Ordu.az xəbər verir ki, bu inteqrasiya ABŞ Hərbi Hava Qüvvələrinin ən yeni nəsil təyyarəni qiymətləndirmə üsulunda əsaslı dəyişiklik hesab olunur və proqramın idarə edilməsində “əhəmiyyətli təcil” dövrünün başlanğıcı kimi qiymətləndirilir.
Hazırda B-21 “Raider” ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı aviasiyasının əsasını təşkil etməyə doğru irəliləyir və “Edvards” Hərbi Hava Qüvvələri bazasında sınaq uçuşlarını davam etdirir.
Sınaq proseslərində inteqrasiya addımı
ABŞ Hərbi Hava Qüvvələri B-21 “Raider” proqramında inkişaf sınaqları (DT) ilə əməliyyat sınaqlarını (OT) birləşdirən qeyri-ənənəvi yanaşmaya keçib.
Müasir aviasiya tarixində ilk dəfə olaraq əməliyyat sınaq pilotunun təyyarə hələ inkişaf mərhələsində olarkən kokpitə daxil olması təmin edilib. Bu yanaşma yalnız platformanın texniki göstəricilərinin deyil, həm də real döyüş şəraitində əməliyyat uyğunluğunun layihənin ilkin mərhələlərindən etibarən qiymətləndirilməsinə imkan yaradır.
Müdafiə təchizatı proqramlarında inkişaf və əməliyyat sınaqları adətən bir-birindən ayrı həyata keçirilirdi. Lakin B-21 layihəsi bu iki istiqaməti erkən mərhələdə birləşdirərək təchizat dövrünü daha səmərəli etməyi hədəfləyir.
Hərbi Hava Qüvvələrinin Əməliyyat Sınaqları və Qiymətləndirmə Mərkəzinin (AFOTEC) 5-ci bölməsinin komandiri polkovnik Mett Quasko bildirib ki, bu inteqrasiya müasir sınaq tarixində dönüş nöqtəsidir.
Edvards Hərbi Hava Qüvvələri bazasında ikinci sınaq təyyarəsinin proqrama qoşulması ilə layihə artıq yalnız uçuş göstəricilərinin yoxlanılması mərhələsini keçərək missiya sistemləri və silah inteqrasiyası kimi kritik istiqamətlərə fokuslanıb.
“Əhəmiyyətli təcil və mədəni dəyişiklik” çağırışı
ABŞ Müharibə Nazirliyində kritik silah proqramlarına cavabdeh rəhbərlərdən biri olan general Deyl Uayt sınaq qrupu ilə keçirdiyi görüşdə proqramın strateji əhəmiyyətinə diqqət çəkib.
O bildirib ki, “Sentinel”, B-21 “Raider”, F-47 və CCA pilotsuz döyüş təyyarələri kimi layihələr ABŞ-nin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.
General Uayt prosesdə mövcud olan bürokratik maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
“Qarşınızdakı maneələri aradan qaldırmaq üçün mən nə edə bilərəm?” sualı ilə komandaya müraciət edən Uayt qurumsal mədəniyyətdə “əhəmiyyətli və məqsədyönlü təcil” anlayışının formalaşdırılmasının zəruri olduğunu bildirib.
O, öz idarəetmə yanaşmasını “danışmaqdan çox hərəkətə fokuslanan” model kimi xarakterizə edib və Pentaqonun da sınaq proseslərində eyni sürət və qətiyyətlə hərəkət edəcəyini qeyd edib.
Gələcəyin bombardmançı qüvvəsi
B-21 “Raider” uzaqmənzilli zərbə imkanları ilə ABŞ hava gücünün strateji dayağına çevriləcək.
Təyyarənin hazırda xidmət göstərən B-52 “Stratofortress” bombardmançıları ilə birlikdə fəaliyyət göstərməsi nəzərdə tutulur.
B-21 proqramında tətbiq edilən yeni sınaq metodologiyası ABŞ Hərbi Hava Qüvvələrinin platformaları daha sürətli və əməliyyat baxımından daha hazırlıqlı şəkildə silahlanmaya qəbul etmə strategiyasını əks etdirir.
Sevinc Əliyeva
Ordu.az