Vens: “BAEA və ABŞ İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməsinə kömək edəcək”

2026/06/1781536630.jpg
Oxunub: 203     10:18     16 İyun 2026    
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və ABŞ İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsinə kömək etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “NBC News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ qarşılıqlı anlaşma memorandumunda öz əksini tapıb.

“Əslində, razılaşmanın əsas hissələrindən biri ondan ibarətdir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi və ABŞ İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməsinə kömək edəcək və bu, sənəddə çox aydın şəkildə qeyd olunub”, - deyə Vens bildirib.

ABŞ-nin vitse-prezidenti əlavə edib ki, qarşılıqlı anlaşma memorandumunun mətni cümə günü İsveçrədə keçiriləcək rəsmi imzalanma mərasimindən sonra dərc olunacaq.

Onun sözlərinə görə, nüvə yoxlamalarının başlanma tarixi də cümə günü müəyyən edilə bilər.

“Lakin biz gözləyirik ki, bu konkret məsələ ilə bağlı fikir ayrılıqları çox deyil və proses çox sürətlə həyata keçiriləcək”, - deyə vitse-prezident əlavə edib.

Vens qeyd edib ki, iranlılar bütün şərtləri yerinə yetirsələr, bundan fayda əldə edəcəklər.

“Ümid etdiyimiz də məhz budur”, - deyə o vurğulayıb.

ABŞ-nin vitse-prezidenti bildirib: “Mən İranın uğurlu ölkə olmasını istəyirəm, lakin yalnız o halda ki, uzunmüddətli perspektivdə nüvə silahının hazırlanmasından tam imtina etmək üçün lazım olan bütün addımları atsın”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   BAEA   ABŞ  


Bizi "telegram"da izləyin