Ordu.az xəbər verir ki, təklifin əsasını KSSL tərəfindən hazırlanmış 155 millimetrlik “MArG” (Mounted Artillery Gun) özüyeriyən haubitsa sistemi təşkil edir.
ABŞ ordusuna təqdim edilən “MArG” 52 versiyası 52 çaplı lüləyə malikdir və standart yüksək partlayıcı sursatlarla 40 kilometrdən artıq məsafədəki hədəfləri vurmaq imkanına sahibdir.
“Mobile Tactical Cannon” proqramı ABŞ ordusunun xüsusilə “Stryker” briqadalarında istifadə edilən M777 yedəkdə daşınan haubitsalarını əvəz edəcək yeni nəsil təkərli və özüyeriyən artilleriya sistemi əldə etmək məqsədi daşıyır.
Ukrayna müharibəsində yedəkdə daşınan artilleriya sistemlərinin əks-batareya atəşlərinə və pilotsuz uçuş aparatı hücumlarına qarşı daha həssas olması ABŞ ordusunu yüksək hərəkət qabiliyyətinə malik “vur və mövqeni dəyiş” konsepsiyasına əsaslanan sistemlərə üstünlük verməyə sövq edib.
Proqramın əsas tələblərindən biri sistemin atəş açdıqdan sonra qısa müddətdə mövqeyini dəyişə bilməsidir.
“MArG” 52 platforması 20-dən artıq sursat və atıcı yüklər daşıya bilir. Bu isə əlavə təchizat olmadan uzunmüddətli atəş tapşırıqlarının yerinə yetirilməsinə imkan verir.
KSSL-in “MArG” ailəsinə “MArG” 39, “MArG” 45 və “MArG” 52 modelləri daxildir. Ailənin ilk ixrac uğuru 2022-ci ildə Ermənistanla bağlanmış təxminən 155 milyon dollarlıq müqavilə çərçivəsində “MArG” 39 sisteminin təhvil verilməsi ilə əldə olunub.
“MArG” 52 sisteminin diqqətçəkən xüsusiyyətlərindən biri 155 millimetrlik haubitsanın 4x4 təkər formuluna malik yüksək hərəkət qabiliyyətli yük avtomobili şassisinə inteqrasiya edilməsidir.
Oxşar sistemlərin əksəriyyəti 6x6 və ya 8x8 platformalar üzərində qurulduğu halda, KSSL bunu özünün hazırladığı “Soft Recoil Technology” geri təpmənin azaldılması texnologiyası sayəsində mümkün etdiyini bildirir.
Şirkətin məlumatına görə, bu texnologiya atəş zamanı yaranan geri təpmə qüvvəsini əhəmiyyətli dərəcədə azaldır və daha yüngül platformaların istifadəsinə imkan yaradır. Beləliklə, sistemin strateji hərəkət qabiliyyəti artırılır, texniki xidmət və istismar xərcləri isə azalır.
“AM General” və KSSL şirkətləri bildiriblər ki, təklifləri qəbul olunarsa, ilk prototip sistemlər 2027-ci ildə təhvil verilə bilər. “AM General” şirkətinin prezidenti Con Çedborn KSSL-in geri təpməni azaltma texnologiyasının döyüş meydanında həqiqətən inqilabi imkanlar yaratdığını vurğulayıb.
Bharat Forge şirkətinin vitse-prezidenti Amit Kalyani isə tərəfdaşlığın müasir müharibələrin tələblərinə cavab verən və döyüş şəraitində özünü doğrultmuş həllərə olan etimadı əks etdirdiyini bildirib.
ABŞ ordusunun “Mobile Tactical Cannon” proqramı üzrə qalib təklifin 2026-cı ilin iyul ayında açıqlanacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az