“Azadlıq Arsenalı” yenidən işə düşür: “General Motors” raket böhranını həll etmək üçün Pentaqonun köməyinə gəlir

2026/06/Ekran-1782109311.jpg
Oxunub: 239     10:33     22 İyun 2026    
“General Motors”un “Lockheed Martin” ilə raket komponentlərinin hazırlanması üzrə tərəfdaşlığa çox yaxın olduğu görünür.

ABŞ-nin ən böyük avtomobil istehsalçısı ilə dünyanın ən böyük müdafiə podratçısı arasında tərəfdaşlıq danışıqları aparılır. “The Wall Street Journal”ın məlumatına görə, “General Motors” şirkətinin hərbi bölməsi “GM Defense” “Lockheed Martin”ə sursat istehsalını artırmağa kömək edə biləcək geniş istifadə olunan komponentlərin təchizatçısına çevrilə bilər.

Hələlik iki sənaye nəhəngi arasında yekun razılaşma əldə olunmayıb və “əməkdaşlığın çərçivələri” dəyişə bilər. Bununla belə, “GM Defense” və “Lockheed Martin” arasındakı əməkdaşlığın məqsədi bəzi silah sistemlərinin, xüsusilə qabaqcıl raketlərin istehsalını üç və ya hətta dörd dəfə artırmaqdır.

“GM Defense”in qərargahı Vaşinqtonda, “Lockheed Martin”in qərargahı isə yaxınlıqdakı Merilend ştatının Betesda şəhərində yerləşir.

GM-“Lockheed” əməkdaşlığı raket və sursat istehsalını artıra bilər

ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatları son illərdə əhəmiyyətli dərəcədə azalıb. Vaşinqton davam edən müharibədə Ukraynanı Rusiya raketləri və pilotszu uçuş aparatlarından qorumaq üçün silahlarla təmin etməyə çalışıb. İranla bağlı münaqişə isə bu ehtiyatları daha da azaldıb və “Lockheed Martin” ilə digər müdafiə şirkətləri xəbərdarlıq ediblər ki, həmin arsenalın bərpası illərlə vaxt apara bilər.

Bu həftə yayılan məlumata görə, “Lockheed Martin” əsas ABŞ müttəfiqlərinə və tərəfdaşlarına “Patriot” PAC-3 önləyici raketlərinin təhvil müddətlərinə zəmanət verə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Bu xəbərdarlıq şirkətin artıq PAC-3 raketlərinin illik istehsalını 2025-ci ildəki təxminən 650 ədəddən 2030-cu ilə qədər ildə 2000 ədədə çatdırmaq üçün böyük investisiyalar etdiyini açıqladığı bir vaxtda gəlib. 2026-cı ilin aprelində ABŞ hökuməti “Lockheed Martin”ə ABŞ ordusunun ehtiyatlarını bərpa etmək məqsədilə PAC-3 raketlərinin istehsalı və təhvili üçün 4,76 milyard dollarlıq müqavilə verib.

Lakin əsas problem ondan ibarətdir ki, hər bir raketin istehsalı iki ildən artıq vaxt tələb edə bilər. Məhz aprel ayında Tramp administrasiyası ABŞ müdafiə sənayesinin aqressiv şəkildə yenidən qurulmasını nəzərdə tutan “Azadlıq Arsenalı” proqramına da start verib. Bu təşəbbüsün məqsədi təkcə daha çox raket istehsal etmək deyil, həm də ABŞ ordusunun yenidən silahlanmasını təmin edə biləcək təchizatçılar və podratçılar şəbəkəsi yaratmaqdır.

Müharibə naziri Pit Heqset tərəfindən dəstəklənən proqram bürokratik prosedurları azaltmaqla sürətli innovasiya və istehsalı nəzərdə tutur. Təxminən bir əsr ərzində ABŞ sənaye gücünün əsasını təşkil edən və İkinci Dünya müharibəsində ABŞ-nin Nasist Almaniyasını tanklar və təyyarələr hesabına məğlub etməsinə kömək edən Amerika avtomobil sənayesinin “Azadlıq Arsenalı” layihəsində mühüm rol oynayacağı demək olar ki, qaçılmaz idi.

