Suriya Livanda hərbi müdaxilə ilə bağlı ABŞ təklifini rədd edib

2026/03/1772826431.jpg
Oxunub: 212     09:26     16 İyun 2026    
Suriya hakimiyyəti Livanın şiə “Hizbullah” hərəkatına qarşı güc tətbiq edilməsinə dair ABŞ təklifini qəbul etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Suriya Prezidentinin müşaviri Əhməd Zeydan bildirib.

“The National” nəşrinin məlumatına görə, Zeydan ABŞ-nin Suriyaya Livandakı vəziyyətə müdaxilə etməyi təklif etdiyini açıqlayıb.

“ABŞ Suriyanın Livandakı vəziyyətə müdaxilə etməsini təklif edib. Suriya dövləti hərbi müdaxilədə maraqlı deyil. Bəzi beynəlxalq aktorlar hərbi yanaşmaya üstünlük verə bilər, lakin bu cür addımlar regionda öz səmərəsizliyini artıq sübut edib”, - deyə o qeyd edib.

Zeydanın sözlərinə görə, Dəməşq Livan hökumətinin dövlət institutlarının gücləndirilməsi istiqamətində atdığı addımları dəstəkləyir, lakin xarici hərbi müdaxilənin əleyhinədir.

Nəşr həmçinin qeyd edir ki, daha əvvəl Suriya Prezidenti Əhməd əş-Şaraanın Vaşinqtona mümkün səfəri müzakirə olunurdu. Həmin səfər çərçivəsində Suriyanın Livandakı vəziyyətdəki rolunun da gündəmə gətiriləcəyi ehtimal edilirdi. Lakin sonradan ABŞ tərəfi belə bir səfərin hazırkı planlara daxil edilmədiyini açıqlayıb.

Daha əvvəl KİV-də ABŞ-nin Livandakı vəziyyətin nizamlanmasına Suriyanın cəlb olunması imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin bu məlumatlar sonradan rəsmi şəkildə təkzib olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Livan   ABŞ  


Bizi "telegram"da izləyin