2026-cı il iyunun 20-də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev belə bəyanatla çıxış edib. Bu barədə TASS məlumat yayıb. “Kiyevə münasibətdə artıq heç bir qayda yoxdur və ola da bilməz” ifadəsinin “tərcüməyə” ehtiyacı yoxdur: söhbət Ukraynanın “qərar qəbul edən mərkəzləri”nin kütləvi raket atəşinə tutulmasının “zəruriliyindən”, daha sadə desək, Volodimir Zelenskinin, həmçinin ordunun və kəşfiyyatın yüksək rəhbərliyinin fiziki məhv edilməsindən gedir.
Medvedev bu təhdidi Moskvanın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkoffun səfərini gözlədiyi bir vaxtda səsləndirib. Britaniyanın “The Economist” nəşri isə yazıb ki, Ukrayna və ABŞ “cəbhədə mövcud təmas xətti boyunca atəşkəsin bərqərar edilməsi imkanını” müzakirə edirlər.
Görünür, Rusiya ali rəhbərliyi bu barədə “diplomatik kanallar vasitəsilə məlumatlandırılıb” və Medvedevə Trampın təklifini rədd etmək üçün “zəmin yaratmaq” tapşırılıb.
Ukraynanın UNIAN agentliyinin mənbələri hesab edirlər ki, Vladimir Putin “oktyabra qədər atəşkəs razılaşmasına getməyəcək”. Ukraynalı diplomatlar Vaşinqtonda keçirdikləri təmaslardan belə nəticəyə gəliblər ki, Putin Konqresə aralıq seçkilərdə Trampa dəstək verməyi planlaşdırır və onun qələbə qazanacağı təqdirdə Zelenskiyə təzyiqləri artıracağını gözləyir.
Vaşinqtondakı “ukraynalı diplomatların” əldə etdikləri məlumatların nə dərəcədə etibarlı olduğunu başqa mənbələr hələlik nə təkzib, nə də təsdiq ediblər. Heç kimə sirr deyil ki, ABŞ-də keçirilən prezident seçkilərində Moskva Trampa dəstək verib. Böyük ehtimalla, Konqresə aralıq seçkilərdə də bu dəstək davam etdiriləcək. Məsələ ondadır ki, hətta ASEAN ölkələri belə Rusiya ilə sammitin yekunlarına dair qəbul olunmuş Bəyannamədə BMT Nizamnaməsini münaqişələrin nizamlanmasının hüquqi əsası kimi tanıyıblar.
Medvedevin təhdidinin kimə ünvanlandığı aydındır. Onun bəyanatının alt qatında Avropaya münasibətdə “qaydaların ləğv edilməsi” dayanır. O, daha əvvəl Ukrayna münaqişəsinin həlli vasitəsi kimi “Avropaya heyvani qorxu aşılamağı” elan etmişdi.
Rusiya Ukraynada atəşkəsi “rədd edir”, ümumavropa müharibəsi gözlənilir?
Asif Cəfərov
Ordu.az