Ordu.az xəbər verir ki, sistem Böyük Britaniyanın “OpenWorks Engineering” şirkəti tərəfindən təqdim olunacaq.
Təxminən 1,3 milyard dollar büdcəyə malik “Land 156” proqramı Avstraliya Müdafiə Qüvvələrinin kiçik Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı imkanlarını gücləndirməyi hədəfləyir.
“Vision Guard” şirkətin hazırladığı ən yüngül və ən kompakt ağıllı optik sistem kimi təqdim olunur. Xüsusilə ön xəttdə fəaliyyət göstərən bölmələr üçün nəzərdə tutulan sistem erkən xəbərdarlıq və müşahidə imkanları təmin edir.
Şirkətin açıqlamasına görə, sistem zəif işıqlandırma şəraitində belə geniş əraziləri müşahidə edə bilir. Süni zəka dəstəyi ilə işləyən məlumat emalı və sensor birləşdirmə texnologiyaları sayəsində 1-ci sinfinə məxsus PUA-ları uzaq məsafələrdən aşkarlamaq, izləmək və müəyyənləşdirmək mümkündür.
“Vision Guard” tapşırığın xüsusiyyətlərindən asılı olaraq radiolokasiya stansiyaları və akustik sensorlar kimi aktiv və ya passiv aşkarlama vasitələri ilə təchiz edilə bilər.
Aşağı çəki və enerji sərfiyyatı ilə hazırlanmış sistem əlavə sensorları ilə birlikdə standart hərbi bel çantasında daşına bilir. “OpenWorks Engineering” bildirir ki, sistem iki dəqiqədən az müddətdə istifadəyə hazır vəziyyətə gətirilə bilir.
Şirkətin fikrincə, bu xüsusiyyət səpələnmiş qaydada fəaliyyət göstərən bölmələrin iri strateji sistemlərdən asılılığını azaldır və sahədəki şəxsi heyətə daha böyük hərəkət sərbəstliyi verir.
“Vision Guard” hazırda Avropa və ABŞ-də müxtəlif istifadəçilər tərəfindən qiymətləndirilir və istismar olunur. Sistem həmçinin Böyük Britaniya və ABŞ-nin birgə həyata keçirdiyi “Project Vanaheim” antidron proqramı çərçivəsində də sınaqdan keçirilib.
“OpenWorks Engineering” şirkətinin kommersiya direktoru Ceyms Kross bildirib ki, Avstraliya Müdafiə Qüvvələrinin “Land 156” proqramı çərçivəsində situasiya məlumatlılığı və əməliyyat kəşfiyyatı imkanlarını artırmaq üçün şirkətə etibar etməsi onlar üçün mühüm əhəmiyyət daşıyır.
Şirkət qeyd edib ki, “Vision Guard” xüsusilə kiçik PUA təhdidlərinə qarşı fəaliyyət göstərən bölmələrə erkən xəbərdarlıq, müşahidə və hədəf aşkarlama imkanları təqdim etmək məqsədilə hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az