Ermənistan Silahı Ukraynada Sınaqdan Keçiriləcək? Rusiya Mətbuatının Ciddi İddiası

2026/06/1781068716.jpg
Oxunub: 302     10:18     16 İyun 2026    
“Ermənistanın ilk dəfə silah ixrac etdiyini açıqlaması ölkədə və xaricdə çoxsaylı suallar doğurub. Əsas müzakirə mövzusu ixrac olunan məhsulların növü və onların hansı ölkəyə satılması ilə bağlıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Müqavilə portfeli açılıb, amma alıcı gizli saxlanılır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, Rusiyanın “Pravda.ru” saytı “Erməni Pilotsuz Uçuş Aparatları (PUA) kölgədən çıxır: müqavilə portfeli açılıb, amma alıcı gizli saxlanılır” başlıqlı məqaləsində Ermənistanın silah ixracı ilə bağlı açıqlamasını təhlil edib və bir sıra suallar irəli sürüb.

Məqalədə bildirilir ki, yaxın vaxtlarda Ermənistanın yüksək texnologiyalar sənayesi naziri ölkə tarixində ilk dəfə olaraq Ermənistan müdafiə sənayesi müəssisələrinin silah ixrac etdiyini bəyan edib. Müqavilənin dəyəri bir neçə milyon dollar olaraq qiymətləndirilsə də, hansı məhsulların satıldığı barədə heç bir məlumat verilməyib.

“Əlbəttə, Ermənistanın hərbi-sənaye kompleksini ətraflı təhlil etmək olar. Lakin buna ehtiyac olmadan da təxmin etmək çətin deyil ki, söhbət böyük ehtimalla PUA texnologiyalarından, eləcə də aparat və proqram təminatı sistemlərindən gedir. Hazırda məhz bu sahə yeni istehsalçıların bazara daxil ola bildiyi nadir istiqamətlərdən biridir”, - deyə nəşr yazır.

Məqalədə vurğulanır ki, PUA və proqram təminatı sahəsində qlobal bazar hələ tam bölüşdürülməyib və rəqabət qabiliyyətli məhsulu olan yeni istehsalçılar bazara daxil olmaq imkanı əldə edə bilirlər. Ənənəvi silah bazarında isə vəziyyət fərqlidir.

“Tanklar, özüyeriyən haubitsalar və digər ağır silah sistemlərinin istehsalı çox böyük investisiyalar tələb edir. Bu bazarda artıq formalaşmış oyunçular mövcuddur və yeni iştirakçıların daxil olması olduqca çətindir”, - deyə məqalədə qeyd olunur.

Nəşr hesab edir ki, Ermənistanın Avropa istiqamətində müəyyən üstünlüklər əldə etməsinin səbəblərindən biri Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqı üçün daha məqbul tərəfdaş hesab edilməsidir.

“Avropa İttifaqı İrəvanın Avropa bazarına inteqrasiyasını sürətləndirmək üçün ona müəyyən üstünlüklər yaradır. Ermənistan cəmiyyətinə “Avropa bağı”nın cəlbedici olduğunu göstərmək istəyirlər”, - deyə müəllif yazır.

Məqalədə xatırladılır ki, Ermənistan hökuməti yaxın vaxtlarda mülki məhsulların ixracı ilə bağlı da hesabat təqdim edib və Avropa İttifaqına ixracın 90 faiz artdığını açıqlayıb.

Nəşr qeyd edir ki, silah ixracı ilə bağlı məlumatların yayılması fonunda müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Cifora” və “Davaro” şirkətlərinin strateji tərəfdaşlıq elan etməsi diqqət çəkib.

“Burada müəyyən mənada sirrin açarı görünür. Şirkətlərdən biri döyüş idarəetməsi üçün aparat və proqram həlləri hazırlayır, digəri isə müxtəlif tipli PUA-lar və uzaqdan idarə olunan silah sistemləri istehsal edir”, - deyə məqalədə bildirilir.

“Past” yazır ki, xüsusilə “Davaro” şirkəti son dövrlərdə bəzi məhsullarının İsrail texnologiyalarına bənzəməsi ilə bağlı ittihamlarla üzləşib. Şirkət isə bu iddiaları rədd edərək məhsullarının yalnız öz texnoloji həlləri əsasında hazırlandığını bildirib.

“PUA konsepsiyaları və konstruksiya sxemləri arasındakı müəyyən oxşarlıqlar imitasiya və ya kopyalama kimi qiymətləndirilə bilməz. Aviasiya və müdafiə texnologiyaları sahəsində beynəlxalq praktikada qəbul edilmiş universal mühəndislik və aerodinamik prinsiplər mövcuddur”, - deyə şirkətin açıqlamasında bildirilib.

Məqalədə qeyd olunur ki, bu məsələdə əsas narazılığın Azərbaycandan deyil, İsrailin texnologiyalarını kifayət qədər qorumadığını düşünən bəzi dairələrdən gəldiyi iddia olunur.

Nəşr daha sonra Ermənistanın hərbi-sənaye komitəsinin keçmiş rəhbəri Avetik Kerobyanın açıqlamalarına diqqət çəkir.

“Yüksək texnologiyalar naziri ilk silah ixracı ilə fəxr etməyə macal tapmamış, keçmiş komitə rəhbəri Avetik Kerobyan bəyan edib ki, Ermənistan əvvəllər də silah ixrac edib. Bundan sonra tərəflər arasında hansı məhsulun silah, hansının isə ikili təyinatlı məhsul hesab olunması ilə bağlı mübahisə başlayıb”, - deyə məqalədə vurğulanır.

Müəllifin fikrincə, Ermənistan tarixində ilk hərbi ixrac hadisəsinə həddindən artıq simvolik məna yüklənib. “Satılıbsa yaxşıdır, satılmayıbsa da bəlkə problemlər daha az olar. Əsas məsələ məhsulun kimə satılmasıdır”, - deyə müəllif qeyd edir.

Məqalədə vurğulanır ki, silahları alan ölkənin adı hələ də gizli saxlanılır və bu da müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olur. “Bu ölkə Avropa dövlətidirmi? Yoxsa başqa bir ölkə? Əslində təxmin etmək olar ki, Ermənistan hərbi ixracının əsas alıcısı özünü “Bu, Avropadır” adlandıran ölkə ola bilər. Əks halda bunu niyə gizlətsinlər? Ermənistan PUA-larının real döyüş şəraitində sınaqdan keçirilə biləcəyi əsas məkan kimi Ukrayna göstərilir”, - deyə məqalədə bildirilir.

Müəllif əlavə edir ki, Ermənistan eyni zamanda İranla münasibətlərini qorumağa çalışır və bu səbəbdən silah ixracı məsələsində əlavə həssaslıq nümayiş etdirə bilər.

“Lakin kim bilir? Paşinyan hakimiyyətinin indi yeni dostları və yeni oyuncaqları var”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA  


Bizi "telegram"da izləyin