Ordu.az xəbər verir ki, bu barədə “Opex360” nəşri Fransa hərbi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu yanaşma zirehli süvari qüvvələrinin yüngül və yüksək manevr qabiliyyətli platformalarla yanaşı, güclü müdafiə olunan ərazilərdə fəaliyyət göstərə bilən daha yaxşı qorunan tırtıllı maşınlardan ibarət yeni strukturunun formalaşdırılmasına yönəlib.
Fransa hərbi rəhbərliyi müasir münaqişələrin, xüsusilə Ukrayna müharibəsinin təcrübəsini təhlil edir. Bu müharibə göstərib ki, mina təhlükəsi, pilotsuz uçuş aparatları və tank əleyhinə silahlar taktiki uyğunlaşma olmadan ənənəvi ağır tank birləşmələrinin istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Bu kontekstdə Müdafiə Nazirliyi ağır tankların müdafiə səviyyəsi ilə Fransa ordusunda geniş istifadə olunan təkərli maşınların yüksək hərəkət qabiliyyəti arasında kompromis variant kimi orta tırtıllı platformaları nəzərdən keçirir.
Xüsusi diqqət bu maşınların inteqrasiya edilmiş döyüş şəbəkələri daxilində fəaliyyət imkanlarına yönəldilir. Belə şəbəkələrdə zirehli texnika pilotsuz uçuş aparatları, artilleriya və kəşfiyyat vasitələri ilə real vaxt rejimində qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Fransa ordusu həmçinin modernləşdirilmiş “Leclerc” tankları ilə hazırlanması gecikən Fransa-Almaniya birgə MGCS döyüş sistemi arasındakı keçid dövrünü də nəzərə alır.
MGCS proqramındakı gecikmələr səbəbindən hərbi rəhbərlik 2030-cu illərdə ağır quru qoşunlarının imkanlarında boşluq yaranmaması üçün aralıq həll variantlarını araşdırır.
Müdafiə sənayesi artıq mövcud platformalarla yeni nəsil sistemlər arasındakı boşluğu doldura biləcək “aralıq tank” konsepsiyaları təklif edir.
Bunlardan biri “Leopard 2A8” şassisi əsasında hazırlanan CAPINT tankıdır. Tank 120 millimetrlik topla və 22 mərmi tutumlu avtomatik doldurma sistemi ilə təchiz edilmiş ASCALON qülləsinə malikdir. Sərgidə platformaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün hava partlayışlı sursatlardan istifadə edən 30 millimetrlik topa malik ARX30 qülləsi də quraşdırılmışdı.
Bundan başqa, Eurosatory 2026 sərgisində EBRC “Jaguar” zirehli kəşfiyyat və döyüş maşını bazasında hazırlanmış, “John Cockerill Defense” şirkətinin 105 millimetrlik topla təchiz olunmuş qülləsini daşıyan yeni döyüş maşını nümayiş etdirilib.
FENRIS adlanan bu maşın tırtıllı deyil, təkərli platforma üzərində qurulub. O, Fransa ordusunun vahid rəqəmsal döyüş şəbəkəsini formalaşdıran SCORPION proqramı çərçivəsində yaradılmış EBRC “Jaguar”ın 6x6 təkər formuluna əsaslanır.
Platforma 6x4 və ya 6x6 konfiqurasiyalarda fəaliyyət göstərə bilir. Döyüş çəkisi təxminən 26 ton olan maşın üç nəfərlik ekipaja malikdir və 500 at gücündə dizel mühərriki ilə təchiz olunub.
FENRIS-in əsas silahı NATO standartlarına uyğun 105 millimetrlik yüksək təzyiqli yivli top və 12 mərmilik avtomatik doldurma sistemi ilə təchiz edilmiş “John Cockerill Defense Cockerill 3105” qülləsidir. Ümumi sursat ehtiyatı 36 mərmi təşkil edir.
Avtomatik doldurma sistemi ekipajın yükünü azaldır və atəş tempini aşağı salmadan üç nəfərlik heyətlə fəaliyyət göstərməyə imkan verir. Topun +42 dərəcəyədək yüksəlmə bucağı isə 10-11 kilometr məsafədə dolayı atəş açmağa şərait yaradır.
Sevinc Əliyeva
Ordu.az