İsrail ABŞ və İran arasında əldə olunan razılaşma ilə bağlı olmadığını və regionda hərbi əməliyyatları davam etdirəcəyini açıqlayıb

2026/06/1781587437.jpg
Oxunub: 207     09:23     16 İyun 2026    
İsrail ABŞ və İran arasında əldə olunmuş razılaşmanın tərəfi olmadığını və region ölkələrində hərbi əməliyyatları davam etdirəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin elm naziri və siyasi-təhlükəsizlik kabinetinin üzvü Gila Qamliel “Channel 7” telekanalının efirində danışıb.

“Biz bu razılaşmanın tərəfi deyilik və öz mövqeyimizə görə məqsədimizə çatana qədər əməliyyatları davam etdirəcəyik. Məqsəd isə “Hizbullah”ın silahsızlaşdırılmasıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, İsrail Livan ərazisinin bir hissəsi üzərində nəzarəti saxlamaq niyyətindədir və İsrail ordusunun nəzarətində olan rayonlara sakinlərin geri qayıtmasına icazə verməyəcək.

Qamliel bildirib ki, İsrail qüvvələri “Livanda dərin şəkildə möhkəmlənib” və Litani çayına, eləcə də Bofor qalası ətrafına qədər uzanan ərazilərdən qoşunların çıxarılmasını planlaşdırmır. Onun sözlərinə görə, həmin bölgələrdə İsrail ordusu “tam fəaliyyət azadlığını” qoruyub saxlayır.

O əlavə edib ki, İsrail ölkənin şimal bölgələrinin təhlükəsizliyi naminə “Hizbullah” silahsızlaşdırılana qədər həmin zonalara əhalinin qayıdışına icazə verməyəcək.

Bundan başqa, Qamliel ABŞ Prezidenti Donald Trampın guya “vaxt uzatdığını” iddia edib və bunu beynəlxalq hadisələr, eləcə də ABŞ-nin daxili siyasi gündəliyi ilə əlaqələndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   İran  


Bizi "telegram"da izləyin