ROKETSAN yeni nəsil texnologiyalarını “Eurosatory 2026” sərgisində nümayiş etdirir

2026/06/1781590030.jpg
Oxunub: 276     10:11     16 İyun 2026    
Türkiyənin aparıcı raket, raket kompleksi və sursat istehsalçısı olan ROKETSAN Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2026” sərgisində yeni nəsil müdafiə sistemlərini təqdim edir.

Ordu.az xəbər verir ki, müdafiə və təhlükəsizlik sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunan “Eurosatory 2026” sərgisi iyunun 15-dən 19-dək Parisdə keçirilir.

Sərgidə süni zəka, kibertəhlükəsizlik, insansız sistemlər və yeni nəsil müdafiə texnologiyaları ön plana çıxarkən, ROKETSAN da qabaqcıl texnologiyalara malik sistemləri ilə qlobal müdafiə sənayesinin aparıcı şirkətləri arasında Türkiyəni təmsil edir.

ROKETSAN-ın Baş direktoru Murat İkinci sərgidə iştirakla bağlı fikirlərini bölüşərək bildirib ki, Türkiyənin NATO daxilində strateji mövqeyi və Avropanın təhlükəsizlik arxitekturasına verdiyi töhfələr getdikcə daha da əhəmiyyət qazanır.

“Biz ROKETSAN olaraq döyüş şəraitində özünü sübut etmiş, yüksək texnologiyaya malik və qiymət-performans baxımından rəqiblərindən fərqlənən sistemlərimizlə Avropanın təhlükəsizlik arxitekturasına daha çox töhfə verməyə hazırıq. Bu baxımdan Avropadakı dost və müttəfiq ölkələrlə yeni əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün “Eurosatory 2026” mühüm platformadır”, - deyə Murat İkinci vurğulayıb.

ROKETSAN sərgidəki stendində geniş çeşiddə müdafiə məhsullarını nümayiş etdirir.

Şirkət PUA sursatlarından MAM-C, MAM-L, MAM-T, EREN yüksək sürətli çoxməqsədli “gəzən sursat”ı və İHA-230 “hava-yer” ballistik səsdən sürətli raketini təqdim edir.

Bundan əlavə, dəqiq tuşlama sistemləri kateqoriyasında TEBER və LAÇIN tuşlama dəstləri sərgilənir.

Tank əleyhinə sistemlər sırasında qısa mənzilli tank əleyhinə silah KARAOK, orta mənzilli tank əleyhinə silah OMTAS və genişləndirilmiş uzaq mənzilli tank əleyhinə raket UMTAS-GM nümayiş olunur.

ROKETSAN həmçinin qanadlı raketlər kateqoriyasında ÇAKIR raketini, hava hücumundan müdafiə sistemləri sırasında isə SUNGUR hava hücumundan müdafiə raket sistemini və HİSAR-O hava hücumundan müdafiə raketini ziyarətçilərin diqqətinə çatdırır.

Artilleriya sistemləri bölməsində isə LG-155 lazerlə tuşlanan artilleriya sursatı, 155 mm haubitsa sursatı üçün məsafə korrektə dəsti MDK və METE lazerlə idarə edilən mini raket sistemi nümayiş etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Eurosatory-2026   Sərgi  


Bizi "telegram"da izləyin