Rusiya Baltik Donanmasının “Aleksandr Şabalin” desant gəmisinə PUA əleyhinə torlar quraşdırıb

2026/06/Ekran-1782101895.jpg
Oxunub: 188     08:20     22 İyun 2026    
Rusiya Baltik Donanması FPV tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) müdafiə məqsədilə “Aleksandr Şabalin” desant gəmisinə qoruyucu torlar quraşdırıb.

Ordu.az xəbər verir ki, bununla bağlı görüntülər Massimo Frantarelli tərəfindən “X” platformasında paylaşılıb.

Yayımlanan fotolardan görünür ki, tor 57 millimetrlik AK-725 avtomatik artilleriya qurğusu ilə gəminin üst tikilisi arasında çəkilib. Sükan idarəetmə bölməsi isə açıq vəziyyətdə saxlanılıb.

Görüntülərdən həmçinin məlum olur ki, tor üst tikili ətrafındakı göyərtə sahəsini də əhatə edir. Lakin şəkillərin keyfiyyəti aşağı olduğundan müdafiə sisteminin dəqiq konfiqurasiyasını müəyyən etmək mümkün deyil.

Belə quruluş ekipajın FPV tipli PUA-lardan müəyyən səviyyədə qorunmasını təmin edə bilər.

Bununla belə, hazırkı mərhələdə Baltik Donanmasının gəmiləri üçün əsas təhlükə FP-1 və An-196 tipli uzaqmənzilli kamikadze PUA-ları hesab olunur. Mütəxəssislərin fikrincə, quraşdırılmış torların bu tip təhdidlərə qarşı effektiv olması ehtimalı aşağıdır.

Qeyd olunur ki, Ukraynanın uzaqmənzilli PUA-ları daha əvvəl Rusiyanın 20380 layihəsinə məxsus “Boykiy” raket korvetini məhv edib.

“Aleksandr Şabalin” Baltik Donanmasında əlavə müdafiə vasitələri ilə təchiz olunan ilk gəmi deyil. Bundan əvvəl 21980 layihəsinə məxsus “Grachonok” diversiya əleyhinə katerində də PUA əleyhinə torlar quraşdırılmışdı.

Desant gəmisi son illərdə Avropada bir sıra insidentlərlə də gündəmə gəlib. Daha əvvəl gəmi Danimarka yaxınlığında avtomatik identifikasiya sistemini söndürülmüş vəziyyətdə müşahidə edilmişdi. Həmin dövrdə ölkə paytaxtı üzərində naməlum PUA-ların uçduğu bildirilirdi.

Bundan başqa, 2025-ci ilin oktyabrında gəmi Almaniya sahilləri yaxınlığında lövbər salaraq yerli balıqçıların fəaliyyətinə və bölgədə aparılan elmi tədqiqatlara çətinlik yaratmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gəmi   PUA  


Bizi "telegram"da izləyin