Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Nəşr parlamentin rəsmi gündəliyini araşdıraraq müəyyən edib ki, hakimiyyət üçün xüsusi əhəmiyyət daşıyan bu müzakirədə baş nazir Nikol Paşinyan da iştirak edəcək.
Məqalədə qeyd olunur ki, əsas məruzəçi maliyyə naziri Vahe Hovhannisyan təyin edilsə də, büdcə icrasına dair illik hesabatın müzakirəsi ənənəvi olaraq baş nazirin iştirakı ilə keçirilir. Çünki hesabat hökumətin bütün il ərzində fəaliyyətinin maliyyə nəticələrini əhatə edir.
Nəşr xatırladır ki, parlament seçkiləri başa çatdıqdan dərhal sonra Nikol Paşinyan hökumətin iclasını çağırmış və əsas müzakirə mövzularından biri məhz 2025-ci il büdcəsinin icrası olmuşdu. İndi isə həmin hesabat siyasi qiymətləndirmə verilməsi üçün parlamentə təqdim olunur.
“Joxovurd” qəzetinin əldə etdiyi məlumata görə, parlamentə təqdim edilmiş layihədə 2025-ci il dövlət büdcəsinin icrasının aşağıdakı göstəricilərlə təsdiqlənməsi təklif olunur:
Gəlirlər - 2 trilyon 886 milyard 547 milyon dram,
Xərclər - 3 trilyon 305 milyard 306 milyon dram,
Büdcə kəsiri - 418 milyard 759 milyon dram.
“Beləliklə, hökumət parlamentdən 418 milyard dramdan çox kəsirlə başa çatmış büdcəyə siyasi razılıq verməsini istəyir. Hesabat parlamentə hökumətin 2026-cı il aprelin 23-də qəbul etdiyi qərarla təqdim olunub və ona Mərkəzi Bankın rəsmi rəyi də əlavə edilib. Lakin büdcə müzakirələri dövlət borcu məsələsinin yenidən siyasi gündəmə qayıtdığı bir dövrdə keçirilir”, - deyə müəllif qeyd edib.
“Joğovurd” qəzeti parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasında maliyyə naziri Vahe Hovhannisyanın təqdim etdiyi məlumatları da araşdırıb və Ermənistanın xarici borcunun artmaqda davam etdiyini qeyd edib.
Erməni nazirin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci ilin sonuna Ermənistanın dövlət borcu 14 milyard 531 milyon ABŞ dolları təşkil edib.
“Bundan əlavə, son məlumatlara əsasən, təkcə 2026-cı il ərzində xarici borc artıq təxminən 11 milyard dram artıb. Məhz bu rəqəmlərin bu gün parlamentdə əsas müzakirə mövzularından birinə çevriləcəyi gözlənilir.
Müxalifət artıq aylardır hakimiyyəti dövlət borcunun davamlı artımında, yüksək büdcə kəsirində və büdcə vəsaitlərinin qeyri-səmərəli idarə olunmasında ittiham edir. Hökumət isə borc yükünün artmasının infrastruktur, təhlükəsizlik və insan kapitalının inkişafına xidmət etdiyini bildirir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az