Ordu.az xəbər verir ki, Strateji Kommunikasiyalar Mərkəzinin sədr müavini, kitabın layihə rəhbəri Əli Abdullayev tədbirdəki çıxışında bu istiqamətdə araşdırmanın Qarabağda fəaliyyət göstərmiş təhsil müəssisələrində tapılmış materiallar əsasında aparıldığını deyib.
O, araşdırma zamanı istifadə edilən 1000-dən çox materialda 3000-ə yaxın hal aşkarlandığını vurğulayıb:
"Dərsliklər, plakatlar, tədris vəsaitləri və arxiv materialları toplanaraq sistemli şəkildə təhlil olunub. Araşdırma zamanı istifadə edilən 1000-dən çox materialda 3000-ə yaxın hal aşkarlanıb. Həmin hallar QR kod vasitəsilə kitabda yerləşdirilib. Ermənistanda hazırlanmış xəritələrdə Naxçıvan "tarixi erməni ərazisi" kimi göstərilib".
Sədr müavini vurğulayıb ki, bu çərçivədə dərsliklər və ideologiya ədəbiyyatları İrəvanda hazırlanıb:
"Həmin materiallar dövlət orqanları tərəfindən nəşr edilib. Kitablarda nifrət halları təkcə azərbaycanlılara qarşı yox, Azərbaycanda yaşayan azsaylı xalqlara qarşı da yönəlib. Türklər barbar, azəbaycanlılar oğru və talançı adlandırılıblar".
Azərbaycan və Ermənistan araslnda sülh prosesinin davam etdiyini xatırladan Ə.Abdullayev Ermənistan məktəblərində tədris olunan Azərbaycana nifrət məzmunlu kitabların dövriyyədən çıxarılması məqsədəuyğun olduğunu qeyd edib.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov vurğulayıb ki, ermənilər həm sovet dönəmində, həm də SSRİ-nun süqutundan sonra Azərbaycan tarixini saxlaşdırdıqlarını diqqətə çatdırıb:
"Ermənistan məktəblərində istifadə olunan kitablarda uşaqlara azərbaycanlılara nifrətlə bərabər, bu torpaqların Azərbaycan xalqına məxsus olmamasını hər vəchlə öyrətməyə çalışırlar".
Milli Məclisin deputatı Rizvan Nəbiyevin sözlərinə görə, Ermənistanda Azərbaycana qarşı nifrətin müxtəlif mərhələlərdə və formalarda güclənməsi üçün dövlətin inzibati resurslarından istifadə olunub:
"Ermənistan Təhsil Nazirliyi ilə yanaşı, həmin ölkənin Elmlər Akademiyası da bu işdə fəal rol oynayıb. Buradar artıq dövlət siyasətindən söhbət gedir. Bir xalqın digər xalqa qarşı başladığı müharibədə silah ən son mərhələdə tətbiq olunur. Ona qədər isə ideoloji, diplomatik və digər vasitələrdən istifadə edilir. Biz Ermənistanın timsalında insanların ideoloji müharibələrə uşaq yaşlarından cəlb olunduqlarını görürük".
Qeyd edilib ki, hesabatda beynəlxalq hüquq və təhsil standartlarına istinad edilərək məktəb təhsilində nifrət nitqinin yolverilməz olduğu vurğulanıb. Təhsil sisteminin tolerantlıq, qarşılıqlı hörmət və inklüzivlik prinsiplərinə əsaslanmalı olduğu bildirilib.
Hesabatın müəllifləri Ermənistandakı müxtəlif dərslik və nəşrlərdə türklərin mənfi stereotiplərlə təqdim olunması, münaqişələrin birtərəfli izahı, tarixi hadisələrin ideoloji şərhlərlə təqdim olunması, müəyyən zorakı fəaliyyətlərin qəhrəmanlaşdırılması və xəritələrdə ərazi təqdimatları ilə bağlı problemlər aşkar etdiklərini diqqət çatdırıblar.
Hesabatda gəlinən nəticəyə görə, Ermənistanla bağlı təhlil edilmiş materialların bir hissəsində "düşmən obrazı"nın formalaşdırılması, etnik qarşıdurmanın gücləndirilməsi və tarixi hadisələrin siyasi məqsədlərlə təqdim olunması halları mövcuddur.
Ordu.az