ABŞ-də İranla danışıqlarda Oman vasitəçiliyindən narazılıq ifadə olunub

2026/06/1781158702.jpg
Oxunub: 177     12:00     16 İyun 2026    
ABŞ-nin yüksəkvəzifəli rəsmilərindən biri iyunun 15-də Vaşinqtonun İranla aparılan danışıqlarda Oman vasitəçiliyindən ciddi şəkildə narazı qaldığını və Maskatın xidmətlərindən imtina etdiyini bildirib.

Ordu.az xəbər verir ki, rəsmi şəxs bu barədə Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun elektron şəkildə imzalanmasını şərh edərkən danışıb.

“Biz omanlıların fəaliyyətindən son dərəcə narazı idik. Bizə elə gəlirdi ki, onlar ikili oyun aparırlar və öz addımları ilə demək olar ki, iranlıların muzdlu nümayəndələri kimi çıxış edirlər. Buna görə də, kobud desək, onları bu prosesdən kənarlaşdırdıq”, - deyə amerikalı rəsmi jurnalistlər üçün təşkil olunmuş xüsusi telefon brifinqi zamanı bildirib.

Daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında razılıq əldə olunduğunu təsdiqləmişdilər. Onlar qeyd etmişdilər ki, bu razılaşma Yaxın Şərqdə alovlanan müharibəyə son qoymaq məqsədi daşıyır.

Sənədin rəsmi imzalanma mərasiminin iyunun 19-da Cenevrədə keçirilməsi planlaşdırılır. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər digər məsələlərlə yanaşı Tehranın nüvə proqramını da müzakirə edəcəklər.

Bundan əlavə, iyunun 15-dən etibarən ABŞ tərəfindən İrana qarşı tətbiq olunan dəniz blokadası dayandırılır və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatlara dərhal və qəti şəkildə son verilir.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı müharibəyə fevralın 28-də başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Oman  


Bizi "telegram"da izləyin