Ordu.az xəbər verir ki, yeni sistem üç fərqli naviqasiya komponentini vahid platformada birləşdirərək yüksək müdaxilə şəraitində dəqiq naviqasiyanı təmin etməyi hədəfləyir.
Sistem “Honeywell Aerospace” tərəfindən istehsal edilən HG3900 MEMS Ətalətli Ölçmə Bloku (IMU), hərbi standartlara uyğun qorunan “M-code” qəbuledicisi və çoxsaylı GNSS qəbuledicisinin inteqrasiyası əsasında fəaliyyət göstərir.
“Honeywell Kestrel” xüsusilə son dövrlərdə bir çox ölkənin silahlanma proqramlarında prioritet istiqamətlərdən hesab edilən “Qrup 2” və “Qrup 3” sinfinə məxsus birgə fəaliyyət göstərən döyüş PUA-ları, eləcə də “gəzən sursat” sistemləri üçün hazırlanıb. Bu inteqrasiya edilmiş GNSS/INS (EGI) həlli çəki məhdudiyyətləri olan pilotlu hava platformalarında da istifadə oluna bilir.
Şirkətin məlumatına görə, bazardakı analoqları ilə müqayisədə 40 faiz daha kiçik və yüngül konstruksiyaya malik olan sistem istehsal xərclərini 50 faizədək azaltmağa imkan verir. Bu xüsusiyyət onu kütləvi PUA istehsalı üçün daha əlverişli həllə çevirir.
Bundan əlavə, sistemin inkişaf etmiş atalət naviqasiya alqoritmləri PUA itkilərini 60 faizədək azalda bilir və platformaların əməliyyat radiusunu iki dəfədən çox artırır.
Sistemin ən mühüm üstünlüklərindən biri GNSS siqnallarının kəsildiyi və ya saxta siqnallarla aldadılma cəhdlərinin həyata keçirildiyi hallarda üzə çıxır.
“Honeywell Kestrel” heç bir xarici dəstəyə ehtiyac duymadan mövqe, sürət və istiqamət məlumatlarını müstəqil şəkildə formalaşdırır və bununla da avtonom uçuşun fasiləsiz davam etməsini təmin edir.
Sistem geniş hərbi və mülki tətbiq sahələri üçün nəzərdə tutulub. Şirkət qlobal bazarda ixrac prosedurlarını sadələşdirmək məqsədilə məhsulu ITAR məhdudiyyətlərindən kənar müxtəlif konfiqurasiyalarda da təklif etməyi planlaşdırır.
1990-cı illərdən bu günədək 60 mindən çox EGI sistemi istehsal edən “Honeywell” yeni “Kestrel” layihəsi ilə avtonom sistemlərin radioelektron mübarizədən qorunma imkanlarını yeni səviyyəyə qaldırmağı qarşısına məqsəd qoyub.
Sevinc Əliyeva
Ordu.az