Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində, zəhmətkeş ailədə dünyaya göz açmışdı. Ailənin ortancıl övladı olan Mübariz uşaqlıq illərindən dürüstlüyü və fiziki gücü ilə həmyaşıdlarından seçilirdi. 1994-cü ildə doğma kəndində şəhid Malik Piriyev adına orta məktəbin birinci sinfinə getmiş, 2005-ci ildə oranı uğurla başa vurmuşdur. Məktəb illərində müəllimlərinin və yoldaşlarının böyük rəğbətini qazanan Mübariz, idmanın boks növü ilə də məşğul olurdu. Lakin onun daxilində idman uğurlarından daha böyük bir sevgi - Vətən torpaqlarını işğaldan azad görmək arzusu böyüyürdü.
2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Mübariz Daxili Qoşunların Xüsusi Təyinatlı bölüyündə atıcı əsgər kimi xidmətə başlayıb. Xidmət etdiyi dövr ərzində nümunəvi davranışı və yüksək döyüş hazırlığı ilə seçilirdi. 2007-ci ildə xidmətini başa vurduqdan sonra müəyyən müddət mülki işlərdə çalışsa da, cəbhədən gələn xəbərlər, torpaqlarımızın düşmən tapdağı altında qalması onu olduqca narahat edirdi. Nəhayət, 2009-cu ilin avqustunda könüllü olaraq yenidən orduya qayıtdı və "Gizir hazırlığı kursu"nu bitirərək ön cəbhəyə, Tərtər istiqamətinə yola düşdü.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir Mübariz İbrahimov qəlbindəki sonsuz Vətən eşqi və intiqam hissi ilə heç kimə xəbər vermədən xidmət etdiyi bölmədən ayrıldı. O, iki ordu arasındakı minalanmış sahəni təkbaşına, böyük bir peşəkarlıqla keçdi. Məqsədi tək idi: düşmənə gözləmədiyi yerdən ağır zərbə vurmaq və xalqının qisasını almaq.
Mübariz Ermənistan silahlı qüvvələrinin Çaylı kəndində yerləşən bölməsinə qəfildən basqın etdi. Birinci həmlədə düşmənin çoxsaylı əsgər və zabitini məhv edən qəhrəman, onların öz silahlarını ələ keçirərək mövqelərini darmadağın etdi. Düşmən qorxu və vahimə içində idi, çünki qarşılarında bütöv bir taborun deyil, cəmi bir Azərbaycan əsgərinin dayandığını təsəvvür belə edə bilmirdi. Mübariz təkbaşına düz 5 saat boyunca erməni əsgərləri ilə qeyri-bərabər döyüş apardı. Səhər saatlarında, düşmənin köməkçi qüvvələrinin gəlməsindən sonra o, qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Şəhadətindən sonra onun cibindən valideynlərinə ünvanlandığı son məktub çıxır. Sadə və səmimi fikirlərlə yazılmış bu sətirlər hər bir azərbaycanlının qəlbinə toxunmağı bacarır.
"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar... Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə ucaldım... Vətən sağ olsun!"
Məktubda yazılanlar da göstərirdi ki, Mübariz bu addımı kor-koranə deyil, şüurlu şəkildə, canından çox sevdiyi torpaq və xalq naminə atmışdı. Onun bu müqəddəs vəsiyyəti gənclərimiz üçün ən böyük and yerinə çevrildi.
Ermənistan tərəfi Mübarizin nəşini düz 141 gün boyunca Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Lakin dövlətimizin qətiyyətli addımları nəticəsində 6 noyabr 2010-cu ildə qəhrəmanımızın nəşi Vətənə gətirildi və Bakı şəhərində, İkinci Fəxri xiyabanda böyük izdihamla dəfn olundu.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Dövlət başçısı onun göstərdiyi bu rəşadəti yüksək qiymətləndirərək qeyd etmişdi ki, Mübariz təkbaşına döyüşərək düşmən ordusunun mənəvi-psixoloji dayaqlarını sarsıtdı.
Mübariz İbrahimovun 2010-cu ildə yandırdığı intiqam məşəli sönmədi. Onun haqq savaşı uğrundakı mübarizəsini Azərbaycan əsgəri Zəfərlə taclandırdı. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində minlərlə Azərbaycan əsgəri "Mübariz kimi döyüşəcəyik!" deyərək irəli atıldı. Şuşada, Xankəndidə, Laçında və işğaldan azad edilmiş digər bütün torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızda Mübariz İbrahimovun və onun kimi minlərlə şəhidimizin pak ruhu yaşayır.
Mübariz İbrahimov cismən cəmi 22 il yaşadı, lakin mənəvi olaraq xalqımızın qəlbində əbədi bir ömür qazandı. Nə qədər Azərbaycan xalqı var, Mübariz kimi oğullar unudulmayacaq, onların qəhrəmanlıq dastanı nəsildən-nəslə ötürülərək hər zaman qürurla anılacaqdır. Vətən sənə minnətdardır, şanlı qəhrəman!
Hüsniyyə Nəsirova, "Azərbaycan Ordusu"
Ordu.az