Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Berlin müxtəlif şəxsi heyət komplektləşdirmə modellərini araşdırır. Müzakirə olunan variantlar arasında Litvadakı briqadada xidmət üçün inzibati və ya müqavilə öhdəliyinin tətbiqi də yer alır.
Nəşrin məlumatına görə, bu təşəbbüs Almaniya Silahlı Qüvvələrində müşahidə olunan kadr çatışmazlığı və uzunmüddətli xarici missiyalar üçün hərbi qulluqçuların cəlb edilməsində yaşanan çətinliklərlə bağlıdır.
Bəzi variantlarda hərbçilərin könüllü şəkildə həmin bölməyə keçidini təşviq etmək üçün əlavə güzəştlərin verilməsi də nəzərdə tutulur.
Briqadanın komplektləşdirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Bundesver NATO-nun Baltik regionundakı müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyan bu briqadanın yerləşdirilməsi üçün hüquqi və təşkilati mexanizmləri hazırlamağa davam edir.
Xatırladaq ki, Almaniya 2024-cü il aprelin 8-də 42-ci Tank Briqadasını formalaşdırıb. Bu layihə Bundesver üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Almaniya öz sərhədlərindən kənarda daimi əsasda bu qədər böyük hərbi birləşmə yerləşdirib.
Briqada 2025-ci il aprelin 1-də rəsmi olaraq fəaliyyətə başlayıb və NATO-nun şərq cinahında çəkindirmə strategiyasının əsas elementlərindən birinə çevrilib. Berlin bu təşəbbüsü “Zeitenwende” proqramının flaqman layihəsi adlandırır.
Bölmənin əsas vəzifəsi alyans üzvünə qarşı mümkün hücum zamanı kollektiv müdafiəni və operativ reaksiyanı təmin etməkdir.
Komandanlığın hesablamalarına görə, briqadanın şəxsi heyətinin sayı 5000 nəfərə çatacaq. Onlardan təxminən 4800 nəfəri Bundesver hərbçiləri, qalan hissəsi isə mülki personal olacaq.
Bu qüvvələr rotasiya prinsipi ilə dəyişdirilməyəcək. Əksinə, hərbçilər ailələri ilə birlikdə uzunmüddətli xidmət üçün Litvaya köçəcəklər.
Struktur baxımından briqada üç əsas döyüş elementindən ibarət olacaq. Birinci komponent Almaniyanın Oberfixtax şəhərindən köçürüləcək 122-ci Piyada Diviziyasıdır. İkinci komponent Auqustdorf şəhərində yerləşən 203-cü Tank Taborudur.
Üçüncü və əsas element isə illərdir Litvada yerləşən NATO-nun Gücləndirilmiş İrəli Mövcudluq (eFP) çoxmillətli tabor qrupudur. Bu bölmə briqadanın tamhüquqlu taboru kimi onun tərkibinə daxil ediləcək.
Yerləşdirmə baxımından əsas infrastruktur iki məntəqədə qurulur. Baş baza Rudninkay təlim poliqonunda yerləşəcək. Hazırda burada müasir Litva tarixinin ən böyük hərbi şəhərciyi inşa edilir.
İkinci mühüm baza isə artıq müttəfiq qüvvələrin texnikasını dəstəkləmək üçün lazımi logistika imkanlarına malik olan Rukla hərbi bazasıdır.
Briqadanın yerləşdirilməsi mərhələli şəkildə həyata keçirilir. Bölmələr artıq Litvada birgə təlimlərdə iştirak edirlər. Məsələn, onlar “Freedom Shield” təlimləri çərçivəsində fəaliyyət göstəriblər.
Briqadanın tam döyüş hazırlığına 2027-ci ildə çatacağı planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az