Vaşinqton-Tehran xəttində 60 günlük saziş: İsrailin “qızıl dövrü” hansı qlobal sınaqlarla üz-üzədir?

2026/06/1781597813.jpg
Oxunub: 265     12:15     16 İyun 2026    
Livanın “Hizbullah” təşkilatı bəyanat yayaraq ölkə rəhbərliyini İsraillə danışıqları dayandırmağa və “regional oxun reallıqlarına qayıtmağa” çağırıb. Təşkilat bildirib ki, Livanın cənub bölgələri yenidən onun nəzarətinə keçməlidir ki, “effektiv özünümüdafiə təşkil olunsun”. Faktiki olaraq “Hizbullah” İsrailə qarşı əməliyyatları bərpa etmək niyyətini anons edib.

Bu bəyanat İran və ABŞ arasında müharibənin dayandırılması və altmış günlük danışıqların başlanması ilə bağlı “sazişin yekun razılaşdırılmasından” sonra yayılıb. İlkin razılaşmaya əsasən, atəşin və hərbi əməliyyatların dayandırılması Livanın cənubuna da şamil edilir. İran-ABŞ “sazişi” ilə əlaqədar İran parlamentində də siyasi gərginlik yaranıb və xarici işlər naziri Əraqçidən istefa verməsi tələb olunub.

İyunun 15-də İsrail parlamentində baş verənləri “siyasi nüvə partlayışı” adlandırmaq olar. Müxalifətin demək olar ki, bütün fraksiyaları İran-ABŞ razılaşmalarını yəhudi dövləti üçün “misli görünməmiş fəlakət” kimi qiymətləndiriblər. Saziş hakim koalisiyanın tərkibində yer alan “Dini Sionizm” Partiyasının lideri, maliyyə naziri Betsalel Smotriç tərəfindən də kəskin tənqid olunub.

O bəyan edib ki, İsrail İranın heç vaxt nüvə silahına sahib olmaması üçün “yaradıcı üsullardan istifadə etməklə İran rejimini devirmək uğrunda mübarizəni” müstəqil şəkildə davam etdirəcək. İlkin razılaşmaya görə, İranın nüvə proqramı altmış günlük danışıqlar zamanı müzakirə ediləcək. Zənginləşdirilmiş uran ehtiyatları isə İran ərazisində qalacaq. Müharibə başlayandan sonra ABŞ Prezidenti Tramp bildirmişdi ki, əgər zərbələr endirilməsəydi, İran bir neçə həftə ərzində “ilk nüvə bombasını hazırlayacaqdı”.

İsrail müxalifəti və koalisiyanın tərkibindəki “Dini Sionizm” Partiyası Livanda hərbi əməliyyatların dayandırılmasına qarşı çıxır və hesab edir ki, İran-ABŞ razılaşması “yəhudi dövləti üçün hüquqi qüvvəyə malik olmamalıdır”. Livanda sülhə “Hizbullah” da qarşıdır. Bu isə Beyrutda böhranın yaranmasına səbəb ola bilər. İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Ayzenkot, parlament seçkilərində iştirak etməyə hazırlaşarkən, hazırkı baş naziri növbədənkənar seçkilər təyin etməyə çağırıb ki, Trampa “yox” demək iqtidarında olan hökumət formalaşdırılsın.

Bu fonda məlum olub ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas 2027-ci ildə “Fələstin Prezidenti seçkilərinin keçirilməsi” haqqında sərəncam imzalayıb. Bundan əvvəl parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. İstisna deyil ki, Fələstin parlamenti müstəqillik elan etsin və onun tanınması üçün beynəlxalq ictimaiyyətə müraciət etsin. Ərəb ölkələri İsraillə münasibətlərin normallaşdırılmasına dair “İbrahim sazişləri”nə qoşulmağın əsas şərti kimi İsrail tərəfindən paytaxtı Şərqi Qüds olmaqla Fələstin müstəqilliyinin tanınmasını görürlər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Tehran   Livan   Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin