Türkiyə HHQ-nin F-16 təyyarəsində “kill mark” işarəsi diqqət çəkib

2026/06/1781589972.jpg
Oxunub: 274     10:06     16 İyun 2026    
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının üzərində 2025-ci ilin dekabrında vurulan “Şahid” tipli Pilotsuz Uçuş Aparatını (PUA) simvolizə edən xüsusi işarə müşahidə olunub.

Ordu.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Tolqa Özbək məlumat yayıb.

Məlumata görə, bir neçə gün əvvəl İncirlik aviabazasına səfər zamanı paylaşılan fotolardan birində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının üzərində “kill mark” adlandırılan işarə diqqət çəkib.

İşarədə 2025-ci il dekabrın 15-i tarixi və “Şahid” tipli PUA təsviri yer alıb.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi 2025-ci il dekabrın 25-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının Qara dəniz üzərində naməlum PUA-nı vuraraq məhv etdiyini açıqlamışdı.

Nazirliyin yaydığı məlumatda bildirilirdi ki, Qara dəniz üzərində Türkiyə hava məkanına yaxınlaşan hava hədəfi aşkarlanaraq izlənilməyə başlanıb.

“Hava məkanının təhlükəsizliyinə cavabdeh olan Türkiyə F-16-ları həyəcan siqnalı ilə havaya qaldırılıb. Daha sonra həmin hava hədəfinin idarəetməni itirmiş PUA olduğu müəyyən edilib və yaşayış məntəqələrindən uzaq təhlükəsiz ərazidə vurularaq məhv edilib”, - deyə məlumatda qeyd olunmuşdu.

Məlumata görə, sözügedən atəşi həyata keçirən F-16 qırıcısının üzərinə sonradan “kill mark” işarəsi əlavə olunub.

Naməlum PUA-nın vurulduğu saatlarda bölgədə qeydə alınan naməlum hava obyektinə görə mülki aviasiya əməliyyatları da müvəqqəti dayandırılmışdı.

Bu səbəbdən Ankara Esenboğa Hava Limanında eniş və qalxışlar müvəqqəti olaraq dayandırılmış, hava limanına enməli olan bəzi təyyarələr isə İstanbul və Konya hava limanlarına yönləndirilmişdi.

Hadisədən sonra vurulan PUA-nın modeli və hansı ölkəyə məxsus olması barədə rəsmi açıqlama verilməyib.

İlkin qiymətləndirmələrdə onun Ukrayna və ya Rusiya mənşəli ola biləcəyi ehtimalı irəli sürülmüşdü.

Səlahiyyətli şəxslər hesab edirdilər ki, PUA naviqasiya sistemi, məlumat ötürmə bağlantısı və ya GNSS əsaslı istiqamətləndirmə sistemində yaranmış nasazlıq səbəbindən idarəetməni itirmiş ola bilər.

Qeyd olunub ki, Ukrayna-Rusiya müharibəsi dövründə Qara dəniz hövzəsində buna bənzər hadisələr daha əvvəl də qeydə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   F-16  


Bizi "telegram"da izləyin