal atəş idarəetmə sistemi və gücləndirilmiş zirehlə təchiz olunmuş “Ariete C2” tanklarını da silahlanmaya qəbul etməyə başlayıb. “Ariete C2” daha müasir platforma istifadəyə verilənə qədər keçid həlli kimi qiymətləndirilir və Roma mövcud parkı təxminən 132 ədəd yeni nəsil, daha qabaqcıl əsas döyüş tankı ilə əvəz etməyə çalışır.
İtaliya həmçinin hələ inkişaf mərhələsində olan Almaniyanın KF51 “Panther” tankını və “Lynx” piyada döyüş maşınını da nəzərdən keçirirdi. Lakin indi görünür ki, Roma digər alternativlərə də baxır. Hazırda bir neçə tank proqramının paralel şəkildə həyata keçirildiyini və tankların tikintisinin gəmilər və ya qırıcı təyyarələrlə müqayisədə nisbətən daha az xərc tələb etdiyini nəzərə alsaq, seçim üçün kifayət qədər çox variant mövcuddur.
Sevinc Əliyeva
Ordu.az