Cənubi Koreyada istehsal edilən KF-21 “Boramae” qırıcı təyyarəsi bu həftə hökumət yoxlamasından sonra ilkin tip sertifikatı alıb. Ölkənin Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) “Boramae”nin uçuşa yararlılığının yoxlanılmasından sonra bu sertifikatı “Korean Aerospace Industries” (KAI) şirkətinə təqdim edib. “Aviation Week” nəşrinin məlumatına görə, bu, 4,5-ci nəsil (Block 1) döyüş təyyarəsinin “son rəsmi tanınması” kimi qiymətləndirilib.
Hərbi uçuşa yararlılıq sertifikatının yoxlanılması prosesi 2021-ci il aprelinə başlayıb və 2026-cı il aprelinə qədər davam edib. Yoxlama qırıcının əməliyyat imkanlarını qiymətləndirmək məqsədilə həyata keçirilib. Xüsusilə pilotun qorunması, ekstremal mühit və uçuş şəraitində təhlükəsiz fəaliyyət göstərməsi, eləcə də təyyarənin döyüş tapşırıqlarını yerinə yetirmə qabiliyyəti araşdırılıb.
DAPA bu həftə inkişaf proqramının 89-cu iclasında təsdiqləyib ki, KF-21 uçuşa yararlılıq üzrə 14 fərqli kateqoriyada ümumilikdə 745 yoxlama tələbini yerinə yetirib. Bu tələblərə təyyarənin konstruksiyası, silah sistemlərinin inteqrasiyası və elektron sistemləri daxil olub.
DAPA nazir müavini Kim İl-donq UPI agentliyinə bildirib: “Topladığımız uçuşa yararlılıq sertifikatlaşdırılması imkanları və təcrübəsi KF-21-in uçuş təhlükəsizliyini obyektiv şəkildə nümayiş etdirmək üçün əsas yaratdı”.
Kim əlavə edib: “Bu, gələcək ixrac səyləri zamanı potensial xarici alıcıların etimadını qazanmaq üçün həlledici amil olacaq. Təyyarənin dövlət tərəfindən təsdiqlənmiş uçuş təhlükəsizliyinin Cənubi Koreyanın müdafiə ixracının genişlənməsinə mühüm töhfə verəcəyini gözləyirik”.
Bu sertifikat 2026-cı ilin ikinci yarısında ilk seriya istehsalı olan KF-21 təyyarəsinin Koreya Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilməsinə yol açır.
KF-21 “Boramae”nin texniki xüsusiyyətləri
İstifadəyə verildiyi il: 2022 (yalnız prototiplər)
İstehsal edilən sayı: 6 (yalnız prototiplər, 40 ədəd sifariş edilib)
Uzunluğu: 16,9 metr
Hündürlüyü: 4,7 metr
Qanad açılımı: 11,2 metr
Çəkisi:
- Boş vəziyyətdə: 11 800 kq
- Standart vəziyyətdə: 17 200 kq
- Maksimum uçuş çəkisi: 25 600 kq
Mühərrikləri: İki ədəd “General Electric” F414-GE-400K turbofan mühərriki, seriya istehsalı variantlarında “Hanwha” şirkətinin mühərrikləri ilə əvəz olunacaq
Maksimum sürəti: təxminən 2140 km/saat (Mach 1,8)
Mənzili: təxminən 1000 km
Praktiki uçuş hündürlüyü: açıqlanmayıb, ehtimal ki, təxminən 15 240 metr
Silahlanması: Bir ədəd 20 mm-lik M61A2 “Vulcan” avtomatik topu, 10 xarici asqı nöqtəsi, ümumi 7700 kq faydalı yük
Ekipajı: variantdan asılı olaraq 1 və ya 2 nəfər
“Boramae” F-35-i əvəz edə bilərmi?
KF-21 “Boramae”nin hazırlanması on ildən artıqdır ki, davam edir. Təyyarə yalnız Koreya Respublikası Hərbi Hava Qüvvələrində xidmət etmək üçün deyil, həm də xarici müştərilərə ixrac olunmaq məqsədilə hazırlanıb.
Qırıcının “Block 1” versiyası görünməzlik xüsusiyyətlərinə malik olmasa da, KF-21 “Block 2” yarımgörünməz və ya “demək olar ki, görünməz” imkanlarla layihələndirilir. Buraya aşağı radar görünürlüğünə malik aerodinamik korpus, gövdəyə inteqrasiya olunmuş antenalar və radar şüalarını udan materiallar daxildir.
Bu xüsusiyyətlərin heç biri ABŞ istehsalı olan F-22 “Raptor” və F-35 “Lightning II” qırıcılarında olduğu kimi tam görünməzlik təmin edən konstruksiya qədər effektiv deyil, lakin yenə də əhəmiyyətli üstünlük yaradır.
Aviasiya analitikləri qeyd edirlər ki, “Boramae” “Lockheed Martin” istehsalı olan F-35 kimi həqiqi beşinci nəsil təyyarə deyil. Çünki onda daxili silah bölmələri yoxdur və təyyarə hələ də xarici asqı nöqtələrindən istifadə edir ki, bu da görünməzlik xüsusiyyətlərini zəiflədir.
Planlaşdırılan “Block 3”/FK-21EX versiyası daxili silah bölmələrinin əlavə edilməsi və radar şüalarını udan materiallardan daha geniş istifadə sayəsində təyyarəyə əlavə beşinci nəsil imkanları qazandıra bilər.
Ekspert Brandon J. Vayxert bu ilin əvvəlində qeyd edib ki, “Block 3” proqramı Cənubi Koreyanın yerli istehsal mühərriklərin hazırlanması səylərindən də faydalana bilər.
Vayxert yazıb: “Hanwha tərəfindən istehsal ediləcək yeni turbofan mühərrikləri təxminən 16 min funt quru dartı qüvvəsi yaratmalıdır ki, bu da uzunmüddətli döyüş uçuşları üçün vacibdir”.
O əlavə edib ki, yerli istehsal mühərriklər “General Electric” F414 mühərriklərini əvəz edəcək: “General Electric” F414 seriyası qırıcı təyyarələr üçün əla mühərrik olsa da, Cənubi Koreya yalnız öz istehsalı olan sistemlərin qlobal silah bazarında rəqabət aparmasını deyil, həm də təchizat zəncirinin ölkə daxilində formalaşdırılmasını istəyir”.
Cənubi Koreyanın daxili təhlükəsizlik ehtiyacları hər şeydən önəmlidir
Ötən il Cənubi Koreya “Block I” sifarişini azaltmışdı, lakin sonradan yenidən planlaşdırılmış 40 təyyarəlik səviyyəyə qayıtdı. Bu təyyarələrin hamısının 2028-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulur. Bu partiyadakı ilk səkkiz təyyarənin 2026-cı ilin sonuna qədər xidmətə qəbul ediləcəyi gözlənilir.
Bundan əlavə, yerüstü hədəflərə zərbə imkanları artırılmış 80 ədəd KF-21 “Block II” təyyarəsi də istehsal olunacaq və həmin sifarişin 2032-ci ilə qədər tamamlanması planlaşdırılır. Təyyarə gələcəkdə “Block III” proqramı çərçivəsində tam görünməz qırıcıya çevrilə bilər. Lakin bu istiqamətdə ilk addım məhz bu ay alınan sertifikatla atılıb.
Sevinc Əliyeva
Ordu.az