“General Motors” avtomobil istehsalı ilə əlaqədar geniş təchizat zəncirinə nəzarət edir və bu səbəbdən ABŞ müdafiə ehtiyacları baxımından da məntiqli tərəfdaş hesab olunur.

“General Motors” artıq müdafiə sahəsinə diqqət yetirirdi

20 ildən çox əvvəl, 2003-cü ildə, tarixən “General Motors” ilə əlaqəsi olmayan “General Dynamics Land Systems” şirkəti avtomobil istehsalçısının “GM Defense” bölməsini 1,1 milyard dollara satın aldı. Bu hadisə faktiki olaraq “General Motors”un müdafiə podratçılığı sahəsində fəaliyyətinin sonu oldu.

2017-ci ildə “General Motors” yenidən hərbi sektora qayıtdı və “GM Defense” bölməsini yenidən fəaliyyətə başladı. Son doqquz il ərzində “GM Defense” və “General Dynamics Land Systems” ABŞ ordusunun OMFV (Optionally Manned Fighting Vehicle) proqramı da daxil olmaqla iri müdafiə layihələrində fəal əməkdaşlıq ediblər.

Şirkətin həm ən yeni, həm də ən sürətlə böyüyən bölmələrindən biri olan “GM Defense”in gələcəkdə yenidən ABŞ ordusu üçün hərbi nəqliyyat vasitələri istehsal edə biləcəyi ilə bağlı ehtimallar səsləndirilir. İndi isə bu bölmə “Lockheed Martin” üçün kritik əhəmiyyət daşıyan aerokosmik və müdafiə komponentlərinin istehsalına da kömək edə bilər.

Braun CNBC jurnalistləri ilə söhbətində bildirib: “Bu məqamı xüsusilə vacib edən odur ki, ölkənin təkcə qabaqcıl texnologiyalara deyil, həm də onları istehsal etmək, genişləndirmək və etibarlı şəkildə təhvil vermək imkanına ehtiyacı var”.

O əlavə edib: “Məhz burada GM kömək edə bilər. Şirkətimiz qabaqcıl mühəndislik, rəqəmsal inkişaf, təchizat zəncirinin idarə edilməsi və genişmiqyaslı istehsal sahəsində böyük təcrübəyə malikdir”.

“Lockheed Martin” hələlik “GM Defense”in hansı layihələrdə iştirak edə biləcəyini açıqlamayıb. Bununla belə, şirkət rəsmiləri bildiriblər ki, bu əməkdaşlıq istehsal imkanlarının genişlənməsinə kömək edə bilər.

“Lockheed Martin”in əməliyyat direktoru Frank Sent Con izah edib: “Birlikdə üç mühüm istiqamətdə imkanları araşdıracağıq: istehsala hazırlığın və genişləndirilə bilən istehsal mühitlərinin təkmilləşdirilməsi, təchizat zəncirlərinin gücləndirilməsi və dayanıqlığın artırılması yollarının müəyyənləşdirilməsi, həmçinin səmərəliliyi yüksəltməyə və təhvil prosesini sürətləndirməyə kömək edə biləcək qabaqcıl istehsal və layihələndirmə yanaşmalarının tətbiqi”.

Frank Sent Con jurnalistlərə bildirib ki, “Lockheed Martin” artıq 20 istehsal müəssisəsi və təchizat bazasına 9 milyard dollardan çox investisiya yatırır və bu proses 2030-cu ilə qədər davam edəcək. Eyni zamanda “General Motors” da tədqiqat və inkişaf layihələrinə 7 milyard dollara qədər investisiya yatırır.

Braun vurğulayıb: “Dərin istehsal ənənələrinə malik iki şirkət müdafiə sənayesində sürəti, miqyası və dayanıqlığı artırmaq üçün bir araya gələndə Amerika daha güclü olur. Məhz buna görə də “Lockheed Martin” və “General Motors” bu əməkdaşlığı elan edirlər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Motors   Lockheed-Martin   ABŞ  


Bizi "telegram"da izləyin