Soyuq müharibə dövrünün tankı insansız quru platformasına çevrildi

2026/06/Ekran-1781936469.jpg
Oxunub: 235     10:21     20 İyun 2026    
1960-cı illərdə istehsal edilmiş bir tank “Eurosatory” sərgisində ekipajsız və yeni silah sistemi ilə yenidən nümayiş etdirilib.

Ordu.az “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, Fransanın “S2M Equipment” və “KNDS France” şirkətləri Parisdə keçirilən “Eurosatory” sərgisində REFURBOT adlı yeni layihəni təqdim ediblər.

REFURBOT sistemi KNDS şirkətinin TOXO robot dəsti vasitəsilə insansız quru platformasına çevrilmiş və modernləşdirilmiş AMX-30 tankıdır.

Şirkətlər bu layihəni Avropa ordularının anbarlarında və inventarlarında istifadəsiz qalan minlərlə köhnə tank gövdəsinin metal tullantısına çevrilmədən yenidən qiymətləndirilməsinin praktik nümunəsi kimi təqdim edirlər.

Məlumata görə, Fransa 1966-cı ildən 1994-cü ilədək ümumilikdə 3571 ədəd AMX-30 tankı istehsal edib. Bu tanklar onilliklər ərzində Fransa zirehli qoşunlarının əsas dayaqlarından biri olub.

Əsas versiyada dörd nəfərlik ekipaja malik olan tank 105 mm çaplı əsas topla silahlandırılıb və saatda təxminən 65 kilometr sürət yığa bilir. Təxminən 36 ton ağırlığa malik platforma uzun illər ön xəttdə xidmət göstərsə də, hazırda əksər ordularda istismardan çıxarılıb.

Buna baxmayaraq, çoxlu sayda AMX-30 gövdəsi müxtəlif ölkələrin inventarında saxlanılır. Bu isə onların tamamilə istifadədən çıxarılması əvəzinə yeni vəzifələr üçün uyğunlaşdırılmasına imkan yaradır.

REFURBOT layihəsində tankın ekipajlı qülləsi tamamilə çıxarılıb və dörd nəfərlik ekipajın yerinə yetirdiyi funksiyalar uzaqdan idarəetmə sistemlərinə ötürülüb. Beləliklə, Soyuq müharibə dövrünə aid əsas döyüş tankı insansız quru platformasına çevrilib.

KNDS şirkətinin TOXO dəsti platformanın hərəkəti, idarə edilməsi və istifadəsi üçün tələb olunan avtonom və uzaqdan idarəetmə sistemlərini özündə birləşdirir.

Mövcud platformalara belə dəstlərin inteqrasiya olunması yeni yanaşma hesab edilməsə də, bunu 36 tonluq ağır zirehli tank şassisi üzərində həyata keçirmək REFURBOT layihəsini digər oxşar proqramlardan fərqləndirir.

REFURBOT sistemi AMX-30 tankının orijinal ekipajlı qülləsi və 105 mm çaplı Modèle F1 topu əvəzinə KNDS şirkətinin 25×137 mm sursatlardan istifadə edən 25M811 avtomatik topu əsasında hazırlanmış ARX-25 uzaqdan idarə olunan silah stansiyası ilə təchiz edilib.

Layihə köhnə zirehli platformaların müasir döyüş meydanında yeni rol qazana biləcəyini nümayiş etdirən nümunələrdən biri kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   KNDS   REFURBOT  


Bizi "telegram"da izləyin