G7-də İran və Hörmüz boğazı ilə bağlı vahid mövqe yoxdur

2025/09/1757735871.jpg
Oxunub: 193     23:51     15 İyun 2026    
İran məsələsi Fransada keçirilən G7 sammitinin ən mürəkkəb mövzularından birinə çevrilib və iştirakçı ölkələr arasında ortaq mövqenin formalaşdırılması ciddi çətinliklər yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi sammitdə iştirak edən rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Böyük Yeddilik” ölkələri İran ətrafında yaranmış vəziyyətlə bağlı gələcək addımlara dair vahid mövqenin müəyyənləşdirilməsi məsələsində problemlərlə üzləşiblər.

O həmçinin qeyd edib ki, sammitin yekununda birgə rəsmi hökumət bəyanatının qəbul olunacağını gözləyənlərin sayı çox deyil.

Mənbənin bildirdiyinə görə, G7-nin Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin artıq həftənin sonuna qədər tam bərpa olunacağına dair optimist yanaşmasını bölüşmür.

Onlar eyni zamanda akvatoriyanın minalardan təmizlənməsi və patrul fəaliyyətləri ilə bağlı öhdəlik götürməzdən əvvəl ABŞ ilə İran arasında əldə olunan razılaşmaların məzmununa aydınlıq gətirilməsini istəyirlər.

Digər yüksəkvəzifəli rəsmi bildirib ki, boğazdan keçən yük daşımalarının nəzərəçarpacaq dərəcədə artması üçün təxminən iki həftə vaxt tələb oluna bilər.

Onun sözlərinə görə, münaqişədən əvvəlki daşınma səviyyəsinə qayıtmaq isə daha uzun müddət çəkəcək.

Rəsmi əlavə edib ki, ABŞ ilə İran arasında imzalanacaq memorandum çərçivəsində Tehran 60 gün ərzində boğazdan keçən gəmilərdən ödəniş almayacaq.

Vaşinqton həmin müddəanın yekun sazişdə də yer alacağını gözləyir. Lakin sənədin tam mətninin nə vaxt dərc ediləcəyi hələ də məlum deyil.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ rəsmiləri də gəmiçiliyin tam bərpası üçün lazım olan vaxtla bağlı fərqli qiymətləndirmələr irəli sürürlər.

Onların bir qismi bunun təxminən iki həftə çəkəcəyini bildirir, digərləri isə prosesin artıq bu həftənin cümə gününə qədər başa çatacağını düşünür.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Hörmüz boğazının artıq qismən açıldığını və cümə gününə qədər tam şəkildə fəaliyyət göstərəcəyini bəyan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   İran   Hörmüz  


Bizi "telegram"da izləyin